AZ EN RU

Naxçıvanın turizm potensialı Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunur

    Zəngin turizm potensialına malik olan Naxçıvan, insanlarının qonaqpərvərliyi, qədim tarixi, gözoxşayan təbiəti ilə gələn qonaqları özünə heyran qoyur. Muxtar respublikanın turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur. Naxçıvan Muxtar Respublikasının turizm potensialı bu gün dünyanın müxtəlif ölkələrinin turizm bazarında yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilər, tədbirlər vasitəsilə öz əhatə arealını genişləndirərək istehlakçılara çatdırılır. Muxtar respublikada turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatımızın prioritet istiqaməti kimi inkişaf edir. Muxtar respublikanın əlverişli coğrafi mövqeyə, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması, yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin inkişafına geniş imkanlar açır. Muxtar respublikada turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar buraya turist axınını şərtləndirən əsas amillərdəndir.

    Naxçıvan Muxtar Respublikasının turizm potensialı, ilk növbədə, buranın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti, özünəməxsus mətbəxi ilə şərtlənir. Eyni zamanda son illərdə muxtar respublikada müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin muxtar respublikaya marağını artırır.

    Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə diyarımızın turizm zənginlikləri geniş təbliğ olunur. Bu tədbirlərin davamı olaraq  ərəb turizm bazarında muxtar respublikanın turizm potensialının daha geniş auditoriyaya çatdırılması məqsədilə “TTN” jurnalında məqalə dərc edilmişdir. Məqsəd muxtar respublikada turizmin inkişafını sürətləndirmək, ölkənin turizm potensialını ərəb bazarına çıxarmaq,  ərəb turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək və bölgəni cəlbedici turizm destinasiyası kimi tanıtmaqdır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda turizm sahəsində marketinq strategiyasının əsas hədəf bazarlarındandır. “TTN” jurnalında Naxçıvan haqqında məqalənin dərc olunması turistlərin muxtar respublikaya cəlb olunmasına istiqamətlənmiş addımlardan biridir.

    Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin tətil maraqları, əsasən, şəhər tətilləri, ailəvi istirahət yerləri, alış-veriş, təbiət və ekoturizm, SPA və tibbi müalicə, idman tədbirləridir. Birləşmiş Ərəb Əmirlikləri mənşəli turistlərin səfəri üçün vizasız rejim, təhlükəsizlik, qonaqpərvərlik, eyni dinə mənsubluğumuz, milli mətbəx, 4-5 ulduzlu hotellərin mövcudluğu, tarixi mədəni irs və digər unikal turizm məhsulları bu destinasiyanı seçmələrinə təsir göstərən əsas üstünlüklərdəndir. Bildiyimiz kimi, turistlər dünyada ən çox pul xərcləyən səyahətçilər sırasındadırlar. 

    “Azərbaycana, Naxçıvana səfər” adlı məqalədə ölkənin bu qədim diyarının turizm potensialı ilk olaraq belə təqdim olunur: “İstər gözəl təbiət mənzərələri, istər tarixi abidələr, istərsə də qastronomik səyahət axtarışınızdan asılı olmayaraq, Naxçıvan hər növ turistin istədiyini tapa biləcəyi bir məkandır. Qədim tarix və heyranedici təbiətin belə birləşməsi sizə unudulmaz tətil təcrübəsi təklif edir”.
    Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi mədəni abidələrimiz əyilməzlik simvolu olan, Şərqin Maçu Piçusu kimi tanınan Əlincə qalası, bölgənin zəngin tarixi və mədəniyyətini özündə əks etdirən, Şərq qadınına ucaldılan nadir memarlıq abidəsi Möminə xatın türbəsi, Naxçıvan xanlığının iqamətgahı olan xan sarayı, müqəddəs “Qurani-Kərim”in surələrindən birində adı keçən Əshabi-kəhf mağaraları kimi tarixi turizm məkanları haqqında məlumat verilir: “Naxçıvan sizi şərqin Maçu Piççusu kimi tanınan Əlincə qalası kimi yerləri ziyarət edərək tarixə səyahət etməyə səsləyir. Bu orta əsr qalası sıldırımlı bir dağın başında yerləşir. Naxçıvanın bu tarixi incisini görmək üçün 1500 pillə qalxmaq heyranedici mənzərə ilə mükafatlandırılacaq. Bölgənin zəngin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün nadir memarlıq abidəsini – XII əsrə aid Möminə xatın türbəsini ziyarət etmək lazımdır. Bu abidə nəinki sizə estetik zövq verəcək, həm də türbə üzərində yazılmış dərin fəlsəfi mesajlarla ruhunuza toxunacaq. Tarixi səyahət burada bitmir və sizi möhtəşəm Şərq üslubunda tikilmiş Naxçıvanın xan sarayına aparır. Zəngin ornamentli döşəmələri şəbəkə – vitrajlı saray XVIII əsrin ortaları – XX əsrin əvvəllərində Naxçıvan xanlığının iqamətgahı olub. Naxçıvanın bu memarlıq inciləri bəşəriyyət tarixini kəşf etmək səyahətində eksklüziv görməli yerlər axtaran bütün mədəniyyətsevərlərin ziyarət etməli olduğu yerdir.

    Naxçıvan büründüyü əfsanə və sirləri ilə tanınır. Əshabi-kəhf mağaraları “Qurani-Kərim”in surələrindən birində adı keçən unikal məkandır. Kompleks Naxçıvandan, təqribən, 12 kilometr şərqdə yerləşir və yerli əhali tərəfindən ən çox gedilən ziyarətgahlardandır. Növbəti sirli və maraqlı yer bizi eramızdan əvvəl 4-cü minilliyə aparır. Nuh türbəsinin yerləşdiyi güman edilən diqqətinizi çəkəcək. Əfsanələrdə deyilir ki, Dünya tufanı zamanı Nuhun gəmisi bu dağa toxunmuş, zərbə nəticəsində zirvəsi haçalanmışdır. Bu tarixi möcüzə keçmişin sirlərinə pərdələr açır və onları hər bir ziyarətçi ilə bölüşür”.
    Nuh türbəsinin yerləşdiyi güman edilən Naxçıvandan Ordubada gedərkən Haçadağın ecazkar mənzərəsinin də təsvir olunduğu məqalədə rekreasiya turizmi üçün unikal məkan kimi istirahət və müalicə məqsədilə muxtar respublikaya səyahət tövsiyə olunur: “Naxçıvanın şəhərkənarı ərazilərinin sakitliyi və ecazkar mənzərələri Batabat gölündə cəm olmuşdur. Bu möhtəşəm təbiət mənzərəsi Şahbuz rayonunda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Ərazi, xüsusən çöl çiçəklərinin açdığı mövsümdə və gölün ortasında “Üzən ada”sı ilə görənləri özünə heyran edir. Göl insana rahatlıq verən atmosferə malikdir və Naxçıvan şəhərindən kifayət qədər qısa məsafədə (65 km) əlçatanlığı ilə diqqəti cəlb edir. Şəhərdən gölə gedən yolda dramatik şəkildə dəyişən mənzərələrin şahidi olacaqsınız. Təəccüblü deyil ki, göl həm yerli sakinlər, həm də turistlərin mükəmməl bir ailəvi həftəsonu keçirməsi üçün məşhur gəzinti yeridir. Şahbuz ərazisi həm də çiçək ətri və qızılgül dadı olan bal istehsalı ilə tanınır”.
    Naxçıvanın qastronomik səyahət baxımından əhəmiyyətliliyi də ərəb jurnalistlərin diqqətini cəlb etmişdir: “Ümumiyyətlə, Naxçıvan qastronomik səyahətə dalmaq üçün əla yerdir. Yerli quzu pörtləməsi, qovurma şorbası kimi yerli yeməklərin bir çoxu hələ də qədim ənənəyə uyğun olaraq bişirilir və saxlanılır: yer altında, saxsı qablarda. Naxçıvanda quzu ətindən hazırlanan yeməklər çox məşhurdur və buna görə də mütləq “dadlı qala” adlı təamı dadmalısınız: təndirdə bişmiş qabırğa, qarabaşaq yarması, kartof və pomidorla süfrəyə verilir. Ərazinin şərqində yerləşən Ordubada səfər edəndə məşhur qayğanağın və müxtəlif təzə meyvələrin dadına baxmalısınız”.
    Qədim diyarın müalicəvi turizmin potensialı əhəmiyyətliliyi haqqında məqalədə yazılır: “Buraya səyahət edənlərə müxtəlif təcrübələr təqdim etməyə qadir bir diyardır. Ən orijinal duz terapiyası təcrübəsi üçün Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən Duzdağa üz tutmalısınız. Bu keçmiş duz mədəni tənəffüs yolları xəstəliklərinin müalicəsi məqsədilə fizioterapiya mərkəzinə çevrilib. İstər keçmiş mədən tunelləri boyunca yerləşən rahat otaqlarda gecələyən bir xəstə, istərsə də, sadəcə, tunelləri ziyarət edən turist olmağınızdan asılı olmayaraq, hər iki təcrübədə müalicəvi duzla nəfəs aldığınız zaman ağciyərinizin funksiyası yaxşılaşacaq”. Heç şübhəsiz ki, məqalə ərəb turizmin diqqətini qədimliklə müasirliyi çuğlaşdığı, gözəlliklər məskəni diyarımıza yönəldəcək, bu turizm zənginliklərinin canlı şahidi olmaq istəyənlərin sayı daha da artacaq.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti 
​​​​​​​

Nəşr edilib : 08.09.2022 19:28