AZ EN RU

Naxçıvanın inkişafı Heydər Əliyev siyasətinin təntənəsidir

Ulu Öndərin arzuladığı Naxçıvan

Ulu Öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ümummilli Liderin ən böyük arzusu doğma Naxçıvanı bugünkü kimi hərtərəfli inkişaf etmiş abad bir diyar kimi görmək idi.

Naxçıvan Muxtar Respublikasının inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, eləcə də SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda daim Naxçıvanın hərtərəfli tərəqqisi, muxtariyyət statusunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Respublikamıza ikinci dəfə rəhbərliyi illərində Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda davam etdirildi.
Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilmiş, muxtar respublika Ulu Öndərimizin arzuladığı, görmək istədiyi kimi qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir. İndi bu şəhərdə, Ulu Öndərimiz Heydər Əliyevin çox sevdiyi və bir vaxtlar çətin iş rejimində çalışdığı şəhərdə çox şey tanınmaz dərəcədə yaxşılığa doğru dəyişmiş və dəyişməkdədir. Bu, ilk növbədə, Ümummilli Liderimizin uzun illərə hesablanmış ideyalarının təntənəsidir. 
Ötən əsrin 90-cı illərində çox mürəkkəb tarixi-siyasi şəraitdə Moskvadakı nəzarət və təqiblərdən yaxa qurtararaq öz xalqının köməyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev Bakıda da dönük rəhbərlərdən soyuq münasibət görəndə doğulduğu torpağa üz tutdu. Naxçıvanlılar Ulu Öndəri böyük səmimiyyət və ehtiramla qarşıladılar. Üstünü qara buludlar almış muxtar respublika əhalisi görkəmli dövlət xadiminin zəka və qüdrətinə sığındı. Naxçıvanlılar Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı, taleyin bu qədim yurd yerinə göndərdiyi böyük rəhbərin ətrafında sıx birləşdi, onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçdilər. 
Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Ümummilli Liderin reallaşdırdığı müdrik və qətiyyətli tədbirlər qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsini təmin etdi, dövlət müstəqilliyi ilə bağlı qabaqlayıcı addımlar atıldı. Ümummilli Liderimiz bununla bağlı naxçıvanlılara xitabən deyirdi: “Mən 3 il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”.    
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Xalqımızın böyük oğlu özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. 
Qətiyyətlə demək olar ki, müstəqil Azərbaycan dövləti məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Görkəmli dövlət xadimi ilk dəfə respublikaya rəhbər seçiləndən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmış, ölkəmiz sürətlə inkişaf edərək sovet ittifaqında ən qabaqcıl yerlərə çıxmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü belə dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
Naxçıvanda milli ruhun, milli şüurun daşıyıcısı olan Azərbaycançılıq ideologiyası həmişə sədaqətlə yaşadılıb. Bu sadiqlik naxçıvanlılara həyatın bütün sahələrində uğurlar gətirib. Çətinliklərə sinə gərərək qurub-yaradıblar. Bugünkü Naxçıvan Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam dövlətçiliyimizin taleyüklü məsələlərinin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğının daha bir ifadəsidir. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. 
Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır”. 
Böyük şəxsiyyətlər tarixin müəyyən mərhələsində rol oynaya bilər, ancaq dahi şəxsiyyətlər təkcə rol oynamır, həm də bu tarixin yaradıcısına çevrilirlər. Təsadüfi deyil ki, xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev də əvəzolunmaz xidmətləri sayəsində ölkəmizi böyük bəlalardan xilas edərək onun müstəqilliyini təmin etmiş, Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Ulu Öndər Heydər Əliyev işlədiyi bütün dövrlərdə əsl lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.
Bu gün Azərbaycanın bütün bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası da Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövrdə əldə olunan uğurlu nəticələr bu gün artıq yeni idarəçilik metodları tətbiq olunmaqla davam etdirilir. Böyük Öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” fikirləri bu gün qədim diyarın real həyatında öz əksini tapıb. 
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur. 
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bütün bu nailiyyətlərin təməlində isə Ümummilli Lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.
Düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir. Bu inkişafın, sabitliyin və yüksək rifahın bir səbəbi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu Heydər Əliyev siyasətinin təntənəsidir”.

Səkinə MİRZƏYEVA
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin müəllimi

Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” 
yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 26.05.2024 12:01