AZ EN RU

Naxçıvanın qədim dövr tarixinə dair dəyərli tapıntılar

Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı zəngin tarixə, qədim mədəniyyətə malikdir. Insanlar daş dövründən (Paleolit dövrü) etibarən bu ərazidə məskunlaşaraq zəngin maddi-mədəniyyət nümunələri yaradıblar. Naxçıvan Muxtar Respublikasının ərazisindəki arxeoloji abidələrdə aşkar olunmuş gil insan fiquru da, belə artefaktlardandır. Onların hər biri maddi və mənəvi mədəniyyətimizi daha dərindən öyrənmək sahəsində elmi əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikasınının ərazisində belə maddi-mədəniyyət nümunəsi əvvəllər yalnız Qızılburun  abidəsində qeydə alınmışdır. O Orta Tunc dövrünə aid olubdur. Son dövrlərdə bu sahədə tərəfimizdən aparılan araşdırma zamanı bir neçə yeni gil insan fiquru da, qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Onlardan biri haliyədə Naxçıvan Dövlət Tarix Muzeyində, digəri isə Şərur Rayon Tarix-Diyarşunaslıq Muzeyində saxlanılır. Hər iki insan fiquru Son Tunc-Erkən Dəmir dövrünə aid olubdur. Onların hər biri təsadüfən düzəldilməmiş, müəyyən məntiqi əsası vardır.

Fikrimizi əsaslandırmaq üçün mənbələrə nəzr salsaq görürük ki, Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan fiquru Qobustanda Mezolit dövrünə aid Kənizə yaşayış yerində, Abşeronda, Astarada və Meşkində, Qazax rayonundakı Şomutəpə, Qarğalar təpə, Qarabağdakı İlanlı təpə abidələrində aşkar edilmişdir. Azərbaycanla yanaşı dünyanın müxtəlif yerlərində, Priney yarımadasından Sibirə qədər olan geniş bir ərazidə, Hələf, Anau, Cormo, Samara, Xatun mədəniyyətinin abidələrində, Cənubi Azərbaycandakı Təpə-Sərabda, Mərlikdə, Şərqi Anadoludakı Çatalhöyükdə, Dündartəpədə, Hacılarda və digər yerlərdə də, müxtəlif formalı insan fiqurları aşkar edilmişdir. Onlar daşdan, sümükdən, gildən düzəldilmişdir. Ən qədim insan heykəli qadına məxsus olmuşdur. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan heykəli tapıldığı yerin adı ilə “Villendorf venerası” adlandırılmışdır. Daşdan düzəldilmiş insan fiqurlarına “venera”, “balbal”, “daşbaba”, “daşnənə”, “bəngüdaş”, “bədiz”, “töz” və sair adları verilmişdir. Dünyadakı arxeoloji abidələr içərisində qeydə alınmış ən qədim insan fiquru qadınaməxsus olubdur. Ana xaqanlığı dövründə belə artefaktlar daha çox yayılıbdır.Ana xaqanlığı dövründə onların daha geniş yayılmasının başlıca səbəbi ondan ibarətdir ki, ən qədim dövrlərdə qadınlar nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edilibdir. İnsanların dini-ideoloji görüşlərində qadın özünəməxsus yer tutubdur.Ayrı-ayrı sənətkarlar tərəfindən, müxtəlif formada düzəldilmiş qadın heykəlləri “Ana-Tanriça”nın simvolu olubdur. Onların əksəriyyətində qadının əlləri, ayaqları, üzü şərti, sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilibdir. Erkən Tunc dövründə ana xaqanlığının (matriarxat) ata xaqanlığı (patriarxat) ilə əvəz olunması bütün sahələrdə olduğu kimi insanların dini-ideoloji görüşlərinə, mifik düşüncə tərzində də təsir göstərmişdir. Bu dövrdə kişi təsərrüfatda, tayfanın idarə olunmasında, insanların dini-ideoloji görüşlərinə, mifik düşüncə tərzində əsas yer tutubdur. Kişi fiqurları “Ata-Tanrı”nı simvolizə edibdir. Belə heykəllər əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti  bildiribdir. Qadın fiqurlarının “Ana-Tanriça”nı, kişi fiqurlarının “Ata-Tanrı”nı simvolizə etməsi “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir.

“Əcdadlar kultu” haqqında tədqiqatçılardan R.Əlizadə, N.N.Yefimenko, S.A.Tokarev,A.Şükürov, K.Hüseynoğlu vədigərləri müxtəlif fikirlər söyləmişlər.  “Əcdadlar kultu”nun türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu elmi faktlarla əsaslandırmışdır. R.Əlizadə “Oğuz Xaqan”, “Yaradılış” və digər qədim türk dastanını nümunə göstərərək, turklərin dini-ideoloji görüşlərində islamiyyətdən əvvəl də, sonra da “Əcdadlar kultu”nun özünəməxsus yer tutduğunu qeyd etmişdir. A.Şükürova və S.Rzasoya görə türklərin mifoloji düşüncəsində, dini-ideoloji görüşlərində özünəməxsus yer tutan Oğuz xaqan obrazı da bilavasitə “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir.

Dünyanın müxtəlif yerlərində belə artefaktların aşkar olunmasına, insanların dini-ideoloji görüşlərində, düşüncə tərzindəqadın fiqurların “Ana-Tanriça”nı, kişi fiqurları “Ata-Tanrı”nı simvolizə etməsinə, “Ana-Tanriça”nınvə “Ata-Tanrı”nın “Əcdadlar kultu”nun tərkib hissəsi olmasına istinad edərək sonda onu qeyd etmək olar ki, digər insan fiqurları kimi Naxçıvan abidələrində aşkar olunanlar da, bədii plastika, heykəltaraşlıq sənətini ilə yanaşı “Əcdadlar kultu” ilə də, bağlılıq təşkil edərək bu istiqamətdə mənəvi mədəniyyətimizin  daha dərindən öyrənilməsi üçün mühüm elmi əhəmiyyət daşıyır.

Toğrul XƏLİLOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

 tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 06.07.2023 15:19