AZ EN RU

Naxçıvanın idman ictimaiyyəti arasında hüquqi maarrifləndirmə işi aparılır

İdman sahəsində fəaliyyətin qiymətləndirilməsi mexanizmi, hüquq və vəzifələrin tərənnümü, ümumilikdə qanunvericilik bazası ilə bağlı biliklərin artırılması məqsədi ilə idmançı, məşqçi və hakimlər üçün maarifləndirici görüş təşkil olunub.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində reallaşan tədbirdə qurumun əməkdaşları, tabe təşkilatların rəhbərləri və federasiyaların məsul şəxsləri də iştirak edib. İştirakçılara Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı (ARVİT) ilə bağlı hazırlanmış QR kodlu broşürlər paylanılıb.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov dövlət idman siyasətindən söz açıb, görülən işlər, uğur və perspektivlər, eləcə də nazirliyin fəaliyyət istiqamətləri barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə idmanın təkmil hüquqi-normativ bazasının mövcudluğu bu sahədə şəffaflılığın, ədalətin və rəqabətədavamlı mühitin təsir imkanlarını qorumaqdadır. Aktiv idman karyerası olan hər bir kəs, xüsusən də bu sahədə çalışanlar huquqi biliklərini zənginləşdirməlidirlər ki, umumi fəaliyyət proseduru dinamik formada inkişaf edə bilsin. Məcid Seyidov vurğulayıb ki, qanunvericilikdəki yeniliklər, nazirliyə daxil olan müraciətlərin ümumi məzmunu və ezamiyyə tələbləri ilə bağlı məsələlər idman ictimaiyyəti arasında huquqi maarrifləndirmə işinin təkmilləşdirilməsi zərurətini meydana çıxarıb. Bu görüş də həmin istiqamətdə atılan addımlardan biridir.

Sonra nazirliyin əməkdaşı Emil Səmədov ARVİT ilə bağlı ümumi məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, ölkədə fiziki tərbiyə sisteminin mühüm proqram normativ sənədlərindən biri kimi Təsnifat əsasən, idman dərəcələrinin norma və tələblərini, onların ödənilmə şərtlərini və qaydalarını müəyyən edir. Bununla yanaşı, əhalinin bədən tərbiyəsi və idmana cəlbi, idmanla məşğul olanların karyera inkişafı, etik davranış qaydaları, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyətə malikdir. Əlavə olunub ki, bütün detallar broşürə QR kodla yerləşdirilmiş elektron vəsasitdə əks olunur.

Tədbirin sonunda sentyabr ayı ərzində ölkə və beynəlxalq miqyaslı yarışlarda uğur qazanan idmançılar İnci Allahverdiyeva, Aysu Həşimova, Turanə Əlizadə, Damla İsgəndərli və Aydan Hüseynli fəxri fərmanla təltif olunublar. Nazir müavini Məcid Seyidov görüşün faydalı nəticələr verəcəyinə inamını ifadə edib, idman ictimaiyyəti nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 10.10.2023 16:54