AZ EN RU

Naxçıvanlı alimlər Rusiya Dövlət Tarix Arxivində yeni materiallar toplayırlar

Ötən ilin oktyabr ayında Naxçıvanın tarixi, mədəniyyəti və başqa sahələrlə bağlı yeni arxiv materialları toplamaq üçün AMEA Naxçıvan bölməsinin iki əməkdaşı Ankaraya ezam olunub. Axtarışlar nəticəsində Türk Tarix Qurumu və Türkiyə Cümhuriyyəti Genel Qurmay Başqanlığı Hərb Tarixi və Strateji Araşdırmalar Başqanlığı Arxivindən, Xarici işlər Nazirliyi Türk Diplomatik Arxivi, Dövlət Arxivləri Başqanlığı Cümhuriyyət Arxivi, Dövlət Arxivləri Başqanlığı Osmanlı Arxivi, Milli Müdafiə Nazirliyi Hərbi Tahrir Arxivi fondlarından 500-ə yaxın sənəd toplanıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, həmin fəaliyyətin davamı olaraq bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Sankt-Peterburqa ezam olunublar. Əməkdaşlar hazırda Rusiya Dövlət Tarix Arxivində axtarışlarını davam etdirirlər.

 Nail ƏSGƏROV

Nəşr edilib : 05.06.2024 14:11