AZ EN RU

Naxçıvanın xarici ticarət dövriyyəsində ilk yeri Türkiyə tutur

Azərbaycanda özəl sektorun inkişafı, istehsalın genişləndirilməsi və ixrac potensialının artırılması istiqamətində nühüm tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özəl sektorda həyata keçirilən sistemli islahatlar ölkəmizdə makroiqtisadi sabitliyə nail olunmasına, sosial rifah göstəricilərinin yüksəlməsinə öz təsirini göstərib. Bunun nəticəsidir ki, 2003-cü illə müqayisədə ümumi daxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara, valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 69,5 milyard dollara, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə düşüb. Hazırki dövrdə isə rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyatın formalaşdırılması qarşıda duran əsas iqtisadi hədəf kimi müəyyənləşdirilib. Bu hədəf  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikasında da özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi sağlam, rəqabətqabiliyyətli sahibkarlıq mühitinin yaradılmasına şərait yaradıb. Təsadüfi deyil ki, muxtar respublikanın yerli xammal potensialından istifadə olunmaqla ixracyönümlü məhsul istehsalına nail olmaq əsas istiqamət kimi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında öz əksini tapıb. Artıq bu istiqamətdə müxtəlif tədbirlərin icrasına başlanılıb. Xüsusilə də sənaye parklarının yaradılması, ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir.

Təbii ki muxtar respublikada sağlam biznes mühitinin yaradılması xarici investorların da regiona marağını artırır. Bu günlərdə Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qarşılıqlı mühüm görüşlər keçirməsi bunu bir daha təsdiq edir. Həmin görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin  müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov  bildirdi ki, Naxçıvan və Türkiyə arasında ticarət dövriyyəsinin artım tendensiyası davam edir. Belə ki, 2024-cü ilin ilk 4 ayı ərzində qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub, Türkiyəyə ixracın həcmi  ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Ümumilikdə, Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon  dollar olub ki, burada da Türkiyənin payı 52,7 faiz təşkil edib. Bəs muxtar respublikanın Türkiyə ilə idxal-ixrac əməliyyatlarında hansı məhsullar üstünlük təşkil edir?

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu gün Naxçıvandan Türkiyə Respublikasına ixrac edilən əsas məhsullar mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarıdır. Qardaş ölkənin isə Naxçıvana ixracatında ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edir.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici kapitallı şirkətlərin 78 faizini Türkiyə şirkətləri təşkil edir. Eyni zamanda muxtar respublikada iqtisadiyyatın müxtəlif  sahələrində Türkiyə iş adamları ilə birgə və ya müştərək əsaslarla yaradılmış 146 sahibkarlıq  subyekti qeydiyyata alınıb ki, bunun da 55 faizi aktiv fəaliyyət göstərir.

Bunu da əlavə edək ki, dünya təcrübəsində xarici ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar önəmli məsələlərdən hesab olunur. Qardaş ölkədən gəlmiş nümayəndə heyəti ilə görüşdə bu haqda da müzakirələr aparıldı və  konkret addımların atılmasının vacibliyi vurğulandı. Buradan isə o nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə olunacağına ümid edə bilərik.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.05.2024 16:06