AZ EN RU

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı tədbir olub

    Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndə­liyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı tədbir keçirilib. 
    Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
      Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda şərəfli tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, bu gün Naxçıvanın 98-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb, gərgin, ağır, eyni zamanda şərəfli bir yol keçib. Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin bu muxtar diyarı, onun varlığını, tarixini, ənənələrini həyatı bahasına necə qoruyub saxladığını, inkişaf etdirdiyini, bu günümüzə əmanət etdiyini elmi, siyasi-ideoloji baxımdan tədqiq etmək, öyrənmək və gələcək nəsillərə çatdırmaq böyük əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının müxtəlif dövrlərdə yubileylərinin keçirilməsi muxtariyyətin xalqımız, dövlətçiliyimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığının təsdiqidir. 
    Vurğulanıb ki, 98 illik bir tarixə malik Naxçıvan Muxtar Respublikası müstəqillik illərində inkarolunmaz böyük bir tarixi inkişaf yolu keçib. Prezident cənab İlham Əliyevin muxtar respublikaya tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla, ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan tarixində görünməmiş inkişaf dövrünü yaşayır. Muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünü böyük nailiyyətlərlə qeyd edir. 
    Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından tarix elmləri doktoru, professor Anar İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, İsa Həbibbəyli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Səttar Möhbalıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Hikmət Babaoğlu çıxış ediblər.
    Çıxışlarda Naxçıvan Muxtar Respublikasının inkişaf modelindən, blokada şəraitində olmasına baxmayaraq, çoxcəhətli uğurlarından, Prezident cənab İlham Əliyevin muxtar respublikanın bütün sahələrdəki tərəqqisini yüksək qiymətləndirməsindən danışılıb.
    Sonda tədbir iştirakçıları Daimi Nümayəndəlikdə Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

AZƏRTAC

Nəşr edilib : 09.02.2022 21:41