AZ EN RU

Naxçıvanlı 20 şagird qızıl, 24 şagird isə gümüş nişanla təltif olundu

Bu gün ölkəmizin hər bir bölgəsində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da prezident Cənab İlham Əliyevin diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur. 
2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. 
Dövlətimiz tərəfindən yaradılan hərtərəfli şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlmiş, istedadlı şagirdlərin sayı artmışdır. Şagirdlər yaradılan şəraitdən səmərəli   istifadə edərək öz bilklərini artırır, buraxılış və qəbul imtahanlarında, olimpiadalarda,  müasbiqələrdə uğurlar qazanırlar. Öz istedadı ilə seçilən şagirdlər dövlət qayğısı ilə əhatə olunur, onların öz bilik və bacarıqlarının artırılması üçün hərtərəfli şərait yaradılır. 
       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla  təltif olunma Qaydası”na uyğun olaraq   şagirdlərin qızıl və ya gümüş nişanla təltif olunması, onların adlarının  oxuduqları məktəbin “Şərəf kitabı”na yazılması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 
         2022-2023-cü tədris ili üçün də  Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev  ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən ölkə üzrə orta məktəbi bitirən 126 şagird qızıl, 95-i isə gümüş nişanla təltif olunub. Sevindirici haldır ki, qızıl nişanla təltif olunan 126 şagirdin 20-si, gümüş nişanla təltif olunan 95 şagirdin 24-ü  Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərinin şagirdləridir. Qeyd edək ki, ötən il muxtar respublika məktəblilərindən  19 məzun qızıl, 22 məzun isə gümüş nişanla təltif olunmuşdu. Qızıl və gümüş  nişan alan şagirdlərimiz  qəbul imtahanlarıda da müvəffəqiyyət qazanaraq 500-700 intervalında bal toplayıblar.
Bu il həmçinin tam orta təhsil bazasından  32, ümumi orta təhsil bazasından isə 88 şagird fərqlənmə  attestatına layiq görülüb.
                                     

                                                             Naxçıvan Muxtar Respublikası Təhsil
                                                    Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.07.2023 14:15