AZ EN RU

Naxçıvanın qədim dövr tarixinə dair dəyərli tapıntılar

    Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı zəngin tarixə, qədim mədəniyyətə malikdir. İnsanlar daş dövründən (Paleolit dövrü) etibarən bu ərazidə məskunlaşaraq zəngin maddi mədəniyyət nümunələri yaradıblar. Naxçıvan Muxtar Respublikasının ərazisindəki arxeoloji abidələrdə aşkar olunmuş gil insan fiquru da belə artefaktlardandır. Onların hər biri maddi və mənəvi mədəniyyətimizi daha dərindən öyrənmək sahəsində elmi əhəmiyyət daşıyır.

    Naxçıvan Muxtar Respublikasının ərazisində belə maddi mədəniyyət nümunəsi əvvəllər yalnız Qızılburun  abidəsində qeydə alınmışdır. O, Orta Tunc dövrünə aiddir. Son dövrlərdə bu sahədə tərəfimizdən aparılan araşdırma zamanı bir neçə yeni gil insan fiquru da qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Onlardan biri hazırda Naxçıvan Dövlət Tarix Muzeyində, digəri isə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Hər iki insan fiquru Son Tunc-Erkən Dəmir dövrlərinə aiddir. Onların hər biri təsadüfən düzəldilməmiş, müəyyən məntiqi əsası vardır.
    Fikrimizi əsaslandırmaq üçün mənbələrə nəzər salsaq, görərik ki, Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan fiquru Qobustanda Mezolit dövrünə aid Kənizə yaşayış yerində, Abşeronda, Astarada və Meşkində, Qazax rayonundakı Şomutəpə, Qarğalartəpə, Qarabağdakı İlanlı təpə abidələrində aşkar edilmişdir. Azərbaycanla yanaşı, dünyanın müxtəlif yerlərində, Priney yarımadasından Sibirə qədər olan geniş bir ərazidə, Hələf, Anau, Cormo, Samara, Xatun mədəniyyəti abidələrində, Cənubi Azərbaycandakı Təpə-Sərabda, Mərlikdə, Şərqi Anadoludakı Çatalhöyükdə, Dündartəpədə, Hacılarda və digər yerlərdə də müxtəlif formalı insan fiqurları aşkar edilmişdir. Onlar daşdan, sümükdən, gildən düzəldilmişdir. Ən qədim insan heykəli qadına məxsus olmuşdur. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan heykəli tapıldığı yerin adı ilə “Villendorf Venerası” adlandırılmışdır. Daşdan düzəldilmiş insan fiqurlarına “Venera”, “balbal”, “daşbaba”, “daşnənə”, “bəngüdaş”, “bədiz”, “töz” və sair adları verilmişdir. Bir qədər əvvəl dediyimiz kimi, dünyadakı arxeoloji abidələr içərisində qeydə alınmış ən qədim insan fiquru qadına məxsus olubdur. Anaxaqanlığı dövründə belə artefaktlar daha çox yayılıbdır. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ən qədim dövrlərdə qadınlar nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edilibdir. İnsanların dini-ideoloji görüşlərində qadın özünəməxsus yer tutubdur. Ayrı-ayrı sənətkarlar tərəfindən, müxtəlif formada düzəldilmiş qadın heykəlləri “Ana-Tanrıça”nın simvolu olubdur. Onların əksəriyyətində qadının əlləri, ayaqları, üzü şərti, sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilibdir. Erkən Tunc dövründə anaxaqanlığının (matriarxat) ataxaqanlığı (patriarxat) ilə əvəz olunması bütün sahələrdə olduğu kimi, insanların dini-ideoloji görüşlərinə, mifik düşüncə tərzində də təsir göstərmişdir. Bu dövrdə kişi təsərrüfatda, tayfanın idarə olunmasında, insanların dini-ideoloji görüşlərində, mifik düşüncə tərzində əsas yer tutubdur. Kişi fiqurları “Ata-Tanrı”nı simvolizə edibdir. Belə heykəllər əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti  bildiribdir. Qadın fiqurlarının “Ana-Tanrıça”nı, kişi fiqurlarının “Ata-Tanrı”nı simvolizə etməsi “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir. 
    “Əcdadlar kultu” haqqında tədqiqatçılardan R.Əlizadə, N.N.Yefimenko, S.A.Tokarev, A.Şükürov, K.Hüseynoğlu və digərləri müxtəlif fikirlər söyləmişlər. “Əcdadlar kultu”nun türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu elmi faktlarla əsaslandırmışdır. R.Əlizadə “Oğuz Xaqan”, “Yaradılış” və digər qədim türk dastanını nümunə göstərərək, türklərin dini-ideoloji görüşlərində islamiyyətdən əvvəl də, sonra da “Əcdadlar kultu”nun özünəməxsus yer tutduğunu qeyd etmişdir. A.Şükürova və S.Rzasoya görə, türklərin mifoloji düşüncəsində, dini-ideoloji görüşlərində özünəməxsus yer tutan Oğuz xaqan obrazı da bilavasitə “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir. 
    Dünyanın müxtəlif yerlərində belə artefaktların aşkar olunmasına, insanların dini-ideoloji görüşlərində, düşüncə tərzində qadın fiqurların “Ana-Tanrıça”nı, kişi fiqurları “Ata-Tanrı”nı simvolizə etməsinə, “Ana-Tanrıça”nın və “Ata-Tanrı”nın “Əcdadlar kultu”nun tərkib hissəsi olmasına istinad edərək sonda onu qeyd etmək olar ki, digər insan fiqurları kimi Naxçıvan abidələrində aşkar olunanlar da, bədii plastika, heykəltəraşlıq sənəti ilə yanaşı, “Əcdadlar kultu” ilə də bağlılıq təşkil edərək bu istiqamətdə mənəvi mədəniyyətimizin daha dərindən öyrənilməsi üçün mühüm elmi əhəmiyyət daşıyır. 

Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsinin dosenti

Nəşr edilib : 18.07.2023 18:43