AZ EN RU

Naxçıvanın şeir tablosu

Yeni nəşrlər

    “Şərurun səsi” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur” ədəbi birliyi bu gün Azərbaycan ədəbiyyatına və elminə bəxş etdiyi tanınmış alim və şairləri ilə qürur duymaqda haqlıdır. İlk qələm təcrübələri ilə məhz bu dərnəyin məşğələlərində iştirak edən, məsləhətlər alan onlarla qələm sahibi bu gün ölkəmizdə tanınır.
    Ötən bazar günü keçirilən məşğələdə öz qələm təcrübələrini iştirakçılara təqdim edən Sabrina Gültəkin hazırda rayonun Aralıq kənd tam orta məktəbinin IX sinfində təhsil alır. Dərs əlaçısı olan məktəbli şeir həvəskarının ilk kitabı ötən il – VIII sinifdə oxuyarkən işıq üzü görüb. “Mənim anam mələkdir” adlanan bu nəşrin ayağı sayalı olub. Bundan sonra o, “Şəhid Vüsalın dastanı”, “Mahnın da, adın da dastana döndü”, “Mənim doğma Naxçıvanım” adlı şeirlər və poemalar kitabları ilə oxucuların görüşünə gəlib. Qeyd edək ki, “Mənim doğma Naxçıvanım” adlı kitabından əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc şeir həvəskarını qəbul edərək ona tövsiyələrini verib, gələcəkdə daha böyük uğurlar arzulayıb. “Şərur” ədəbi birliyinin növbəti məşğələsində həmin poemanın “Şahbuz-Batabat” parçasını oxuyan  Sabrinanın doğma yurdumuzun hər bir guşəsinə vurğunluğunu hiss etmək çətin deyildi. Həmin gün mənə də yeni kitabını təqdim edən Sabrina Gültəkinin “Mənim doğma Naxçıvanım” poeması Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Doğma Naxçıvana məhəbbətlə dolu ürək” adlı ön sözü ilə açılır. Yeri gəlmişkən qeyd edim ki, poemanın hər sətrində belə, qədim diyarımıza məhəbbətin ifadəsini görürük.
   Proloq, doqquz nəğmə və epiloqdan ibarət poemanın ilk sətirlərindən müəllif bu qədim yurd yerinin tarixinə ekskurs edir; özünəməxsus ifadə tərzi ilə oxucunu da o tarixə aparır:

        Tarixlər şahidi ulu Naxçıvan!
        Mənim ana yurdum, doğma məkanım.
        Mən sənə vurğunam əzəldən bəri,
        Səndən doyarammı, ey Naxçıvanım?

    Nuhdan üzü bəri gələn yolda yaşanmış təzadlarla dolu tarixin səhifələri vərəqləndikcə gözlərimiz önündə qürur duymağa layiq məqamlar yaddaşımıza yazılır. Yadellilərə, torpağımızın yeraltı və yerüstü sərvətlərinə, torpağımıza göz dikənlərə qarşı mətanətlə, yurd sevgisi ilə cavab verənlərin qəhrəmanlığı qarşısında baş əyirik; Naxçıvanın yetişdirdiyi Əcəmi, Mirzə Cəlil, Hüseyn Cavid, Yusif Məmmədəliyev və başqaları ilə fəxr etməkdə haqlı olduğumuzu təsdiq edirik.
    Bir azdan müəllif bizi rayonlarımıza aparır. Yaxşı cəhət kimi qeyd edək ki, müxtəlif bölgələrimizin tərənnümündə hər rayonun özünəməxsus gözəlliklərini rəssam fırçası ilə poetikləşdirməyə çalışır:

        Sədərək – yurdumun qeyrət qalası,
        Burada insanlar məğrurdur, mərddir.
        Bir qeyrət simvolu olub Sədərək
        Dosta mehribandır, düşmənə sərtdir,

    –  deyən Sabrina Gültəkin bugünkü Naxçıvanın simasını yeni ştrixlərlə oxucuya təqdim edir. Poemada bütöv bir Naxçıvan tablosu yaratmağa səy göstərən gənc şeir həvəskarının ilham aldığı bu tablo Naxçıvanı yaxından tanımayanlara da tanıdır. Ötən gün təhsil aldığı məktəbdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitabın təqdimatında bu barədə geniş danışılıb. Təbii ki, 15 yaşlı bir məktəblinin ürəyindən süzülərək ərsəyə gələn “Mənim doğma Naxçıvanım” poeması Sabrinanın uğuru sayıla bilər. Biz də ona həm təhsildə, həm də gələcək bədii yaradıcılığında yeni uğurlar arzulayırıq.      

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 23.02.2022 18:33