AZ EN RU

Naxçıvanlı həmvətənləri Naxçıvandan xəbərdar etmək naminə…

Müasir dövrümüzdə qlobal ünsiyyətin sosial şəbəkələr üzəridən aparılması artıq ənənə halını alıb. Yenilənən, daim inkişaf edən cəmiyyətimiz də, sözsüz ki, bu tendensiya ilə uyğunlaşmağa, onunla ayaqlaşmağa çalışır. Artıq istənilən halda, dünyanın hər yeri ilə əlaqə saxlamaq mümkündür. Və qeyd etdiyimiz kimi bu istiqamətdə, cəmiyyətə faydalı olacaq sosial platformaların mövcudluğu isə insanlarda kütləvi maraq doğurur. Təbii haldır. Çünki faydasız, maraqsız, bir o qədər də əsası olmayan məlumatların mövcud olduğu sosial mühitdə, insanlara fayda verəcək məlumatların, xəbərlərin təqdim edilməsi təqdirəlayiq haldır. Bu istiqamətdə yaradılan sosial şəbəkə hesabları isə nümunəvidir.

…Paytaxt Bakı şəhərində olarkən hava şəraiti ilə əlaqədar Nazim müəllimlə görüşə bilmədik. Qarın yağması, yolların buz tutması təyin etdiyimiz görüşü təxirə saldı. Ancaq müsahibəmizə mane ola bilmədi. Həmsöhbətim dəyərli pedaqoq, ssenarist Nazim Əkbərov ilə feysbuk sosial şəbəkəsində müəllifi olduğu “Naxçıvanlılar” qrupu barədə elə sosial şəbəkə vasitəsi ilə müsahibə aparmaq qərarına gəldik…

Nazim müəllim, ilk olaraq sizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız…

– Təşəkkür edirəm. Mən də sizə, doğma yurdum Naxçıvana, naxçıvanlılara və qəzetinizin yaradıcı kollektivinə qucaq dolusu salamlarımı çatdırıram.

Çox təəssüflər olsun ki, üz-üzə görüşüb söhbət edə bilmədik. Halbuki görüş barədə plan da qurmuşduq…

– Çox təəssüf… Təbiətin şıltaqlığıdır. Düzünü desəm, mən də görüşə həvəsli idim. Hətta müəllifi olduğum “Pərvanə ömrü” romanını da sizə hədiyyə etmək üçün ayırmışdım. Nə etmək olar. Ümid edirəm ki, növbəti günlərdə görüşə bilərik. Əsas odur müsahibəmiz alınsın. Bəli, suallarınızı cavablandırmağa hazıram…

Nazim müəllim, mövzumuz “Naxçıvanlılar” qrupu barədədir. Elə burdan başlayaq söhbətə. Maraqlıdır, bu gün 23 mindən çox üzvü olan bu qrup ölkənin izləyici sayına görə ilk sıralarda olan qrupudur. Bəs ideya müəllifi olduğunuz bu qrup necə yaranıb?

– Tamamilə təsadüfdən… Düzünü desəm, “Naxçıvanlılar” qrupunu yaratmazdan əvvəl belə bir ideya barədə düşünməmişdim. Xatırlayıram ki, yaxın dostumuz, rəfiqimiz, “Əhməd haradadır?” filminin sevimli aktyoru olmuş Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Elxan Qasımovun qardaşı rəhmətə getmişdi. Həmin hüzr məclisində rəhmətlik Elxan müəllimlə həmsöhbət oldum, hal-əhval tutdum. Elxan müəllimin bacısı Elmira xanım Qasımova da uzun illər muxtar respublikanın ictimai-siyasi həyatında fəallıq göstərən ziyalılarımızdan olub. Partiya Komitəsinin sədri və təhsil naziri işləyib. Elə həmin məclisdə Elmira xanımın da kefini xəbər almaq istədim. Ancaq onun da təxminən bir il əvvəl dünyasını dəyişdiyi eşidəndə, necə deyərlər, pərt oldum, təəssüf etdim. Üzüldüm. Həm belə bir ziyalını itirdiyimizə görə, həm də onun vəfatı ilə bağlı hər hansısa bir xəbəri ala bilmədiyimizə görə… Bundan 10-15 il əvvəl texnologiya indiki dövrdə olduğu qədər inkişaf etməmişdi. Mobil telefonlar bu qədər geniş yayılmamışdı. Təbii olaraq ünsiyyət də, əlaqə də xeyli çətin idi. Hətta mən sizə bir xatirəni danışım. Deməli, sovet quruluşunun mövcud olduğu illər idi. Telefonun çox az adamda olduğu illərdən söhbət edirəm sizə. Bizim bir ziyalı dostumuz var idi. “Onu bağışlamaq olarmı” filmində rol almış aktyor Əli Xəlilov. Yadımdadır ki, Əli müəllim həmin illərdə gününün böyük bir hissəsini Molokan bağında (indiki Xaqani bağı) keçirərdi. Əslən naxçıvanlı olduğu üçün paytaxt Bakıda yaşayan naxçıvanlılar da muxtar respublikada baş verən hadisələr, o cümlədən xeyir-şər məclisləri barədə xəbərləri Əli müəllimdən alardı. Naxçıvanda baş verən hadisələrdən, dünyasını dəyişənlərdən... Bir sözlə nə bilirdisə izimlə aid şəxslərə xəbər çatdırırdı. Əli müəllimin bu addımı da mənə ideya verib. Bu hadisədən çox sonra, təxminən 2010-cu ildə həmyerlilərimizlə xəbərləşmək məqsədi ilə ideya müəllifi olduğum “Naxçıvanlılar” qrupu yaratdım. Bax beləcə…

Nazim müəllim, hesab edirəm ki, qəzetimizin oxucularının böyük əksəriyyəti, eləcə də ziyalılarımız “Naxçıvanlılar” qrupunun üzvüdür…

– Nəinki Naxçıvandan, hətta paytaxt Bakı şəhərində olan naxçıvanlı, yaxud da digər regionlardan, rayonlardan olan vətəndaşlar, ziyalılar da qrupumuzu izləyir. Qrupumuzun üzvləri paylaşılan məlumatlara mütəmadi olaraq münasibət bildirirlər, hətta maraqlı rəylər də alırıq. Bir sözlə, maraq böyükdür. Hətta mən deyərdim paylaşılan məlumatlara istinad edənlər də az deyil. Dəfələrlə olub ki, hər hansısa bir məlumatı paylaşanda mənbə kimi “Naxçıvanlılar” qrupuna istinad verirlər, sosial şəbəkələrin dili ilə desək, qrupu teqləyirlər. Bu da, təbii olaraq mənim və qrupumuzun digər rəhbər üzvlərinin üzərinə düşən məsuliyyəti artırır.

– Məsuliyyət deyəndə yəqin ki, paylaşımlardaki informasiyaların, daha doğrusu, faktların düzgün olmasını nəzərdə tutursunuz…

– Əlbəttə. Bu gün insanların böyük əksəriyyəti sosial şəbəkə üzərindən məlumatları öyrənir. Düzünü desəm, mən də ölkəmizin gündəlik həyatı ilə bağlı olan maraqlı xəbərləri sosial platformalardan alıram. Və çalışıram ki, rəsmi xəbərlər paylaşan ictimai-siyasi məzmunlu şəbəkələri izləyim. Bilirəm ki, o platformalarda yayımlanan xəbərlər düzgün və operativ olur. Elə istər sosial qrup olsun, istərsə də geniş auditoriyaya xitab edən sayt; hər birinin başlıca məqsədi düzgün və operativ məlumat yaymaqdır. Çalışırıq ki, “Naxçıvanlılar” qrupunda da məlumatların düzgünlüyünə riayət edək. Elə fürsətdən istifadə edib qrupun moderatorlarına da öz təşəkkürümü çatdırmaq istəyirəm. Elmira Hacıyeva, Kənan Şərifov, Vaqif Şahsuvarov, Fərahim Sadıqov, bir sözlə, hər birinin zəhməti və diqqəti böyükdür. Təşəkkür edirəm ki, naxçıvanlı həmvətənləri Naxçıvandan xəbərdar etmək yolunda canla, başla xidmət edirlər.

  Nazim müəllim, məlumdur ki, bütün sosial qrupların müəyyən tələbləri var. Daha dəqiq desək, müəyyən mövzulara tətbiq etdiyi məhdudiyyətlər var. Yəqin ki, “Naxçıvanlılar” qrupunun da bu məhdudiyyətləri var…

– Doğrudur. Bilirsiniz, sosial platformalarda da, necə deyərlər, asayişi qorumaq, mübahisə doğuracaq məlumatları paylaşmamaq, hesab edirəm ki, vacib məsələdir. Elmi mübahisələrdən söhbət etmirəm. Məqsədim kütlənin ayrı-ayrı kateqoriyaları arasında fikir ayrılığı yaradacaq məlumatları, yaxud da bu qəbildən olan müxtəlif mövzuları paylaşmaq barədədir. Müxtəlif yanaşmalar, fikir ayrılıqları, təhqirə yol verməyin qarşısını almaq üçün  və daha nələr-nələr… Bizim məqsədimiz ölkəmizin müxtəlif bölgələrində yaşayan naxçıvanlılara, yaxud da Naxçıvanda yaxını, dostu, ailə üzvləri olanlara, eləcə də muxtar respublikamızın ictimai həyatında baş verənlər barədə məlumat çatdırmaqdır. Mübahisə və fikir ayrılıqları isə istər-istəməz qrupun reputasiyasını, yəni nüfuzunu da aşağı salır.

Nazim müəllim, bir iki kəlmə də muxtar diyarın 100 illik yubileyi barədə…

– Muxtar respublikamızın 100 illik yubileyi tarixi nailiyyətdir. Onun hansı situasiyada, necə şəraitdə, hansı tarixi hadisələrin, ictimai-siyasi proseslərin baş verdiyi bir zamanda əldə edildiyini düşünəndə insanı qürur hissi, fəxarət duyğusu bürüyür. Mən hesab edirəm ki, həqiqətən də muxtariyyətimiz qürurumuzdur. Və inanırıq ki, muxtar respublikamız bu zamana qədər dövlətçilik tariximizdə necə böyük siyasi rol oynayıbsa, bundan sonra Azərbaycan tarixinə, mədəniyyətinə töhfələr verəcəkdir. Mən bütün həmyerlilərimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə təbrik edirəm.

Çox sağ olun, Nazim müəllim. Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm.

 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 23.01.2024 11:30