AZ EN RU

Naxçıvanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində və liseylərdə  “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Təhsil Nazirliyinin əməkdaşları, məktəb direktorları, valideynlər, ictimaiyyət nümayəndələri çıxış edərək müəssisələrin qazandığı uğurlardan, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb, məzunları təbrik ediblər.  
Tədbirlər  məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bir neçə təhsil müəssisəsində “Son zəng” tədbirlərində iştirak edib və  məzunlar,  onların valideynləri, müəssisələrin  kollektivləri ilə görüşüb, məzunları təbrik edib, gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb.  
Heydər Əliyev adına tam orta məktəbin "Son zəng" tədbirində iştirak edən təhsil naziri 2023-2024-cü  tədris ilinin uğurlarından söz açaraq son dövrlərdə muxtar respublikada  təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.  Qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət proqramları, reallaşdırılan layihələr təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
 Nazir vurğulayıb ki, bu il muxtar respublikanın 212 ümumtəhsil məktəb və liseyindən  3500 məktəbli məzun olur. Məzunlar bu ilki buraxılış imtahanlarında yüksək nəticələri ilə yadda qalıb. Belə ki, son üç ilin nəticələrinə nəzər saldıqda ilk dəfə olaraq 4 məzun Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmçinin 749 məzun 200-300 intervalında bal toplayıb ki,  bu da son üç ili ən yüksək nəticəsidir.  "Müqayisə üçün bildirək ki, ötən tədris ilində 295 məzunumuz 200-300 bal intervalında nəticə göstərib", - deyən Elxan Nəcəfov diqqətə çatdırıb ki, Dövlət İmtahan Mərkəzi də  açıqlamasında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında ən yüksək nəticəsinə görə  muxtar respublikanın ümumtəhsil məktəblərinin  ikinci yerdə  olduğunu bildirib.
Qeyd edək ki, 2023-2024 tədris ilində Naxçıvanda ümumtəhsil məktəbləri və liseylərdən  3500 məktəbli məzun olub.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.06.2024 14:38