AZ EN RU

Naxçıvanın turizm potensialı Mərkəzi Asiyada tanıdılmışdır

    20-22 aprel 2022-ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində “KİTF 2022 – Qazaxıstan Beynəlxalq Turizm Sərgisi” keçirilmişdir. Dünyanın 15 ölkəsinin 250-yə yaxın turizm şirkəti və təşkilatının iştirak etdiyi sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur. 2001-ci ildən etibarən hər il təşkil olunan “KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. Sərgidə Azərbaycanın milli stendində 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Duzdağ” hotel iştirak etmişdir.    

    Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikasının stendi qurulmuş, muxtar respublikanın turizm potensialı təbliğ olunmuşdur. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı və mövcud turizm məhsulları barədə geniş məlumat verilmiş, eyni zamanda muxtar respublikanın sağlamlıq turizm potensialı ziyarətçilərə təqdim olunmuşdur. 
    Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin fotoşəkilləri nümayiş etdirilmiş, diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar və Duzdağ Fizioterapiya Mərkəzinin möcüzəvi effekti sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazır­lanmış bukletlər, “Naxçıvan  4 fəsildə” kitabı,  eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilmişdir.
    Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə müxtəlif görüşlər keçirilmişdir.
    Sərgi zamanı xarici turoperatorlara Naxçıvan Muxtar Respublikası haqqında geniş məlumat verilərək buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına köməklik göstərilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.04.2022 20:27