AZ EN RU

Naxçıvanın hidroloji abidələri ekoturizmin inkişafına mühüm töhfə verə bilər

    Ölkəmizdə turizmin inkişafı hər keçən gün daha da aktuallaşır. Son illərdə bu həllivacib sahənin inkişafı üçün həyata keçirilən tədbirlərin yaxın gələcəkdə Naxçıvanın da bir turizm diyarı kimi tanınmasında mühüm rol oynayacağı qənaətini qətiləşdirir. Nəzərə alaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında muxtar respublikada turizmin inkişafı prioritet istiqamət olaraq qəbul edilmişdir. Proqramda turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur.

    Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialına malik olduğunu hər birimiz bilirik. Lakin turizm çoxşaxəli bir sahə olduğuna görə regionda mövcud turizm növlərinin hər biri haqqında ayrıca düşünməyə dəyər. Aydındır ki, Naxçıvanın turizm ehtiyatlarından bəhs edərkən ilk ağıla gələn bu regionun təbiəti və tarixi abidələridir. Buradakı tarixi abidələrin hər biri turizm üçün potensial mənbə sayılmaqla yanaşı, qədim diyarın təbiəti də özünəməxsusluğu ilə seçilir. Nəzərə alaq ki, zəngin ekoloji sistemə malik Naxçıvanda ekoturizmin onlarla növü var ki, onlardan hər biri turizm üçün maraqlı obyekt rolunda çıxış edə bilər. Belə obyektlərdən biri də muxtar respublikamızda mövcud olan hidroloji abidələrdir. 
    Hidroloji abidələr ekoturizmdə, əsasən, təbiət abidələri sisteminə daxil olan abidələrdir. Lakin müasir dövrdə dünyada turizmin inkişafı yönündə atılan addımlar elə bir səviyyəyə çatıb ki, “təbii yoxdursa, oxşarını yarat” məntiqi ekoturizmi də öz ağuşuna alıb. Məsələn, hazırda bir çox ölkələrdə ada turizmində süni adalardan istifadə daha çoxluq təşkil edir və yaxud isti ölkələrdə turistlərə “qış fəsli kompleksləri” yaratmaq yeni ideya deyil. Yəni demək istədiyimiz odur ki, turistlər üçün mövcud şəraitin yaradılması heç də həmişə təbiilik tələb etmir. Əsas odur ki, turist onun istifadəsinə verilmiş şəraitdən yararlana bilir və ondan razıdır. Bu nöqteyi-nəzərdən muxtar respublikada mövcud olan təbii su ehtiyatlarının əksəriyyətinin turizm sektoruna hidroloji abidə kimi təqdim olunmasını daha düzgün hesab etmək mümkündür. Ölkəmizin digər bölgələri ilə müqayisədə Naxçıvanın su ehtiyatları az olsa da, bu ehtiyatların maraqlı coğrafi məkanlarda yerləşməsi onların gözəlliyini daha da artırır. Bunlardan bir neçəsinə nəzər salaq. 
    Şərur rayonu ərazisində yerləşən Arpaçay Su Anbarı Azərbaycanda iri irriqasiya qurğularından sayılır. Bu su anbarı 1977-ci ildə istifadəyə verilib. Su anbarının sahəsi 6,30 kvadratkilometrdir. Araz çayının sol qolu hesab edilən çayın üstündə 68 metr hündürlükdə tikilmiş bənd  anbara 150 milyon kubmetr suyun yığılmasına imkan verir. Bu su ehtiyatından Sədərək, Şərur və Kəngərli rayonunun ərazilərində yerləşən əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu hidroloji abidə yerləşdiyi mövqeyə görə (su anbarının qərb hissəsi dağ yamacları ilə sərhəddir, əks tərəfdən isə Arpaçay boyunca yerləşən kəndlərə avtomobil yolu uzanır) çox cəlbedici mənzərəyə sahibdir və burada müxtəlif turizm növlərinin inkişafı üçün əla imkanlar var. Ən əsası isə su anbarının qərb hissəsi boyunca uzanan yüksək dağ yamacları günün müəyyən hissəsindən sonra Günəş şüalarının qarşısını kəsərək qızmar yay günlərində ətrafa təbii sərinlik bəxş edir.
    Batabat Su Anbarı isə Şahbuz rayonunun ərazisində, Naxçıvançayın hövzəsində yerləşir. Bu hidroloji abidə eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur “Üzən ada” da burada yerləşir. “Üzən ada” sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir. Göldə yaşayan qiymətli qızıl və gümüşü ilişkən balıq növü bu ərazidə balıq ovu idmanına şərait yaradır. Eyni zamanda ada göldəki suyun tam axıdılmasına mane olduğundan balıqlar burada qışda da qala bilirlər. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir. 
    Muxtar respublikada əhəmiyyətli su ehtiyatına malik hidroloji qurğulardan biri də Heydər Əliyev Su Anbarıdır. Babək rayonunun Vayxır kəndi yaxınlığında, Şahbuz rayonu ərazisində yerləşən su anbarı dəniz səviyyəsindən 1059 metr hündürlükdə yerləşir. Ümumi həcmi 100 milyon kubmetrə malik su anbarı 2005-ci ildə istifadəyə verildikdən sonra  Şahbuz, Culfa, Babək rayonlarının suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb, ümumilikdə, anbar vasitəsilə bu gün 17 min hektara yaxın əkin sahəsi suvarılır. Son illərdə burada müxtəlif balıq növlərinin çoxaldılmasına diqqət artırılıb.
    Babək rayonu ərazisində yerləşən Uzunoba Su Anbarı isə son dövrlərdə burada aparılan quruculuq tədbirləri çərçivəsində daha böyük imkanlar əldə edib. Belə ki, bu ərazidə əhalinin istirahəti üçün çimərlik kompleksi yaradılıb, mağaza, kafe, yeməkxana fəaliyyət göstərir. Muxtar respublikada balıq ehtiyatlarının zənginləşdirilməsinə öz töhfəsini verən bu su anbarının ətrafında əhalinin istirahəti üçün yeni infrastrukturun yaradılması bu hidroqurğunun imkanlarını daha da artırıb.  
    Qədim diyarın hidroloji abidələrinə Ordubad rayonu ərazisində də rast gəlmək mümkündür. Belə ki, Zəngəzur dağ silsiləsinin cənub yamacında, dəniz səviyyəsindən 3065 metr yüksəklikdə yerləşən Göygöl həm qədimliyinə, həm də yerləşdiyi coğrafi əraziyə görə digərlərindən fərqlənir. “Kitabi Dədə-Qorqud”da adıçəkilən Göygölün, deyilənlərə görə, əvvəllər həcmi böyük olub, ancaq zaman keçdikcə onu əhatə edən dağların aşınması nəticəsində gölün  sahəsi kiçilib. Naxçıvan Muxtar Respublikasının ən hündür dağ gölü sayılan Göygölün uzunluğu, təxminən, 211, eni 103, dərinliyi isə 7 metrdir. Su tutumu 145 kubmetrdir. Buzlaq mənşəli olan bu gölü bəzən “dörd fəsil” gölü də adlandırırlar.  Çünki yay aylarında, xüsusən də avqust ayında gölün bir tərəfində qar olanda digər tərəfində çiçək açır, digər tərəfdə isə çiçəklərin ləçəkləri tökülür.  Yaradanın Naxçıvana bəxş etdiyi bu gözəl təbiət nümunəsi dağ və piyada turizminin inkişafında əvəzolunmaz imkanlara malikdir.
    Ordubad torpağında digər əsrarəngiz hidroloji abidə Pəzməri kəndi yaxınlığında yerləşən eyniadlı şəlalədir. Şəlalə Zəngəzur silsiləsinin Ordubad rayonu ərazisində yerləşən Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı Pəzməri çayının üzərində yerləşən təbiət abidəsidir. Yuxarı axarlarda kanyonvarı dar, kaskadlı dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan və Pəzməri çayının qolu olan Ayıçınqılı çayının Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır. Pəzməri şəlaləsi su sərfi, axının sürəti, enerji ehtiyatı ilə fərqlənir. Karbonatlı süxurlar üzərində şəlalənin nisbi hündürlüyü, təxminən, 30 metrdir. Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən hər il buraya xeyli insan gəlir. Pəzməri şəlaləsi zəngin enerji ehtiyatına malikdir. Şəlalənin ortaillik su sərfi 1,34 kubmetr saniyədir. Yayın əvvəllərində su sərfi 25 kubmetr saniyəni ötür. Onu da qeyd edək ki, Pəzməri çayının üzərindəki eyniadlı böyük şəlalədən başqa bir neçə xırda şəlalə də mövcuddur. Bu şəlalələr ərazidə olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də burada turizm potensialının olmasından xəbər verir.
    Ümumiyyətlə, muxtar respublikada ekoturizmin inkişafına imkan verən xeyli sayda hidroloji abidələr vardır. Hələ biz bura regionda mövcud olan mineral su yataqlarını, tarixi abidələrimiz sayılan kəhrizləri aid etmirik. Bu sadaladıqlarımızın hər biri turizmin inkişafında bu və ya digər istiqamətlər üzrə mühüm rol oynayacaq obyektlərdir. İnanırıq ki, yuxarıda adıçəkilən Dövlət Proqramının uğurlu icrası yaxın gələcəkdə bu hidroloji abidələrin də turizmə faydasını ön plana çıxaracaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 09.08.2023 19:03