AZ EN RU

Naxçıvanın “vağzal çörəyi” digər çörəklərdən niyə fərqlənir?

Bu çörək Naxçıvanda çox məşhurdur, necə deyərlər, həm adı, həm də dadı ilə tanınır. Elə indinin özündə də çörək üçün mağazaya gedən alıcılar ilk olaraq bu çörəyi soruşurlar. Xüsusi resepti olmasa da, hazırlanma texnologiyası illər əvvəl olduğu kimidir. Naxçıvanlıların “vağzal çörəyi” adlandırdıqları bu çörəyi, elə naxçıvanlıların dili ilə desək, yavan yemək belə nəyə desən dəyər. Bəs bu “vağzal çörəyi”ni sakinlərə sevdirən nədir və ən əsası bu müqəddəs nemət necə hazırlanır?

İlk olaraq qeyd edək ki, “vağzal çörəyi” kimi tanınan çörəyin bişirildiyi müəssisə vaxtilə şəhərdəki dəmiryol vağzalının yaxınlığında yerləşdiyindən əhali də çörəyin adını elə bu cür adlandırıb. O ki qaldı “vağzal çörəyi”nin hazırlanmasına bu proses belə  gedir:

İlkin mərhələdə un anbardan ələk vasitəsilə ələnib bunkerlərə vurulur. Sonra isə həmin undan lazım olan çəkidə ayırıb su ilə birgə xəmir qazanlarına doldurur və iş xəmiryoğuran mikserlərin öhdəsinə buraxılır. Burada əsas amillərdən biri xəmirin tərkibinə heç bir qatqı maddəsinin əlavə olunmamasıdır. Ən əsası isə “zavod çörəyi” tunel sobada bişirilir. Bunun özünəməxsusluğu ondadır ki, uzunluğu 25 metr və 3 kameradan ibarət tunel sobadakı birinci kamerada xəmirin tutuşması və şişməsi, ikinci kamerada çörəyin bişməsi və artıq nəmliyin buxarlanması, üçüncü kamerada isə isti hava qapaqlarının açılıb-bağlanması ilə çörəyin normativlərə uyğun olaraq qızardılmasını təmin edilir. Bu texnoloji proseslərdən sonra ortaya keyfiyyətli məhsul çıxır.

Beləliklə, on illərdir, süfrələrimizin ənənəvi dadına dad qatan “vağzal çörəyi”nin qeyri-adi bir resepti yoxdur. Heç bir qatqı maddəsinin olmaması, ənənəvi hazırlanma texnologiyasına sadiqlik və ən əsası bu işi sevgi ilə görmək “vağzal çörəyi”nin əsl keyfiyyətini təşkil edir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.02.2024 12:50