AZ EN RU

Naxçıvanın muxtariyyətinin qarantı-Qars müqaviləsi

Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Qars müqaviləsinin rolu danılmazdır. Naxçıvanın ərazi bütövlüyünün qorunmasında, onun dövlətçilik mövcudiyyətinin qorunmasında müstəsna rolu olan Qars müqaviləsi çox ağır bir şəraitdə bağlanmışdır. Qars müqviləsi Naxçıvanın muxtariyyət statusunun əldə olunmasında əsas rol oynamış bir müqavilədir.

Ötən əsrin əvvəllərində Rusiyada baş verən fevral inqilabının qələbəsindən və oktyabr çevrilişindən sonra ucqarlarda da vəziyyət xeyli ağırlaşmışdı. Bu zaman imperiyanın tərkib hissəsi kimi Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da gərgin vəziyyət yaranmışdı. Muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələr, Andranik başda olmaqla erməni quldurlarının törətdikləri milli qırğınlar, bununla əlaqədar olaraq dəhşətli və faciəli şəkil almış ictimai və siyasi vəziyyət Cənubi Qafqaz hüdudları çərçivəsindən kənara çıxaraq beynəlxalq problemə çevrilmişdi.

   O zaman Naxçıvan regionunu idarə etmək üçün 1918-ci ilin ortalarında Cəfərqulu xanın başçılığı ilə Naxçıvanın vətənpərvər qüvvələrini, müəllim və ziyalıları birləşdirən Müsəlman Milli Komitəsi yaradılmışdı. Naxçıvanda yaradılan bu Milli Komitə əhalisi azərbaycanlıllardan ibarət olan Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz bölgələrini öz himayəsi altına almışdı. Lakin bu ərazi və torpaqlar üzərində “Böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan ermənilər həmin əraziləri işğal etmək niyyətlərindən bir anlıq da olsa əl çəkmək istəmirdilər və indi də bu xülya ilə yaşayırlar.

AXC dövründə olduğu kimi bolşevik hakimiyyəti dövründə də Azərbaycana qarşı iddia edilən ərazi məsələləri davam etdirilrdi ki, bu ərazilər də əsasən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.

 1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi, ertəsi gün-iyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası adlandırdı. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov (Bektaşi) Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və ona birləşməyə hazır olduğunu bildirdi.

29 noyabr 1920-ci ildə Azərbaycan torpaqlarında Ermənistan SSR-nin yaradılmasından və ertəsi gün-noyabrın 30-da N.Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşr edilməsindən sonra ermənilərin Naxçıvana olan iddiaları daha genişləndi. Bu zaman V.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistan hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə görə Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə əsasında xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Ermənistan sovetləşdikdən sonra sovet rəhbərlərinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpaqlarının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində sayca 9-cu olan Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsilə Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı, nəticədə onun muxtariyyəti məsələsi gündəliyə gəldi. Bu məsələlərdən bəhs edən ulu öndər Heydər Əliyev qeyd edirdi ki, “əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Sovet rəhbərlərinin Azərbaycana qarşı bu cür mənfi münasibətinə və N.Nərimanovun Naxçıvanla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanatına görə dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı B.Şahtaxtınskini Naxçıvana göndərdi. Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında B.Şahtaxtınski mühüm rol oynadı. Belə ki, Behbud ağa Şahtaxtınski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktublarda və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir. V.Lenin B.Şahtaxtınskinin təklifləri ilə maraqlanmış və göstəriş vermişdi ki, bu məsələ RK(b)P MK Siyasi Bürosunda müzakirə edilsin.

Ermənilər öz iddialarından əl çəkmədikləri üçün Naxçıvan məsələsi ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədilə Behbua ağa Şahtaxtınskinin təşəbbüsü ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda (referendumda) bölgə əhalisinin 90 faizdən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi. Bu, Azərbaycan tarixində ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün XX əsrin əvvəllərində həyata keçirilmiş mühüm tarixi hadisədir.

Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında Moskvada keçirilən görüşlərdə də qızğın müzakirə obyekti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılılan, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.

Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Müqavilənin üçüncü maddəsinə görə, əldə edilmiş razılığa əsasən “Naxçıvan bölgəsi Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil edir”. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi əhəmiyyətə malik oldu. 1921-ci il oktyabrın 13-də Qarsda bağlanmış Sovet-Türkiyə müqaviləsi də bu müddəanı təsdiq etdi. Moskva müqaviləsi eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi.

 1921-ci ilin sentyabrın 26-da başlayan Qars konfransı oktyabrın 13-də dostluq haqqında bir tərəfdən Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası, digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə bağlanmış müqavilə ilə başa çatdı. Millətlərin qardaşlığı prinsipinə və xalqların öz müqəddəratını sərbəst təyinetmə hüququna şərik çıxan, aralarında hər zaman qarşılıqlı mənafeyə əsaslanan daimi mehriban münasibət və səmimi dostluq yaratmaq arzusundan ruhlanan Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası Hökumətləri bir tərəfdən, Türkiyə Böyük Millət Məclisi Hökuməti digər tərəfdən, Rusiya Sosialist Federativ Sovet Respublikası Hökumətinin iştirakı ilə Dostluq Müqaviləsi imzalamaq məqsədi ilə danışıqlara başlamağı qərara aldılar və bu məqsədlə:

Türkiyə Böyük Millət Məclisi Hökuməti: Böyük Millət Məclisində Ədirnə millət vəkili və Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşanı, Böyük Millət Məclisində Burdur millət vəkili Vəli bəyi, İctimai işlər Statskatibinin keçmiş müavini Mutar bəyi və Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Məmduh Şövkət bəyi; Ermənistan Sosialist Sovet Respublikası Hökuməti: Xarici İşlər üzrə Xalq Komissarı Əsgənaz Mravyanı və Daxili İşlər üzrə Xalq Komissarı Poqos Makinzyanı; Azərbaycan Sosialist Sovet Respublikası Hökuməti Dövlət Nəzarəti Xalq Komissarı Behbud Şahtaxtinskini; Gürcüstan Sosialist Sovet Respublikası Hökuməti Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı Şalva Eliavanı və Xarici İşlər və Maliyyə İşləri üzrə Xalq Komissarı Aleksandr Svanidzeni; Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti: Latviyadakı nümayəndə Yakov Qanetskini səlahiyyətli nümayəndə təyin etdilər. Müvəkillər lazımi və qanuni formada olan səlahiyyətlər mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:   

“Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Qars müqaviləsinin “Naxçıvanın ərazisi” başlıqlı 3-cü əlavədə bölgənin sərhədləri bu coğrafi hüdudlarda müəyyənləşdrildi: ”Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o Ermənistan Sosialist Sovet Respublikasına qalır), sonra düz xəttlə qərbi Daşburun dağını (3142)-oradan şərqi Daşburun dağını (4108)- cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqsik) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhəddini, oradan Şərur-dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868)-Qurdqulaq (Kurt Kulaq) kəndi-Həməsür dağı (8160)-8022-ci yüksəklik-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi”. 20 maddədən və 3 əlavədən ibarət olan bu müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edirdi: “Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 saylı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdırlar”. Müqavilə, habelə Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi. Bununla da Türkiyə və Rusiyanın Naxçıvanın statusunun qarantı olmaları barədə razılığa gəlindi .

Qeyd edək ki, müqavilənin hazırlanması, razılaşdırılması və imzalanması prosesindəŞərur rayonunun Cəlilkənd kənd sakini Tağı Səfiyev Qarsa ezam edilmişdir.

Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransında Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır. 

Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenlyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Belə düşünülürdü ki, Zəngəzur rayonu da Türkiyə və Sovet Azərbaycanını birləşdirən torpaq zolağına daxil ediləcək. Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar.

Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılırdı.

Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar. Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu.

Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi.

1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan, Azərbaycan və Gürcüstanın, digər tərəfdən Türkiyənin imzaladıqları Qars müqaviləsinin ratifikasiya olunmasını nəzərdə tutan sonuncu-20-ci maddədə ratifikasiya fərmanlarının mübadiləsinin İrəvanda həyata keçirilməsi qeyd olunmuşdu. Qars müqaviləsi onun imzalanmasından sonra dərhal qüvvəyə minən 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisna olmaqla ratifikasiya fərmanlarının mübadilə olunduğu andan qüvvəyə minməli idi. Fəaliyyət müddəti məhdudlaşdırılmayan Qarsmüqaviləsi Azərbaycan SSR MİK tərəfindən 3 mart 1922-ci ildə, Türkiyə Böyük Məclisi tərəfindən 16 mart 1922-ci ildə, Ermənistan SSR MİK tərəfindən 20 mart 1922-ci ildə, Gürcüstan MİK tərəfindən 14 iyun 1922-ci ildə ratifikasiya edilmiş və RSFSR-in iştirakı ilə ratifikasiya fərmanlarının mübadiləsi 11 sentyabr 1922-ci ildə İrəvanda keçirilmiş və həmin vaxtdan qüvvəyə minmişdir .

Şübhəsiz ki, o dövrdə yaranmış beynəlxalq şərait, bölgədəki real qüvvələr nisbəti, habelə 1918-1920-ci illərdə torpaqlarımıza qarşı erməni təcavüzü ilə müşayiət olunan hərbi-siyasi hadisələr nəzərə alınaraq, Moskva və Qars müqavilələrində Naxçıvan məsələsinin qoyuluşu və onun Azərbaycanın xeyrinə həll edilməsi böyük tarixi nailiyyət kimi qəbul olunmalıdır.

Müəyyən dövrlərdə Qars müqaviləsinin ləğv olunmasına lüzumsuz cəhdlər edilmişdir. II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına çalışırdı. 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri müxtəlif kütləvi informasiya vasitələrində gündəmə gəlmişdir. Əsası olmayan bu uğursuz cəhdlər tam iflasa uğramışdır. Müqavilənin pozulması demək olar ki, mümkün deyil.

Beləliklə, xalqın əzmli müqaviməti və dönməz iradəsi, Türkiyənin yardımı, əsl milli siyasətçi və diplomat olan B.Şahtaxtınski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb edən bir faktdır.

 Yaşar RƏHİMOV

 tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 13.10.2023 16:40