AZ EN RU

“Naxçıvanın turizm könüllüləri” üçün Naxçıvan şəhərində yerləşən tarixi abidələrə və muzeylərə piyada turizm marşrutu təşkil edilib

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvanın turizm könüllüləri” üçün Naxçıvan şəhərində yerləşən tarixi abidələrə və muzeylərə piyada turizm marşrutu təşkil edilib. Qrafikə əsasən könüllülər ilk olaraq Heydər Əliyev Muzeyində olmuşlar. Burada könüllülərə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 1999-cuil fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında könüllülərə məlumat verilmişdir.

Daha sonra “Naxçıvanın turizm könüllüləri” C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində olmuşlar. Muzeyin bələdçisi ətraflı məlumat verərək bildirmişdir ki,  muzey 1965-ci ildə yaradılmışdır. Muzey fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.

Cəmşid Naxçıvanski Muzeyində olan könüllülərə bildirilib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski xalqımızın qürur mənbəyidir. Bu böyük vətən oğlunun, generalın ata yurdunda onun ev muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin  təşəbbüsü ilə olub.  22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyi açılıb.

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan könüllülərə muzey haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. Könüllülər burada nümayiş olunan arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi ilə tanış olmuşlar.

Sonda isə könüllülər Xatirə Muzeyini ziyarət ediblər. Muzeyin bələdçisi mədəniyyət müəssisəsinin yaranma tarixi və ekspozisiyası haqqında məlumat vermiş, bildirmişdir ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb.

Sonda könüllüləri maraqlandıran suallar muzey bələdçiləri tərəfindən cavablandırılmışdır.

Nəşr edilib : 25.04.2024 17:18