AZ EN RU

Naxçıvanlı idmançıların bayram sovqatı

Qazanılan uğurlar əsl bayram ab-havası yaradıb

    Naxçıvan Muxtar Respublikasında gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzindədir. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühitinin gənclər arasında kütləviləşməsi üçün muxtar respublika rəhbəri tərəfindən sərəncam və fərmanlar imzalanır. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi uşaq, yeniyetmə və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar açıb. Dövlət proqramının əsas məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, insanların idmana cəlbinin kütləvi xarakter alması, istedadlı idmançıların üzə çıxarılması, maddi-texniki bazanın gücləndirilməsidir. Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il ölkəmizdə geniş şəkildə qeyd edilən 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar muxtar respublikamızda bəzi istedadlı idmançılarımızın fikirlərini öyrəndik.

    2009-cu il martın 17-də Naxçıvan şəhərində anadan olan Nərgiz Həsənli kiçik yaşlarından idmana böyük maraq göstərib. Onun aktiv uşaq kimi özünü göstərməsi ailənin diqqətindən yayınmayıb və Nərgizi sevdiyi idman növü olan karateyə yönləndiriblər. Bu qərar Nərgizin həyatında mühüm rol oynayıb. Məşqə başladığı ilk günlərdən məşqçilərin diqqətini cəlb edən Nərgiz qısa vaxt kəsiyində onların etimadını doğruldub. 2018-ci ildən yarışlarda mübarizə aparmağa başlayan qız idmançımız elə həmin il “Heydər Əliyev kuboku” uğrunda turnirdə ikinci, Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən çempionatda isə çempion olub. Bütün yarışlara ciddi hazırlaşan Qızlar Liseyinin 7-ci sinif şagirdi Nərgiz növbəti ildə müxtəlif çəki dərəcələrində beynəlxalq karate turnirinin, Bakı Milli Karate Federasiyasının açıq çempionatının, Batumi Beynəlxalq açıq çempionatının və “Arpaçay” Klubunun açıq çempionatının mükafatlarını qazanıb. Məhz həmin il Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan (12 yaş qrupu, 47 kiloqram) Nərgiz 2021-ci ildə Xorvatiyanın Porec şəhərində keçirilən Dünya kuboku uğrunda yarışın da iştirakçısı olub: “Avropa çempionatında uğur qazanmağımın əsl səbəbi məşqçilərin mənə etimadı və mükəmməl məşq keçmələrinin nəticəsidir. Bununla yanaşı, Türkiyənin Çanaqqala şəhərində təşkil olunan beynəlxalq turnirdə, Arpaçay açıq çempionatında və Naxçıvanda keçirilən Heydər Əliyev kuboku turnirində mükafat qazanaraq məşqçilərin mənə göstərdikləri etimadı doğrultdum. Ancaq bunlarla kifayətlənmək fikrində deyiləm. Məşqlərimə ara vermədən davam edirəm və qarşıdakı yarışlara ciddi hazırlaşıram. Çalışacağam ki, yaradılan şəraitdən maksimum istifadə edim və iştirak etdiyim bütün turnirlərdə uğur qazanım”.

    Uzun illərdir, atletika ilə məşğul olan Miryusif Seyidov 2004-cü ildə Ordubad rayonunda anadan olub. Hazır­da Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının üzvü olan idmançımız qazandığı uğurlarla idman ictimaiyyətinin diqqətini cəlb edib: “Uzun illərdir, atletikanın kross növü ilə məşğul oluram. Bu sahəyə yeni başlayarkən qarşıma bir məqsəd qoydum: sonadək mübarizə aparmaq. Muxtar respublikada keçirilən bir çox yarış və birinciliklərin qalibi oldum və müxtəlif mükafatlar qazandım. Lakin ən böyük məqsədim ölkə birinciliyində qalib gəlmək, Naxçıvanda istedadlı yeniyetmə və gənclərin atletikaya marağının nə qədər yüksək olduğunu göstərmək istəyirdim. Ötən il Bakı şəhərində atletikanın qaçış növü üzrə keçirilən Azərbaycan çempionatında ilk olaraq 1500 metr məsafədə gücümü sınadım və bürünc medal qazandım. Bir gün sonra isə 3000 metr məsafədə Azərbaycan çempionu adına layiq görüldüm. Bu mənim karyeram ərzində ən böyük uğurumdur. Bu uğuru əldə etmək üçün uzun müddətdir, dayanmadan əzmlə məşq edirdim. Təbii ki, burada məşqçilərimin də zəhməti böyükdür. Ölkə birinciliyində qalib olduqdan sonra beynəlxalq turnirlərdə iştirakım təmin edildi və İstanbulda 40 mindən çox idmançının iştirak etdiyi “İstanbul marafonu”nda mübarizə apardım. 43-cü dəfə keçirilən bu marafonda uğurlu çıxışıma görə sertifikat və medalla təltif olundum. Bu mənə və muxtar respublikada idmanla məşğul olan yeniyetmə və gənclərə göstərilən diqqətin nümunəsidir. Bizə yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirir, idmanı sevən hər bir kəsi 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edirəm”.

    Ötən il FIDE ustası adını qazanan Nəsrin Babayeva 2005-ci ildə Naxçıvan şəhərində doğulub. Atası Talıb Babayevin şahmatçı olması qızında da bu növə bilavasitə marağının yaranmasına səbəb olub. 2013-cü ildən etibarən Naxçıvan Şahmat Mərkəzində bu növün sirlərini öyrənməyə başlayan Nəsrin qısa vaxt kəsiyində uğurlu nəticələr əldə etməyə başlayıb. Şəhər və muxtar respublika birinciliklərində mükafata layiq görülən zəka sahibimiz 2017-ci ildə Salyan şəhərində keçirilən Azərbaycan çempionatının seçmə yarışlarında qalib adını qazanıb: “Bu mənim ölkə çempionatında ilk uğurum idi. Növbəti il bu yarışı ikinci pillədə başa vurdum. Lakin buna qədər Türkiyədə keçirilən bir sıra beynəlxalq turnirlərdə mükafata layiq görülmüşəm. Mənim üçün ən böyük sınaq isə Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında və Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasında iştirakım idi. Belə böyük yarışlarda təcrübə qazanmaqla yanaşı, həm də beynəlxalq əmsalımı yaxşılaşdırdım. Ümumiyyətlə, 2020-ci ildən etibarən federasiyamızın dəstəyi ilə bir çox beynəlxalq turnirlərdə mübarizə apardıq və bunun nəticəsidir ki, ötən il FIDE normasını dolduraraq bu ada layiq görüldüm. Təbii ki, bunların hamısı bizim üçün yaradılan şəraitin nəticəsində əldə edilib. Hazırda federasiyamız bizimlə mütəmadi olaraq maraqlanır, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə iştirakımız təmin edilir. Şahmatçılarımız adından bütün idman ictimaiyyətini bayram münasibətilə təbrik edirəm. Çalışacağıq ki, bizə yaradılan şəraitin nəticəsi olaraq daha böyük uğurlar əldə edək”.

    Muxtar respublikada yeni inkişaf mərhələsinə qədəm qoyan ağır atletika idman növü hazırda Azərbaycanın bu sahədə təməl bazası hesab edilir. Belə ki, Naxçıvanda yetişən uşaq və yeniyetmə idmançılar mütəmadi olaraq milli komandanın heyətinə cəlb edilir. Təbii ki, burada əsas amil idmançılara göstərilən diqqət və qayğıdır ki, bunun nəticəsini Tərmenxan Babayev qazandığı uğurlarla əyani sübut edib. Şərur rayon Ağır atletika bölməsinin digər yetirməsi Həsən Babayev də hazırda Azərbaycanın yeniyetmələrdən ibarət millisinin əsas üzvlərindən biridir: “Hər zaman bir məqsədim olub – iştirak etdiyim turnirlərdə, yarışlarda Naxçıvanı layiqincə təmsil etmək. Bunu mənə məşqə gəldiyim ilk gündən məşqçim, Azərbaycanın Əməkdar məşqçisi Şəfi Hüseynov da deyib. Ağır məşq prosesindən sonra ilk dəfə çıxış etdiyim Azərbaycan çempionatında gümüş medala layiq görüldüm. Etiraf edim ki, bu mənim daha səylə məşq etməyimə zəmin yaratdı və məqsədim yenidən keçiriləcək ölkə birinciliyində qızıl medal qazanmaq oldu. Məşqçimin də əziyyəti, zəhməti nəticəsində çıxış etdiyim bütün Azərbaycan çempionatlarında öz çəki dərəcəmdə 4 dəfə qalib adını qazandım. Bununla yanaşı, bir sıra ölkədaxili turnirlərdə mükafata layiq görülmüşəm. Ümumiyyətlə, əzm və şərait birləşdiyi an hər zaman uğur da olacaq. İndi əsas hədəfim milli komandanın heyətində beynəlxalq turnirlərdə uğur qazanmaq, bayrağımızı beynəlxalq arenada dalğalandırmaqdır”.
    İdmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin muxtar respublika rəhbəri tərəfindən daim diqqətdə saxlanılması, uğurla davam və inkişaf etdirilməsi, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, diyarımızda ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturunun qurulması qarşıdakı illərdə daha böyük uğurların əldə olunmasına güclü zəmin yaradır.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 04.03.2022 20:11