AZ EN RU

Naxçıvanın xilası və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

    1990-cı illərin çətin günlərində xalqına dayaq olan, öz canını təhlükəyə atmaqdan çəkinməyib yurdumuza qayıdan, yoxdan varı yaradan bir insanın yaşadığı dövrdə yaşamaq, Onun mübarizəsinə şahidlik etmək, dahi rəhbərin uzaqgörənliyi ilə ümidsizlikdən işıqlı gələcəyə addımlamaq qismətimiz oldu bizim. Heç yadımdan çıxmaz, dahi şəxsiyyəti ilk dəfə həmin çətin günlərin birində Şərur şəhərinin mərkəzində yerləşən Azadlıq meydanındakı mitinqdə görmüşdüm. Meydanda minlərlə insan var idi. Ulu Öndər şux addımlarla meydanın ortasına gəlib kürsüdə öz yerini tutdu, əlini havaya qaldırıb hamını salamladığı anda izdihamlı meydana sükut çökdü. Hamı susdu, hər kəsin diqqəti Ona yönəldi. Dediyi hər cümlə alqışla qarşılanırdı. İnsanların sevincinin həddi-hüdudu yox idi. Hər kəs Onu yaxından görmək, dediyi kəlmələri duymaq istəyirdi. Dahi rəhbər çıxışını bitirdikdən sonra oraya toplaşan insanlarla, Sədərəkdə gedən şiddətli döyüşlərdə iştirak etmək üçün orada olanlarla söhbət etdi. İnsanlar Ona böyük ümid bəsləyir və bütün çətinliklərdən Ulu Öndər Heydər Əliyevin köməyi ilə çıxacaqlarına inanırdılar. Həmin illərdə Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına ona inadla müqavimət göstərir, torpaqlarımız igid oğulların şücaəti, canı-qanı bahasına qorunurdu. Digər tərəfdən isə qədim yurdumuzun blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərik. Nə mavi yanacaq var idi, nə işıq. Sərhədimizə amansız hücumlar edilir, başımıza yağdırılan bombalar yurdumuzu xarabaya çevirir, əzizlərimiz gözlərimizin önündə qurban gedirdi. Həmin illərdə çox çətin sınaqla müharibə və ondan da betər olan aclıqla üzləşmişdi naxçıvanlılar... Bütün bunlara baxmayaraq, qazandığımız müstəqilliyi itirməməyə səy göstərir, torpağımızı qoruyur, bir addım belə geri çəkilmirdik.Yurdumuzun sakinləri bir olduqca, çiyin-çiyinə verdikcə sanki bəlalar bizdən qorxub geri çəkilirdi. Dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, bütün məsələlərin öz həllini tapacağına inanırdılar. Naxçıvan sakinləri ilə bərabər qazsız, işıqsız, soyuq, şaxtalı günlərdə çıraq işığında yaşayıb, gərgin əmək sərf edərək böyük nailiyyətlərin təməlini atdı yurdumuzun dahi oğlu. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçib gərginliyi aradan qaldırsın. İlk olaraq düşmən hücumlarının qarşısı alındı, nizamlı ordu, qonşu dövlətlərlə diplomatik əlaqələr yaradıldı. Ümummilli Liderimiz Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O, gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada müasir Azərbaycanın təməli atıldı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. Həmin illərdə Naxçıvanda baş verənlər ölkə ictimaiyyəti tərəfindən yaxından izlənilirdi. Baxmayaraq ki, mərkəzi hakimiyyət Naxçıvanı “kor bağırsaq” adlandırıb, onu kəsib atmaq istəyir, buradakı hadisələrə laqeyidliklə yanaşırdı. Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurları isə göz qabağında idi. Və bunu görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Bir tərəfdən Azərbaycanın cənnəti Qarabağ düşmən tərəfindən işğal edilir, digər tərəfdən isə Gəncə şəhərində qiyam baş verir və qardaş qardaşa güllə atırdı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Dahi rəhbər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki qalmadı... Onun Bakıya qayıdışı xalqın sevincinə səbəb oldu. 1993-cü ilin iyunundan paytaxta qayıdan dahi rəhbər oktyabrın 3-də keçirilən prezident seçkisində 97,6 faiz seçici fəallığı ilə səslərin 98, 8 faizini alaraq Azərbaycan Prezidenti seçildi.

Ümummilli Liderimiz sovetlər dönəmində yüksək vəzifələrdə çalışdığı illərdə də 
Naxçıvanı daim diqqət mərkəzində saxlayıb

    SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Naxçıvanı unutmayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə Qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”. 
    1969-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə yüksəlib. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1969-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb. Ümummilli Liderimizin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirilib və nəticədə, 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Təkcə bunlarla da kifayətlənməyən dahi rəhbər ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlayıb, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək səslə səsləndiriblər. Görkəmli dövlət xadimi Moskvada rahat yaşaya bilərdi. Ancaq O, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də O, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər.

Daim çiçəklənən, inkişaf edən, abadlaşan diyar – dahi şəxsiyyətin arzularındakı 
Naxçıvan

Azərbaycan Prezidenti seçilən Ümummilli Liderimiz ölkə başçısı olduğu illərdə də Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasətinin böyük uğurlarının, sadəcə, bir hissəsidir. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantına çevrildi. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşələ çevrildi. Həmin illərdə qədim diyarda aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı. 
    Bu gün dövlətimizin başçısının böyük diqqət və qayğısı, fədakar naxçıvanlıların gərgin zəhməti nəticəsində muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb. Muxtar respublikamızın bütün bölgələrində vüsət alan geniş quruculuq prosesləri ucqar dağ kəndlərinin, sərhəd yaşayış məntəqələrinin də simasını dəyişib. Muxtar respublika sakinləri şəhərlərimizin, kəndlərimizin abadlaşdırılması, yeni-yeni gözoxşayan binaların, sosial obyektlərin inşa edilməsi istiqamətində görülən işləri Ulu Öndərimizin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər.

Zəngəzur dəhlizinin açılması Naxçıvanın inkişafına əvəzolunmaz töhfə verəcək

Xalqımızın Ümummilli Liderinin “Mən Ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” kəlamının deyildiyi vaxtdan cəmi 18 il sonra zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində Böyük Qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa səbəb olacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir. Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Ümummilli Liderimizin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün Ulu Öndərimizin işıqlı yolu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük nailiyyətlərlə davam etdirilir. Ötən ilin son günlərində ölkə başçısının muxtar respublikamızda apardığı islahatlar da buna əyani sübutdur. Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanvarın 10-da keçirilən doqquzuncu sessiyasında səsləndirdiyi “Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir” fikirləri yurdumuzun daha da gözəl sabahlara addımladığından xəbər verir. 
    Hələ uşaq ikən ilk dəfə Onu gördüyüm o günlərdən illər keçib, mən də bu Vətənin digər bəxtəvər övladları kimi yurdumuzda, Vətənimizdə dahi rəhbərin qurub-yaratdıqlarını görə-görə yaşadım, böyüdüm. Gözümüzün önündə yenidən quruldu yaşadığımız kəndlər, şəhərlər. Abadlaşdı, gözəlləşdi. Çox xoşbəxtəm ki, bunlara şahidlik etməklə yanaşı, onları qələmə də ala bilmək şərəfinə nail olmuşam. Həqiqət budur ki, mənin kimi yüzlərlə insanın dahi rəhbərə olan məhəbbəti, Onun Vətənimiz üçün gördüyü işlər nə məqalələrə, nə kitablara sığmaz. Çünki O, bir əbədi dastandır. Xalqının ürəyində yer alan dastan. Min illər keçsə də, yaddaşlara, ürəklərə həkk olunan, nəsillərdən-nəsillərə yadigar qalacaq dastan.

 Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 03.05.2023 20:56