AZ EN RU

Naxçıvanlı məhsul istehsalçıları beynəlxalq sərgidə iştirak edib

Sərgidə Naxçıvan Muxtar Respublikasının stendinin maraqdoğuran xüsusi cəhəti Naxçıvan fermerlərinin daha çox orqanik məhsullar yetişdirməyə üstünlük verməsi olub.

Naxçıvandan olan ailə təsərrüfatçıları və sahibkarlar üç gün davam edən sərgidə Naxçıvanın yerli istehsalı olan məhsullarla yanaşı, təbii dərman bitkiləri, meyvə quruları, yurdumuzun səfalı torpağından toplanan mövsümi bitkilər, müxtəlif turşular gətiriblər. Naxçıvan göycəsi, pendiri, lavaşı, dəstanası, qovurması sərgiyə gələnlərin və burada iştirak edən başqa rayon sakinlərinin diqqətini çəkib. Sərgidə iştirak edən bir neçə sahibkar və ailə təsərrüfatçısı təəssüratlarını bizimlə bölüşdü.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixracat üzrə mütəxəssisi Cahangir Həsənov qeyd etdi ki, şirkət bir neçə dəfə bu kimi sərgilərdə öz məhsullarını nümayiş etdirib. Əsas etibarilə “Sirab” mineral suları, “Ləzzət Biskvit və şokolad Fabriki”, “Ləzzət Qida Sənaye”, “Ləzzət Broyler” məhsullarının istehsalı və satışı ilə məşğuldur: – Bu sərgidə şirkətimiz 30 məhsul adı altında 300-dən çox çeşidi təqdim edir. Bu ildən etibarən “Ləzzet Konserv” müəssisənin  istehsal etdiyi “Juiz” və “Tammy” meyvə şirələrinin də istehsalına başlamışıq və onların da bu sərgidə təqdimatını edirik. Müəssisə həm yerli bazar, həm də xarici bazarda 10-dan çox ölkəyə məhsul ixrac edir. “Badamlı” mineral suları və müəssisəsi də “Ləzzət Qida Sənaye”nin tərkibinə qoşulub. Bu sərgidən ümidlərimiz böyükdür, yeni-yeni əməkdaşlıqlar, iş birlikləri formalaşdırmağa çalışırıq. Bu cür sərgilərin təşkili, Naxçıvan məhsullarının da burada sərgilənməsi məhsullarımızın tanıdılmasında və təbliğində böyük rol oynayır. Təşkilatçılara təşəkkür edirik.

“Orqanik Naxçıvan” PHŞ əməkdaşı Anar Əzizov bildirdi ki, sərgiyə maraq çoxdur. Burada dünya standartlarına uyğun müasir texnikalar da nümayiş olunur. Başqa regionlardan olan təsərrüfatçılarla da fikir mübadiləsi aparmaq maraqlı oldu. Naxçıvan qovurması və qurudulmuş dağ otları maraqla qarşılandı. Naxçıvan göycəsinin dadına baxmaq istəyən daha çox idi. Gözəl havası və torpağı olan Naxçıvanda təbii şəkildə yetişdirilən məhsullar diqqəti cəlb etdi.

Ordubad şəhər sakini Samiyə Həsənova sərgiyə Ordubad məhsulları ilə gəlib. Kürə paxlavası, sucuq və qayğanaq nümayiş etdirir. Bildirir ki, muxtar respublikaya ayrılan stenddəki Ordubad sucuğuna, alanasına, əriyinə, cəvizinə, xüsusilə də limona maraq çox oldu. Müsahibim qeyd etdi ki, buraya gələnlər bu məhsullardan satın almaqla yanaşı, yetişdirilmə qaydasını da öyrəndilər. Bu cür sərgilərin təşkili diqqətəlayiqdir.

Sədərək rayonunun Dəmirçi kənd sakini, ailə təsərrüfatçısı Zaur Cabbarov muxtar respublikada keçirilən festivalların və satış yarmarkalarının fəal iştirakçısıdır. O bildirdi ki, muxtar respublikanın sərhəd yaşayış rayonu olan Sədərəkdən bu sərgiyə rayona məxsus bir çox dərman bitkilərinin qurularını, müxtəlif meyvələr, qovurma, turşular, əriştə, mürəbbə, Sədərək dastanası gətiriblər. Sərgiyə marağın böyük olduğunu deyən müsahibim onu da qeyd etdi ki, onlar Naxçıvanı burada layiqincə təmsil etməyə çalışırlar. Sərgiyə ziyarətçi kimi gələn Şahbuz rayonunun Biçənək kəndindən olan ailə təsərrüfatçısı Abbas Hacıyevin bu sərgidəki ikinci iştirakıdır. O qeyd etdi ki, bu cür beynəlxalq sərgilərdə olub müasir kənd təsərrüfatı məhsulları, texnikaları ilə tanışlıqda yeni-yeni fikirlər əldə etdik.      

Bu gün sona çatacaq sərgidən xoş təəssüratlarla ayrılan həmyerlilərimiz orada qazandıqları təcrübəni öz əkin və bağlarında da həyata keçirməyə səylə çalışacaqlar. İnanırıq ki, orqanik məhsulları ilə ad qazanan qədim yurdumuz bundan sonra daha da böyük tədbirlərdə layiqincə təmsil olunacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 17.05.2024 18:07