AZ EN RU

Naxçıvanlı atletlər uğurlu yolda

    İdman sağlamlıqdır. Ölkəmizdə sağlamlığımızın qayğısına qalınır, bu mənada, idmanın inkişafına xüsusi diqqət göstərilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız respublikamızda, eləcə də ondan kənarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı şərəflə dalğalandırırlar. 

    Xüsusi qüvvə və çeviklik tələb edən atletika idman növünün də digər idman növləri kimi inkişafına şərait yaradılır, bu məqsədlə kütləvi yarışlar, yürüşlər təşkil edilir, yeniyetmə və gənclərin idmana cəlb olunması, idman yarışlarının kütləviliyinin artırılması məqsədilə tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, bu mənada, böyük rol oynayır. Federasiyanın məşqçi və idmançıları ölkə və beynəlxalq səviyyəli turnirlərdə uğurlar qazanırlar. 
    16-17 iyun tarixlərdə Bakı şəhərində 2006-2007-ci il təvəllüdlü gənclərin Atletika üzrə Azərbaycan Çempionatında muxtar respublika atletlərimiz 2-si qızıl, 3-ü gümüş olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Bu yarışda Sədərək rayonun atletləri fərqləniblər. Belə ki, Aysu Abbasova həm 1500, həm də 3000 metr məsafəyə qaçış yarışlarında rəqiblərini qabaqlayaraq qızıl medala, Ulduz Ələkbərova isə nüvəitələmə yarışında gümüş medala layiq görülüblər. Onlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunublar. 
    2018-ci ildə Naxçıvanda yetirmələrinə görə “İlin ən yaxşı məşqçi-müəllimi” adını alan Samil Hüseynov yetişdirdiyi idmançıların uğurları ilə bağlı sevincini bizimlə bölüşdü: – 18 ildir, Sədərək rayon Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi atletika idman növünə marağı, həvəsi, xüsusi qabiliyyəti olan uşaq, yeniyetmə və gəncləri hazırlayıram. Atletika fiziki hazırlıq tələb edən idman növlərindəndir. Hazırda atletika və voleybol üzrə məşqlər keçirəm. İstirahət günləri demədən yarışlara hazırlaşırıq. Yetirmələrimdən Naxçıvan və Azərbaycan çempionu adını alanlar, Bakıda müxtəlif klublarda oynayan idmançılarımız vardır. Hazırda məşq keçdiyim Aysu Abbasova 5 ildir, yanımda olmasına baxmayaraq, qaçış üzrə 10 dəfə qızıl medal qazanıb. Eyni zamanda gümüş və bürünc medalları da vardır. Aysu 16, 18 yaş qadınlarla da qaçır və ikinci, üçüncülükləri var. İyun ayında Bakı şəhərində keçirilən yarışda da Aysu 1500 və 3000 metr məsafəyə qaçışda qızıl medal aldı. O, 14 yaşında heç kimin çata bilməyəcəyi bir yerə çatıb və Azərbaycan yığmasının tərkibindədir. Sədərək rayon 1 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirən Aysu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına hazırlaşır. O, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin muxtar respublikanın bir qrup fəal gənci ilə görüşündə də iştirak edib. İlk dəfə təmsil olunmağına baxmayaraq, Ulduz Ələkbərova da nüvəitələmə yarışında ikinci yerə çıxdı ki, bu da Naxçıvanda bir ilk idi. Məktəbi bitirən Ulduz  bu il İdman Akademiyasına sənəd verib. Əminik ki, qəbul olunacaq və idman həyatına davam edəcək. 
    Samil müəllim deyir: – Bu ilin oktyabr ayında Şəkidə kross qaçışı üzrə yarışlar olacaq. Gələn il yanvarda qış çempionatı başlayacaq. İnanırıq ki, bu yarışlarda Naxçıvanımızı layiqincə təmsil edəcəyik. Daha güclü atletlərimizi Avropa çempionatına göndərməklə Avropadan Naxçıvanımıza medal gətirəcəyik. 
    İdmanda təbliğatın mühüm rol oynadığını bildirən müsahibim qeyd etdi ki, Sədərək rayonunda uzun illər uşaq, yeniyetmə və gənclərin idmana marağını gücləndirmək üçün təbliğat aparmışıq: – Valideynləri inandırmışıq ki qız uşaqları da həm oxuya, həm də idmanla məşğul ola bilərlər. İdmanla məşğul olmaq ilk öncə prinsipiallıq tələb edir, əziyyətlərdən qorxmamalısan. Həmişə öz tələbələrimə də deyirəm, qaç və yıxıl. Yıxıl ki qorxularını uda biləsən. Qorxularına qalib gəlməsən, böyük nəticələr qazana bilməzsən. Bununla yanaşı, idmançıların qidalanması ilə xüsusi məşğul oluruq. Bir idmançını bir yerə çatdırmaq üçün ən azı 4, 5 ilə ehtiyac vardır. 
    Samil müəllim voleybol idman növü üzrə qazandıqları uğurları da qeyd etdi: – Naxçıvanda ən yaxşı voleybol komandasını yaratmışam. Naxçıvan yığma komandasında 17 il oynamışam, uzun illər kapitanlıq etmişəm. 2016-cı ildə Naxçıvanda keçirilən voleybol üzrə Azərbaycan çempionatında üçüncü olduq. Oğlan voleybolçularımdan 3-ü hazırda Azərbaycan yığmasında oynayır. Voleybolda qızların sayını artırmışıq. Qızlarımızdan bəzilərini bu il, ya da gələn ildən komandaya salacağam. Övladlarımızın, gənclərimizin hər birinin uğuru mənim uğurumdur, hamısı qabağa getməlidir. Samil müəllim sonda muxtar respublikada idmanın inkişafına yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi. 
    Muxtar respublikada müxtəlif idman növləri üzrə qazanılan nailiyyətlər hamımızı sevindirir. İdmançılarımıza bundan sonrakı yerli və dünya əhəmiyyətli yarışlarda uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 06.07.2023 20:28