AZ EN RU

Naxçıvanlı 2 müəllim “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olub

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi kateqoriya üzrə, “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi”, “Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi”, “Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması” nominasiyaları üzrə keçirilib və müsabiqəyə, ümumilikdə, 1407  layihə təqdim  edilib. Daxil olan  layihələrin  279-u   ümumi  təhsil   müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələri olub. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə, 1398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb.
    “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nə  Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərindən 41 müəllim  qatılıb. Onlardan Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Samirə Abdullayeva MOC.org “Uğurun öyrənilməsi kursu” layihəsi ilə “Ümumtəhsil müəssisələri” kateqoriyası üzrə, Şərur rayon Kürkənd tam orta məktəbinin müəllimi  Günay Orucova isə “Mobil tətbiq  vasitəsilə riyaziyyatı asanlıqla öyrənək” layihəsi ilə fərdi kateqoriyada qalib olub.
    Məlumat üçün bildirək ki, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Samirə Abdullayevanın  layihəsinin əsas məqsədi MOC.org platformasının “Uğurun öyrənilməsi” kursunu Azərbaycan dilinə uyğunlaşdırmaqla şagirdlərin uğur qazanmalarına kömək etməkdir. MOC.org platforması gənclər üçün müxtəlif təlim paketləri təqdim edən beynəlxalq təhsil proqramıdır.
    Şərur rayon Kürkənd tam orta məktəbinin müəllimi  Günay Orucovanın  “Mobil tətbiq  vasitəsilə riyaziyyatı asanlıqla öyrənək” layihəsində isə məqsəd şagirdlərin  mobil tətbiqlərin köməyi ilə asan üsulla riyaziyyat fənnini sevdirmək, riyazi bacarıqları formalaşdırmaq və  bu fənnə maraq oyatmaq üçün müxtəlif beynəlxalq müsabiqələrdə iştiraklarını təmin etməkdir. Layihədə istifadə olunan tətbiq dünyanın ən populyar riyaziyyat öyrənmə platformasıdır və 10 milyon istifadəçisi ilə dünyanın ən çox yüklənən təhsil proqramıdır. 
    Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin keçirilməsində başlıca məqsəd prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi, təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsidir. Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlər müəyyən edilərkən nəzərə alınan ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir.
    Biz də müasibiqədə qalib olan müəllimləri təbrik edir, onlara uğurlar arzulayırıq.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.08.2023 16:13