AZ EN RU

Naxçıvanın mərcan gözlü gözəli

Naxçıvanın təbiəti, təbii nemətləri, təbiət abidələri sağlam yaşam tərzinə üstünlük verən hər kəsin seçimidir. Nuhun ayaq basdığı bu qədimdən də qədim ulu diyarı dövrələyən, yayın cırhacırında belə təpəsində qar olan əzəmətli dağlar, bol meyvəli, bəhrəli bağlar, uzunsaçlı gözəli xatırladan şəlalələr, çaylar, göllər Tanrının bu yerlərə bəxşişidir. Gül-çiçəkli çəmənlikləri, saf və təmiz dağ havası, meşələri, Zorbulaq, Durnalıbulaq, Uzunbulaq kimi şirin suları və “Narzan” tipli mineral suları ilə məşhur olan Batabat yaylağını isə şair İslam Səfərli mərcan gözlü gözələ bənzədib:

    Bulaqların bir səmtədir axarı,
    “Salvartı”nın xoş görünür baxarı,
    Biçənəkdən at səyridib yuxarı,
    Yalmanına yata-yata gəlmişəm,
    Mərcan gözlü Batabata gəlmişəm.

Biçənəyi geridə buraxıb dolanbac yollarla mərcan gözlü Batabata doğru yol alırıq. Dillər əzbəri olan Batabat yaylağı Şahbuz rayonunun ərazisində, Kiçik Qafqaz dağlarında yerləşir. Burada, əsasən, dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib. Batabat yaylağını dəniz səviyyəsindən, təqribən, 3100-3200 metr hündürlüyü olan “Ağdaban”, “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlar əhatə edir. Mütəxəssislər Batabat yaylağının təbiətini, saf havasını ağciyər, ürək, əsəb və bir sıra xəstəliklər üçün çox faydalı hesab edir. Bu yerlərin iqlimi və füsunkar mənzərələri xarici turistləri də bura cəlb edir. Bitkilərin növ müxtəlifliyinə görə bu ərazi Afrika qitəsində yerləşən məşhur Atlas dağlarından sonra ikinci yerdədir. 
Bunun da bir neçə səbəbi var: təbii iqlim şəraitinin rəngarəngliyi, yüksəklik qurşağının mövcudluğu və landşaftın mürəkkəbliyi. Digər tərəfdən, Batabat ərazisinin yerləşdiyi Naxçıvan Muxtar Respublikası 3 geobotanik vilayətin sərhədində yerləşir. Ərazi bu vilayətlərin müxtəlif növ bitkilərini özündə cəmləşdirir. Yəni burada həm Qafqaz, həm Kiçik Asiya, həm də Ön Asiyanın bitki növlərini görə bilərik. Ərazi Zəngəzur və Dərələyəz sıra dağlarının təmas xəttində yerləşir. Zaman-zaman baş verən tektonik hərəkətlər relyefi mürəkkəbləşdirir, bu da, eyni zamanda təbiətin rəngarəngliyini artırır. 
Geoloji quruluşun mürəkkəbliyi burada müxtəlif genetik tiplərə məxsus çoxlu mağaraların yaranmasına səbəb olub. Qədim insanların məskunlaşdığı ayrı-ayrı yerlərdə insanlar tərəfindən mağaralar – zağalar inşa edilib. Misal olaraq tarixi və təbiət abidəsi olan məşhur Fərhad evini göstərmək olar. Batabat yaylağında arxeoloji abidə kimi qeydə alınan Fərhad evi (Ağ karvansara) Zorbulaqdan, təqribən, 1 kilometr şərqdədir. 4 otaqdan ibarət Fərhad evi buradan keçən karvan yollarına xidmət etmiş və müvəqqəti sığınacaq kimi istifadə olunmuşdur. Bununla belə ərazidə onlarla təbii mağaralar mövcuddur ki, bu da turistlərin marağına səbəb olur. Meşə hissəsində indiyə qədər tədqiq olunmayan mağaralarda qədim insanlar məskunlaşmışlar.
Altı da üstü kimi sərvət olan bu torpağı qarış-qarış gəzmiş, mətbuatda çoxsaylı müsahibələri ilə Naxçıvan təbiətinin yorulmaz təbliğatçısı kimi tanınan coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli qeyd edirdi ki, Batabatda Naxçıvan Muxtar Respublikası üçün xas olmayan meşə örtüyü formalaşıb. Bunun əsas səbəbi əlverişli hidro­geoloji şəraitin olmasıdır. Biz ətrafı diqqətlə nəzərdən keçirsək, buranın dağlarla əhatə olunduğunu və çanaqşəkilli forma yaratdığını görmüş olarıq. Bu, yeraltı suların yalnız bir yerdən – Naxçıvançay dərəsindən çıxmasına səbəb olur. Və beləliklə, yer altında zəngin su ehtiyatı toplanıb. Bunun nəticəsində meşə örtüyü formalaşıb.
Qeyd etmək lazımdır ki, meşə ağaclarının bəziləri, məsələn, Şərq palıdı, Araz palıdı endemik bitkidir. Bu ağaclar landşaft zəncirinin əsas hissəsini təşkil edir. Yəni palıdın qozaları meşədə məskunlaşan çöl donuzlarının, donuzlar isə ayıların qida zəncirinin bir halqasını təşkil edir. Burada dünyanın ən zəhərli və ən qiymətli ilanlarından olan Radde gürzəsinə rast gəlinir. Bu, quru ilanları içərisində zəhərliliyinə görə ikinci sayılır.
Burada dağların səmti güneyə doğru olduğundan buradakı Günəş radiasiyasının miqdarı, təxminən, ekvatorda olduğu qədərdir. Günəş radiasiyasının özü turizm-rek­reasiya potensialının mühüm tərkib hissəsi sayılır. Havanın təmizliyi, mütləq hündürlüyün yuxarı olması, Günəş şüalarının spektrində olan müalicəvi şüaların bolluğuna səbəb olur. Səhər və axşam saatlarında insan orqanizmi üçün faydalı olan, müalicəvi əhəmiyyət daşıyan Günəş vannaları qəbul etmək faydalı sayılır.
Muxtar respublikada 200-dən artıq mineral su mənbəyi var. Batabatı məşhurlaşdıran Zorbulağın suyunu isə yerli əhali qənimət sayar. Bu qəniməti qoruyar, sevər və istifadə üçün uzaq məsafə qət edib özləri ilə apararlar. 
Mənbələr göstərir ki, Zorbulağın adı Qırxbulaq olub. Əvvəllər ərazidə böyük bataqlıq olub. Bu bataqlıq Zorbulaq və onun ətrafında olan 40-a qədər bulaqla qidalanıb. Bataqlıq su anbarına çevrildikdən sonra həmin bulaqlar göl suyunun altında qalıb. Zorbulağa gəlincə isə bu bulağın suyu insan orqanizmi üçün olduqca faydalıdır. Əvvəla, mineral tərkibinə görə, ikinci, bu sularda həll olunmuş oksigenin miqdarı həddindən artıq çox olduğuna görə. Zorbulağın suyu maqneziumlu-hidrokarbonatlı sular tipinə aiddir. Bu sudan içən insan rahatlıq tapır. Zorbulaqda həll olunmuş oksigenin miqdarı 6 milliqrama çatır, bu da çox yüksək göstəricidir. Bulağın suyu vulkanogen süxurlardan sızır, bu zaman həm yüksək dərəcədə təmizlənmə baş verir, eyni zamanda su mikroelementlərlə zənginləşir. Bu da suyun yüksək keyfiyyət göstəricilərinə malik olmasını təmin edir. Qeyd olunan bu vulkanogen süxurların 26 milyon il yaşı vardır. Zorbulaq, eləcə də ərazidəki digər bulaqlar ətraf mühitin rekreasiya potensialını xeyli artırır.
Batabatda oldunsa, geri qayıtmaq haqqında düşünmürsən. Ta hava qaralıb, necə deyərlər, səni xəbərdar edənədək. Təbiət bütün cazibəsi ilə qarşındadır, ruhunu oxşayan rahatlıq səni özünə o qədər çəkir ki, geri dönməyə tələsmirsən. Məşhur “Üzən ada”nı zövqlə seyr etmədən, bu gözəl mənzərəni fotoaparatın yaddaşına köçürmədən bu yerlərdən necə ayrılmaq olar?
Batabat göllərindəki sularda olan müxtəlif mikroorqanizmlər inkişaf edərək suya yaşılımtıl rəng verir. Aşağı Batabat gölündə “Üzən ada”nın formalaşması da məhz bu amillə əlaqədardır. Əmələ gəlmiş zəngin bitki örtüyü tam çürüməyə məruz qalmadığına görə torfa çevrilir və bu torf ilbəil qalınlaşır. Torfun xüsusi çəkisi sudan yüngül olduğuna görə, o suyun üzündə qalır və suyun dibinə doğru inkişaf edir. Torf kütləsi güclü küləklərin təsiri ilə öz yerini tez-tez dəyişir və bu səbəbdən də “Üzən ada” adlanır. Bunun özü də gölə ekzotik görünüş verir.
Batabat massivində həddindən artıq endemik, relikt və dərman bitkiləri mövcuddur. Məsələn, raddel laləsi, qaymaqçiçəyi, pişikotu, həmərsin, gəvən, əvəlik, yarpız, dazotu, qantəpər, kəklikotu, solmazçiçək, səhləb – hər biri can dərmanıdır. Elə ki bitkilər torpaqdan baş qaldırdı, faydasını bilənlər gəlib toplayar, qışa saxlamaq üçün qurudarlar. Burada, necə deyərlər, gül gülü çağırır, bülbül bülbülü. Çiçəklərin ətri adamı bihuş edir. Bəzisini iyləyirsən, bəzisini toplayıb özünlə götürürsən.
Saysız-hesabsız bitkilər ərazini həm də arıçılar üçün əlverişli edib. Arıçılar təbiətin səxavətindən ehtiyatla faydalanmağa çalışırlar. Şahbuz balının dadına isə dad çatmaz, bazarlarda adı ilə tanınır.
Yolüstü öz zəhmətlərinin məhsulu olan balla yanaşı, kənd adamlarının hazırladığı və satışa çıxardığı mürəbbə və kompotlar da diqqətimizdən yayınmır. Baldırğan turşusunu çox az adam tapılar ki, xoşlamasın. Nəinki turşusunu, mürəbbəsini belə buradan tapmaq olar. Qızılgülün, həmərsin çiçəyinin, cəvizin mürəbbəsi, tut, həmərsin doşabı, saymaqla bitməyən nemətlər. Həm qiyməti münasib, həm də cana faydalı. Yoldan ötən yolçunu təbiətin yetişdirdiyi, həm də insan əlinin zəhməti ilə yoğrulan nemətlər əyləyər.
Batabatın gözlə görünməyən, özündə gizli saxladığı tərəfləri haqqında, əziz oxucu, öyrəndiklərimizi sizinlə bölüşmək istədik. İnsan təbiətin bir parçasıdır və səxavətini bizlərdən əsirgəməz. Yetər ki, Naxçıvanın mərcan gözlü gözəlini sevək, qoruyaq, ondan düzgün faydalanaq.
Batabat həm də bir neçə ildir, milli dəyərlərimizi təbliğ edən festivallar məskəninə çevrilib. Çox təqdirəlayiq haldır ki, iyunun 21-22-də “Qərbi Azərbaycana qayıdış” festival-konqresi Batabat yaylağında reallaşıb. Qayıdışın addım səsləri bu dəfə Batabatdan duyuldu. Bunun rəmzi mənası yurd yerlərini sevən qərbi azərbaycanlıların sevgisi, həsrəti qədər dərin və ülvidir…

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 30.06.2024 12:55