AZ EN RU

"Naxçıvanın muxtariyyəti: tarixçilərin müasir baxışı" - elmi seminar

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda "Naxçıvanın muxtariyyəti: tarixçilərin müasir baxışı" mövzusunda elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarda tarix üzrə fəlsəfə doktoru dosent Kamran İsmayılov məruzə ilə çıxış edib. O, 1924-ci ildə Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR yaradılması prosesinin əsas tarixi mərhələlərini açıqlayıb, 1921-ci il Moskva və Qars beynəlxalq konfranslarının materialları haqqında ətraflı məlumat verərək seminar iştirakçılarını problemin mühüm aspektlərinin öyrənilməsinə işıq salan sənədlərlə tanış edib.

Sonra institutun baş direktoru tarix elmləri doktoru professor Kərim Şükürov, institutun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru dosent İlqar Niftəliyev və başqaları məruzə ətrafında çıxış ediblər. Müzakirələrdə Naxçıvanın Azərbaycan xalqının dövlətçilik tarixində əhəmiyyəti, Naxçıvanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin rolu qeyd olunub.

Nəşr edilib : 14.02.2023 11:51