AZ EN RU

Naxçıvanın xarici ticarət əlaqələrində bu ölkələr üstünlük təşkil edib

Ölkəmizdə özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi Naxçıvan Muxtar Respublikasında da rəqabətqabiliyyətli sahibkarlıq mühitinin yaradılmasına şərait yaradıb. Özəl sektorda yeni yanaşmaların tətbiqi, xüsusilə yerli xammal potensialından istifadə edilməklə ixracyönümlü məhsul istehsalına nail olunması əsas istiqamət kimi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Artıq bu istiqamətdə müxtəlif tədbirlərin icrasına başlanılıb. Xüsusilə də ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk 6 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib, sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib. Həmçinin müvafiq qurumlar tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb və bundan 55,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələr 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxil olmalar isə 2 dəfə artıb.

Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərindən biri ixracyönümlü məhsul istehsalı üzərində qurulub. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Buna görə də istehsalla yanaşı, məhsul ixracının marketinqi də diqqət mərkəzində saxlanılır. Nazirliyin məlumatına görə, bu ilin ilk yarısında Naxçıvan şirkətlərinin xarici ölkələrdə 7-si sərgi olmaqla, 8 beynəlxalq tədbirdə iştirakı təmin edilib. Bununla bərabər iqtisadi fəallığın artırılması, ixracyönlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə Ankarada Türkiyə Respublikasının Ticarət Nazirliyində, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində yüksək səviyyəli görüşlər keçirilib. Paralel olaraq Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin may ayında muxtar respublikaya səfəri çərçivəsində qarşılıqlı görüşlər keçirilib, xarici ticarət dövriyyəsinin artırılması və sərhədyanı ticarətin yarada biləcəyi imkanlar müzakirə olunub. Həyata keçirilən bu kimi tədbirlər xarici ticarət dövriyyəsinin də inkişafına təsir göstərib, nəticədə, yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 65,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7,6 faizi ixrac olunmuş məhsulların, 92,4 faizi isə idxal məhsullarının payına düşüb. Muxtar respublikada istehsal olunan məhsullar, əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, Yəmən, Qırğızıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunub. İxrac məhsulları içərisində mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsulları üstünlük təşkil edib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 19.07.2024 14:47