AZ EN RU

Naxçıvanın turizm könüllüləri loqosunun təqdimatı olub

    Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvanın turizm könüllüləri loqosu”nun təqdimatı keçirilib. Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin icraçı direktoru Cəbi Quliyev dövlətin gənclər siyasətindən danışıb.

    Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov  bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni hotel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir standartlara uyğun istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayını ilbəil artırıb. 
    Qeyd olunub ki, muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılıb. Belə ki, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm işinin təşkili ixtisasları üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən sözügedən ixtisasda təhsil alan tələbələr  Turizm Departamentinə hamiliyə verilib. Tədris ili ərzində bu istiqamətdə tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Həmçinin bu ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə “Turizm könüllüsü” layihəsinə start verilib. 
    Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov könüllülərə “Naxçıvanın turizm könüllüləri loqosu”nu təqdim edərək loqonun üzərindəki simvollar  barədə məlumat verib.
    Tədbirin sonunda muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxa baxış olub, layihəyə yeni qoşulan turizm könüllüləri ilə könüllülük müqaviləsi bağlanıb.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Nəşr edilib : 07.05.2022 20:23