AZ EN RU

Naxçıvanın qız atletlərindən növbəti uğur

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib. 8-9 iyun tarixlərini əhatə edən yarış Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. Azərbaycanın 15 müxtəlif bölgəsindən 300-ə qədər idmançının iştirak etdiyi yarışa Naxçıvan Atletika Federasiyası 4 idmançı ilə qatılıb. Atletlərimizin çıxışı uğurlu olub. Son dönəmlərdə ardıcıl nailiyyətlərlə fərqlənən Aysu Abbasova ona bəslənilən ümidləri növbəti dəfə doğruldub. Sədərəkli atlet həm 1500 metr (5:41.95), həm də 3000 metr məsafə (12:20.17) üzrə bütün rəqiblərini geridə qoyaraq iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
    Məşqçi Samil Hüseynovun digər yetirmələri də mükafatçılar sırasına düşə bilib. Zülfiyyə Süleymanova 3000 metr məsafədə ikinci, Səkinə Əliyeva 1500 metr məsafədə üçüncü, Zeynəb Babayeva isə 800 metr məsafədə üçüncü olub. Bu nəticələrlə Naxçıvan atletləri ölkə birinciliyini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 10.06.2022 20:56