AZ EN RU

Naxçıvanın qədim tarixi, abidələri, insanlarının qonaqpərvərliyi yaponların da diqqətini çəkib

    “Günəş” Uşaq Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Ulduztravel” tur xidmətlərinin təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” adı altında 50 nəfər yaponiyalı turistin Naxçıvana ikigünlük səfəri təşkil edilib. Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib və Heydər Əliyev Muzeyi ilə tanış olublar. Qonaqlara Ulu Öndərin Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin formalaşmasında və inkişafındakı rolu barədə məlumat verilib, muzeydə görkəmli dövlət xadiminin Yaponiyanın imperatoru  və baş naziri ilə görüşündən fotoların nümayiş etdirildiyi vurğulanıb. Daha sonra Möminə xatın türbəsi, “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi, Qarabağlar türbəsi və digər gəzməli-görməli yerlərlə tanışlıq olub. Qonaqlar səfər təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər:

    Taro Sawada – “TET İnternational Development” LLC şirkətinin prezidenti və icraçı direktoru: – Artıq 6-cı ildir, Azərbaycana gəlib­-gedirəm. Azərbaycanda kənd təsərrüfatında tütünçülük ən çox diqqət yetirdiyimiz sahədir. Zaqatala, Şəki, Oğuz, Tovuz kimi rayonlarda  dörd istehsalat məntəqəsində əkindən, məhsulun ixracına qədər bütün istehsal şirkətimiz tərəfindən icra edilir. Qürur hissi keçiririk ki, Yaponiyanın dostu olan Azərbaycan Respublikasının iqtisadi inkişafına və əsasən, kənd təsərrüfatı sahəsində işgüzar fəaliyyət göstərməklə Azərbaycan və Yaponiya arasında sıx əlaqələrin yaradılmasına töhfə veririk. O cümlədən Azərbaycanın tarixi, mədəniyyəti, təhsili sahələrində də maraqlıyıq. Naxçıvana üçüncü dəfədir, gəlirəm. Hər dəfə gəldikcə Naxçıvanın qədimliyini, Azərbaycanda ən təmiz bir şəhər olduğunu görürəm. Biz yaponların qədim tarixə çox marağı vardır və qərara gəldim ki, Naxçıvanın tarixini yaxından öyrənim. Buranın qədimliyini gördüm və  buradakı mədəniyyəti və insanların qonaqpərvərliyini hiss etdim. Tam gəzdikdən sonra 50 nəfər həmvətənimi Naxçıvana dəvət etdim. Bura gəlməkdə məqsədimiz həm də Naxçıvanda istehsal olunan təbii qida məhsullarının Yaponiyaya idxal məsləhətlərin dəyərləndirməkdir. Çalışacağıq ki, Naxçıvan məhsullarının Yaponiyada satışını təşkil edək, sərgilərdə iştirakı təmin edək və gələcəkdə Naxçıvan-Yaponiya arasında ticarət əlaqəsi quraq. 
    Yoko İshizone:  – Kanaqava prefekturasından gəlmişəm. Səyahət yazarı kimi fəaliyyət göstərirəm. Azərbaycanın gözəl yerləri ilə tanış olmuşam. Bakı, Şəki, Zaqatala və sair bu sıradadır. Naxçıvana ikinci səfərimdir. Naxçıvanın yüksəklikləri, detallı şəkildə tikilmiş binaları və mənzərələri çox gözəldir. Heydər Əliyev Muzeyini, Möminə xatın türbəsini, Əshabi-kəhfi ilk səfərimdə də ziyarət etmişdim, lakin hər dəfə Naxçıvanın tarixi abidələri, ziyarətgahları haqqında yeni bir məlumat əldə edirəm. 
    Shiga Hiromoto: – Yaponiyanın Tokio şəhərindən gəlmişəm. Azərbaycana ilk səfərimdir. Adını eşitdiyim bu ölkəyə ilk gəlişimdə buranın mədəniyyəti, mətbəxi və eyni zamanda kənd təsərrüfatı ilə tanış oldum. Kənd təsərrüfatının zənginliyini gördüm. Azərbaycanlılar çox mehribandırlar, bunu hiss etdim. Səfərimizin davamı olaraq mədəniyyət abidələrini gəzib, ölkənin nə qədər qədim tarixə malik olduğunu görəndə ürəyimdə döyüntüləri hiss etdim. Naxçıvanda Heydər Əliyev Muzeyini gəzəndə bu dahi siyasətçinin xidmətləri nəticəsində ölkənin inkişaf etməsinə təəccübləndim, ona görə ki, bu dahi lider mümkün olmayan bir şeyi gerçək edə bilib. Naxçıvanın qədim abidələri məndə böyük təəssürat yaratdı. Düşünürəm ki, bundan sonra da Azərbaycana səfərlərimi artıracağam. Buranın mədəniyyətini, tarixini çalışacağam ki, daha mükəmməl öyrənim.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 13.09.2023 17:31