AZ EN RU

Naxçıvanın strateji yüksəklikləri güclü müdafiə sistemi ilə təmin olunub

  Naxçıvanda ordu quruculuğu işi həyata keçirilən dövlət siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Muxtar respublikanın təhlükəsizliyinin hər zaman ölkəmiz üçün prioritet olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialını dəfələrlə artırmışdır. Ötən dövrdə ordunun maddi-texniki bazası təkmilləşdirilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş ruhu yüksəldilmişdir. Görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür.

     Silahlı Qüvvələrimizin muxtar respublikadakı birləşmə və hissələrinin 2018-ci ildə Günnüt Zəfəri və Vətən müharibəsindəki qəhrəmanlığı Ordumuza olan böyük inamı artırmaqla yanaşı, onun döyüş qabiliyyətinin yüksəldilməsinə də öz təsirini göstərmişdir. Həmçinin hər il plana uyğun olaraq hərbi birləşmələrin müxtəlif yönümlü təlimlərə cəlb edilməsi də şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə töhfəsini  verməkdədir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrə getməsi, xidmətin vəziyyəti ilə maraqlanması şəxsi heyətin vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur. Xüsusilə sərhəd bölgələrində yerləşən hərbi hissələrin xidmət şəraitinin Ali Məclisin Sədri tərəfindən diqqət mərkəzində  saxlanılması bu sahədə görülən işlərin ana xəttini təşkil edir. Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Havuş və Buzqov istiqamətlərindəki döyüş bölgələrinə səfəri də bu istiqamətdəki mövqelərimizdə xidməti şəraitin ən yüksək səviyyədə təmin olunduğunu bir daha ortaya qoyur.    
    Havuş kəndi Şərur rayonunun ucqar dağ və sərhəd kəndlərindən biridir. Bu yaşayış məntəqəsi ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Keşişkənd (Yexeqnadzor) rayonu istiqamətindən daim hücumlara məruz qalırdı.  Həmçinin Babək rayonunun Yuxarı Buzqov kəndi də həmin dövrdə dəfələrlə erməni silahlı birləşmələrinin hücumlarına hədəf olmuşdu. Bu hücumlar nəticəsində hər iki kənddə dağıntılar qeydə alınsa da, onların qarşısı alınmış, yaşayış məntəqələri qəhrəmanlıqla müdafiə olunmuşdur. Sonrakı illərdə isə uğurla həyata keçirilən ordu quruculuğu işləri çərçivəsində muxtar respublikanın bütün ucqar sərhəd bölgələrində lazımi müdafiə istehkamları qurulmuş, əsgər və zabitlərimiz üçün yüksək xidməti şərait yaradılmışdır. Havuş və Buzqov istiqamətlərinin müdafiə mövqelərində xidməti şəraitin yaxşılaşdırılması da bu sahədə görülən işlərin davamıdır. 
    Qeyd edək ki, yuxarıda adıçəkilən hər iki bölgə yüksək dağlıq relyef, payız və qış mövsümlərində sərt hava şəraitinin hakim olduğu mövqelərdir. Burada görülən işlərə, əsasən, iki tərəfdən yanaşmaq olar: sərhəd bölgəsində hərbi mühəndis tədbirlərinin yerinə yetirilməsi və xidmətin təşkili.
    İstənilən döyüş bölgəsində mövqelərin mühəndis-texniki cəhətdən təşkil edilməsi ən mühüm hərbi vəzifələrdən hesab olunur. Xüsusilə müdafiə istehkamlarının əraziyə görə planlaşdırılması, mühəndis qurğularının, ümumilikdə isə mövqelərin düşmən hücumlarına qarşı hazırlığı və dayanıqlığı məxsusi əhəmiyyət kəsb edir. Buna paralel olaraq döyüş mövqelərinin maddi və texniki təchizatının yüksək səviyyədə təşkili üçün həmin istiqamətlərdə təminat yollarının təkmilləşdirilməsi, ərazinin elektrik, su, qaz (yaxud digər yanacaq növləri) ərzaq, tibbi və digər  ləvazimatlarla təminatı xidmətin, eləcə də döyüş hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. Yuxarıda adıçəkilən Havuş və Buzqov istiqamətlərində də şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqənin yenidən tikilməsi, onların elektrik enerjisi, təbii qaz və məişət avadanlıqları ilə təmin olunması, 4 məntəqədə isə əsaslı təmir-bərpa işlərinin görülməsi, eyni zamanda mövqelərarası 20 kilometrdən artıq elektrik xəttinin yenisi ilə əvəz olunması, əlavə olaraq 6 kilometrə yaxın yeni təminat yolunun çəkilməsi burada görülən işlərin həcmini təsəvvür etməyə imkan verir. Bununla yanaşı, bütün mövqelərdə ərzaq, əşya, su, yanacaq və odun ehtiyatının yaradılması qış fəslində bu sahədə heç bir çətinliyin yaşanmamasına imkan verəcək. Görülən işlər çərçivəsində təqdirolunası hal həm də ondan ibarətdir ki, belə döyüş mövqelərində sənaye işığı ilə yanaşı, bərpa olunan enerji mənbələrindən də istifadə olunur ki, burada da, əsasən, günəş panellərindən istifadəyə üstünlük verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu döyüş mövqelərindəki komanda müşahidə məntəqələrini ziyarət edərək mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuş, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Burada xidmət edən hərbi qulluqçular da Ali Məclisin Sədrinə öz minnətdarlıqlarını bildirmiş, düşmənin hər hansı təxribatına layiqincə cavab veriləcəyini qeyd etmişlər.
    Yekun olaraq onu qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasının təkcə Havuş və Buzqov istiqamətlərində deyil, bütövlükdə, Ermənistanla bütün şimal sərhədləri boyunca strateji yüksəklikləri güclü müdafiə sistemləri ilə təmin olunub. Şəxsi heyətin yüksək döyüş hazırlığı, yaradılmış xidməti şərait düşmənin istənilən təxribatına ən layiqli şəkildə cavab verməyə imkan verir.

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 25.10.2022 19:36