AZ EN RU

Naxçıvanın yerli üzüm sortlarının DNT analizləri: nəticələr nəyi sübut edir?

    Hər bir xalqın daha qədim mövcudluq tarixi, əkinçilik mədəniyyəti ayrı-ayrı millətlərin məskunlaşdığı müvafiq bölgələrə məxsus kənd təsərrüfatında becərilən bitkilərin genofondunun zənginliyi ilə müşayiət olunur. Daha qədim xalqlar becərilən bitkilərin daha zəngin genofonduna malikdirlər. Müasir dövrdə dünyanın bu və ya digər regionlarında məskunlaşmış ayrı-ayrı millətlərin əkinçilik mədəniyyəti tarixində xalq seleksiyasına məxsus olan kənd təsərrüfatında becərilən müxtəlif bitki sortlarının genofondunun fərqli genetrik xüsusiyyətləri molekulyar DNT analizləri ilə aşkarlanır. Muxtar respublikamızın üzüm genofondunda ayrı-ayrı sortların DNT analizində genetik markerlərin, profillərin zənginliyinin özünəməxsusluğu ilə səciyyələnir.

    Hər bir xalqın tarixi əkinçilik mədəniyyəti dövründə kənd təsərrüfatında yeni yaradılan ayrı-ayrı becərilən sortlara özünəməxsus adlar verilməklə gələcək nəsillərə ötürülmüşdür. Belə adlandırmalar, əsasən, ərazinin, becərdiyi şəxsin, həmçinin sortun əmtəə xüsusiyyətləri ilə səciyyələnən irsi əlamətlərlə müşayiət olunur. Bu baxımdan Naxçıvan təbii iqtisadi bölgəsi də çox zənginliklərə malikdir. Burada xalqlar arasında ticarət, mədəni və kənd təsərrüfatı məhsullarının mübadiləsi nəticəsində iqtisadi əhəmiyyətli ayrı-ayrı bitki sortları müxtəlif dövlətlərin ərazisinə yayılaraq becərilməsinə başlanılmışdır. Vaxtilə Naxçıvan ərazisində becərilən çoxlu sayda üzüm sortları buradan keçən səyyahların, tacirlərin diqqətini cəlb etdiyindən, bu sortlar dünyanın bir sıra ölkələrinə yayılmış və müvafiq sinonimlərlə adlandırılmışdır. İranda, Rusiyada, Ukraynada, Ermənistanda, Gürcüstanda belə aborigen sortlarımız çoxluq təşkil edir. Hazırda ərazisi qədim türk torpaqları olan, indiki Ermənistan Respublikası adlandırılan Qərbi Azərbaycan ərazisində becərilən aborigen üzüm sortlarımız 1947-ci ildə rəsmi qaydada adları erməniləşdirilərək digər adlarla becərilməkdədir.
    Müasir dövrdə molekulyar genetika elminin sürətli inkişafı bitki növ və sortlarında molekulyar DNT analizlərinin aparılması yolu ilə ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin mənşəyini, hansı bölgəyə və xalqa məxsus olmasını aydınlaşdırmağa imkan verir. Bu istiqamətdə Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun yaxından köməyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasında becərilən 150-dən çox üzüm genofondundan mələyi, hənəqırna, uzunsalxımlı, Naxçıvan qara kişmişi, Naxçıvan çəhrayı kişmişi, Naxçıvan qırmızı kişmişi, qırmızı sahibi, qırmızı səabi, Naxçıvan inəkəmcəyi, əsgəri, nəqşəbi, misqalı və digər yerli sort nümunələri Almaniya Üzümçülük İnstitutuna göndərilərək molekulyar səviyyədə DNT analizindən keçirilmişdir. Əldə olunan nəticələrin dünya üzüm genofondu üzrə DNT analizləri ilə genetik müqayisəsi aparılmışdır. Nəticədə, bu bölgəyə məxsus olan üzüm sortlarında DNT molekulundakı genlərin lokuslarında regiona məxsus nukleotid ardıcıllığının olduğu aşkar edilmişdir. DNT analizlərində bu ərazidə becərilən üzüm sortlarının genotipində genetik profilləri əsasında unikal profillər, sinonimlər, omonimlər özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu tədqiqatların ən vacib nəticəsi olaraq Beynəlxalq Üzüm Sortları Kataloqu Bazasına təhrif olunaraq erməni, rus, Ukrayna və digər xalqların adları altında təqdim edilmiş üzüm sortlarımızın məhz Naxçıvan bölgəsinə mənsub bir mənşəyə malik olduqları aşkar edilmişdir. Bu da xalqımızın zəngin seleksiya nümunələrinə malik olduğunun göstəricisidir.
    Beləliklə, muxtar respublikamızda becərilən ayrı-ayrı üzüm sortlarının genetik DNT analizlərinin nəticələri əsasında onların mənşəyi, bu bölgəyə məxsus olması araşdırılır, qorunur, qədim dövrlərdən aparılaraq digər respublikaların ərazisində yayılan genotiplərin Beynəlxalq Üzüm Sortlarının Kataloqu Bazasında təhrif olunmuş əzəli adları bərpa edilir. Bu da bu bölgədə məskunlaşmış xalqımızın tarixən ən qədim və zəngin əkinçilik mədəniyyətinə malik olduğunu sübut edir.

Varis QULİYEV  
aqrar elmlər doktoru, dosent

Nəşr edilib : 03.11.2023 19:21