AZ EN RU

Naxçıvanın “Yeni era”sı - FOTOLAR

    Bu yaxınlarda Naxçıvanda fəaliyyətə başlamış “Yeni era” Uşaq və Gənclər Teatrı muxtar diyarımızda teatr sənətinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biridir. Bu uşaq-gənclər teatrı, eyni zamanda Naxçıvanda yaradılmış ilk müstəqil teatrdır. Teatrın yaradıcısı, Prezident mükafatçısı Səyyad Məmmədovla da elə bu mədəniyyət kollektivinin yaranması və gələcək planları haqqında söhbət edib fikirlərini öyrəndik. 
    Əvvəlcə onu diqqətə çatdıraq ki, Səyyad Məmmədov Naxçıvanda uşaq teatrının yaranmasında iştirak edən ilk aktyorlardan olub. Elə həmin dövrdən Naxçıvanda müstəqil teatr yaratmaq fikrinə düşən müsahibimiz arzusunu bu il reallaşdırıb.  
    Müsahibimiz bildirir ki, bu teatrı yaratmaqda əsas məqsəd uşaqlarda interaktiv biliklərin aşılanması, xalq nağıllarını özündə ehtiva edən tamaşaları səhnələşdirmək, həmçinin onların intellekt səviyyələrinin inkişafına müsbət təsir göstərməkdir. Bununla yanaşı,  teatr incəsənətin bir sahəsi olduğu üçün uşaqlarla ünsiyyətin qurulması baxımından da böyük əhəmiyyətə malikdir.
    Səyyad Məmmədov onu da bildirdi ki, uşaqlarla yanaşı, valideynlər də tamaşalarda yaxından iştirak edirlər. Onlara da bu cür interaktiv tamaşalara övladları ilə birgə baxmaq xoş olur. Çünki interaktiv tamaşa düşündürücü olduğu üçün uşaqlar həmin anda aktyorlarla, həm də valideynləri ilə tamaşa haqqında dialoqda ola bilirlər. Eləcə də aktyorların sərbəstliyi, yaradılan imkanlar uşaqların əylənmələri üçün asudə vaxtlarının daha da səmərəli təşkilinə şərait yaratmış olur. İnteraktiv tamaşaların digərlərindən fərqi şou xarakterli əyləncələrin olması, sehrbazlıq nümunələrinin nümayişi, balaca tamaşaçıların həmin tamaşadan müxtəlif hədiyyələr qazanması və o hədiyyələri bir xatirə kimi saxlamaları teatrı onlar üçün daha yaddaqalan edir. 
    Həmsöhbətimizdən teatrın fəaliyyəti barədə ətraflı danışmasını xahiş etdik: – Uşaq və Gənclər Teatrı fərqli məzmunlarda tamaşalar hazırlamağa imkan verir. Xüsusilə mono, uşaq və böyüklər üçün nəzərdə tutulmuş tamaşalar hazırlayırıq. Yaradıcı heyət olaraq ssenariləri yazmaqda sərbəstik. Dövrün, günün tələbinə uyğun olaraq tamaşaçı ilə ayaqlaşmağa çalışırıq. Bununla bərabər, tamaşalara kiçik qəhrəmanlarımızı da dəvət edib onların marağına səbəb olan “face art”dan (üzboyama) istifadə etmələrinə şərait yaradırıq. Bu zaman uşaqlar da özlərini tamaşanın qəhrəmanları kimi hiss edirlər. 
    Söhbətimizə ömrünün çox hissəsini teatr səhnəsinə həsr etmiş Prezident mükafatçısı Zəminə Məmmədova ilə davam edirik. İllərdir, peşəkar səhnələrdə rol alan Zəminə xanım qeyd edir ki, bu cür müstəqil teatr tamaşalarında iştirak etməsi onun üçün də bir yenilikdir. Təbii ki, bu işdə gənclərə dəstək olmaq, dəyərli məsləhətlərini bölüşmək onu təcrübəli aktrisa kimi çox sevindirir. Xüsusilə uşaq və gənclərlə bağlı tamaşaların hazırlanmasının gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını xatırladır. Söhbətimizin bu yerində Səyyad müəllim bildirir ki, hazırda teatrda peşəkar aktyorlarla yanaşı, iki azyaşlı aktyor da iştirak edir. Böyüklərlə birgə səhnədə rol alan uşaqlardan biri orta məktəb şagirdi Cəbrayıl Səfərli, digəri isə dördyaşlı Hüseyn Məmmədovdur. Azyaşlı olmaqlarına baxmayaraq, səhnədəki bacarıqları tamaşaçıların marağına səbəb olur.
    Müsahibimiz yeni teatrın fəaliyyəti üçün maddi-texniki bazanın zəif olduğunu da bildirir və qarşıya çıxan çətinliklərin zamanla həll olunacağına ümid edir. Hələlik isə teatrı uşaq və gənclərə sevdirmək üçün muxtar respublika çərçivəsində qastrol səfərlərinin təşkilini planlaşdırdıqlarını deyir. Eyni zamanda bu səfərlərin yeni istedadların teatra cəlb olunmasında da müəyyən rolu olacağına ümid edir. Qardaş Türkiyə Respublikasına da belə qastrolların təşkilinin faydalı olacağını düşünür. 
    İlk tamaşanın bu il iyunun 10-da baş tutduğunu deyən həmsöhbətimiz növbəti tamaşanın böyüklər üçün nəzərdə tutulmuş Əli Əmirlinin “Bala-başa bəla” adlı ikihissəli epataj komediyası olacağını da bildirir. İyunun 26-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində səhnələşdirəcək tamaşanın uğurlu alınacağına da ümidli olduğunu söyləyir. 
    Bu fikirlərin təsdiqini premyeradan sonra söhbətləşdiyimiz balaca tamaşaçıların da dilindən eşitdik. Tamaşanın ilk izləyicilərindən olan Jalə Həsənli deyir ki, bu tamaşanı izləmək üçün valideyni ilə birgə Culfa rayonundan gəlib. Tamaşada olan personajları canlı izləmək, onlarla birgə gün keçirmək onun çox xoşuna gəlib. Digər söhbətləşdiyimiz balaca tamaşaçı isə Abbas Yusifov oldu. Balaca İsmayıl deyir ki, tamaşada keçirdiyimiz vaxt ərzində tamaşanı izləməklə yanaşı, həm də çox əyləndik. Tamaşanı bu cür canlı izləmək televizor və internetdən izləməkdən daha maraqlı gəldi.  İstəyirik ki, bu cür tamaşalar davamlı olsun.
    Biz isə bu yeni teatr kollektivinə işlərində uğurlar arzu edib, bu sahədə görülən işlərin uşaq və gənclərin mədəni səviyyəsinin yüksəlməsində mühüm rolu olacağını müsahibimizin diqqətinə çatdırırıq. İnanırıq ki, “Yeni era” yenilikləri ilə gələcəkdə hər birimizi sevindirməyi bacaracaqdır. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 21.06.2023 18:24