AZ EN RU

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən məhkəməyə təqsirləndirilən şəxs Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib.

İfadələr zamanı şahidlər bildiriblər ki, Tofiq Həsənov 2016-cı ildən çalışdığı Pentensiar Xidmətdə vəzifəsindən istifadə edərək vətəndaşlardan rüşvət alaraq, onları kiçik rəis və zabit vəzifələrinə götürüb. Təqsirləndirilən şəxs isə şahidlərin ifadəsindən sonra bu ittihamları qəbul etməyib və o heç kimdən pul almadığını deyib. Şahidlər ifadələrində qeyd ediblər ki, tələb olunan pulu birbaşa Tofiq Həsənova yox, Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə veriblər. Qoşqar Əliyev isə pulları vətəndaşlardan aldığını təsdiq edib və o bunu Tofiq Həsənovun tapşırığı ilə aldığını və ona verdiyini deyib.

Digər şahidlərin dindirilməsi üçün məhkəmədə 12 yanvar saat 1200 dək fasilə yaranıb.

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə – mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq – külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.

Nəşr edilib : 29.12.2023 12:15