AZ EN RU

Naxçıvanın ilk qadın dünya çempionu

Qədim diyarımız Naxçıvan bir çox sahələrdə olduğu kimi, idman sahəsində də hər zaman seçilən regionlardan olub. İndiyədək bir çox idman növləri üzrə nailiyyətlər qazanan idmançılarımız təkcə muxtar respublikamızı deyil, ölkəmizi də dünyada layiqincə təmsil ediblər. Bu yaxınlarda isə daha bir naxçıvanlı idmançı möhtəşəm uğur əldə edərək adını hər kəsə duyurdu. Belə ki, universal döyüş üzrə dünya çempionatının qızıl medalını qazanan Röya Abdullayeva Naxçıvanın idman tarixində dünya çempionu olan ilk qız idmançı oldu. O həmçinin yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan çempionudur. Elə biz də möhtəşəm uğura imza  atmış Naxçıvanımızıın qüruru, qrepplinq üzrə Avropa çempionatının qalibi 17 yaşlı Röya xanımla redaksiyamızda görüşüb söhbətləşdik. Onu da vurğulayaq ki, müsahibimizin adı həm də  Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na düşüb.

Müsahibimiz bildirdi ki, o, 2016-cı ildən Naxçıvan şəhərində fəaliyyət göstərən “Turan Fight Club”da məşqlərə başlayıb. Məşqçisi olan Xəyal Abullayev həm də onun atasıdır. İdmana bu həvəs də atasından yaranıb.  Naxçıvanda keçirilən bir çox idman yarışlarında iştirak edən  Röya daha sonra ölkə üzrə keçirilən yarışlara qatılıb. Bakı şəhərində 2021-ci ildə keçirilən qrepplinq üzrə yarışda iştirak edib və orada da birinci yerin qalibi olub. Bu cür qalibiyyətlər onu bu yolda addımlamağa daha da həvəsləndirib.

 Onu da qeyd edək ki, Röya həm də Kikboksinq Federasiyasının üzvüdür. Daim öz üzərində çalışan Röya 2021-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında Qazaxıstandan olan idmançı ilə qarşılaşır və ona qalib gələrək dünya çempionu titulunu qazanır. Deyir ki, bu mənim üçün ikiqat sevindirici oldu. Çünki Naxçıvanda qızlar arasında bu idman növü üzrə ilk dünya çempionuyam.

Daha sonra Azərbaycan çempionatında iştirak edərək ard-arda qızıl medala layiq görülüb. Belə ki, 2024-cü ildə Bakı şəhərində keçirilən Avropa çempionatında iştirak edərək finalda ukraynalı rəqibinə  qarşı boğucu fənddən istifadə edərək qalib gəlib. Röya deyir ki, 17 yaşlı qızlar arasında da ilk Avropa çempionu olub. Qazandığı uğurların səbəbini müsahibim belə qiymətləndirir:

– Bütün əldə etdiyim uğurlar, təbii ki, gərgin məşqlərin, hazırlıqların sayəsində olub. Əlbəttə bu işdə ilk dəstəkçim atam olub. O məni hər zaman həvəsləndirib, yarışlarda qalib olmağa inandırıb. Mən də ona inanaraq bütün yarışlara ciddi hazırlaşmışam, böyük zəhmətlər çəkmişəm. Qeyd etdiyim kimi, məni digərlərindən fərqləndirən əsas səbəb məşqçi ailəsində böyüməyim olub. Allaha şükürlər olsun ki, bu gün çəkdiyim zəhmətin bəhrəsini görürəm. İnanıram ki, gələcəkdə də uğurlarım olacaq. Mənim üçün ən əsası üçrəngli bayrağımızı bütün dünyada tanıtmaqdır.

Bəli, milli bayrağımızı böyük idman arenalarında yüksəltmək hər birimizə qürur dolu anlar yaşadır. Şükürlər olsun ki, muxtar respublikamızda bizə bu hissləri yaşadacaq yeniyetmə və gənclərimiz çoxdur. Röya Abdullayeva isə qazandığı uğurla bizi daha çox qürurlandırır. İnanırıq ki, hər birimizin qüruruna çevrilmiş Röya əldə etdiyi yüksək nəticələrlə bizi bundan sonra da sevindirəcəkdir.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.06.2024 17:00