AZ EN RU

Naxçıvanın halay və yallıları ilk dəfə kompleks tədqiqat işığında

Yeni nəşrlər

    Çox qədim və zəngin tarixə malik olan ulu diyarımızın ərazisində yaşayan əcdadlarımız ibtidai dövrlərdən müxtəlif rəqs elementləri ilə yadda qalmış, müxtəlif piktoqrafik işarələrdə bu sistemin izlərini tarixin yaddaşına yazaraq günümüzədək gəlib çıxmasına nail olmuşlar. Son illərdə muxtar respublikamızda aparılan çöl tədqiqatları, arxeoloji araşdırmalar Ordubad rayonu ərazisindəki Gəmiqaya daşları üzərində də Qobustan qayaüstü rəsmlərindəki yallı təsvirlərinin olduğunu elmi dəlillərlə ortaya qoymuşdur. Bəşəriyyətin ikinci atası Nuh Peyğəmbərin quruya ayaq basdığı yer olmasına dayanaraq Gəmiqaya daşlarındakı rəsmlərin Qobustan qayaüstü təsvirlərindən daha qədim olduğunu deməyə əsas verir. Bu da o deməkdir ki, ən qədim insanlar, ulu əcdadlarımız öz yaşayış tərzlərini, düşüncələrini, ilkin inamlarını əks etdirdikləri bu daşlar üzərində rəqslərini də canlandırmışlar. 

    Belə bir tarixi keçmişə malik olan yallı və halayların araşdırılması həm də xalqımızın minilliklərə dayanan mədəniyyətinin bir parçasının öyrənilməsiylə nəticələnmişdir. Bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” monoqrafiyası da məhz,  bu mənada, olduqca qiymətli və dəyərli tədqiqat əsəridir. 
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın ötən il apardığı tədqiqatlarının uğurlu yekunu kimi elmi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinə təqdim etdiyi monoqrafiya elmi tutumu, yeni məlumat zənginliyi ilə seçilir. Monoqrafiya haqqında fikirlərimizə keçməzdən əvvəl bir neçə məqama toxunmaq mütləq lazımdır. Belə ki, tarixdən üzübəri yallıların yarandığı ilkin məskən kimi bilinən və qəbul edilən Naxçıvan ərazisi, xüsusilə Şərur diyarı olmuşdur. Bunun nəticəsidir ki, Şərurda Xalq Yallı Ansamblı fəaliyyət göstərir. Onlar yallılarımızı onilliklərdir, dünyanın müxtəlif ölkələrində təbliğ edirlər. Bu sahədə dövlətimiz tərəfindən də bir çox işlər görülmüşdür. Belə işlərin uğurlu nəticələrindən biri də odur ki, yallı sənəti YUNESKO səviyyəsində də diqqəti cəlb etmiş və 2018-ci ildə “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvan yallı sənəti haqqında məlumatlar toplanaraq həmin beynəlxalq quruma təqdim olunmuşdur. Nəticədə də, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
    Yallıların qorunması, təbliği, öyrənilməsi bununla yekunlaşmır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 24 dekabr 2018-ci il tarixdə “Şərur yallıları haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallılarının xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürü olduğu vurğulanır, yallıların Gəmiqaya təsvirlərində öz əksini tapmasının Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan bəhs edilir. Sərəncamda qeyd olunan məqamlardan biri də belədir: “Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir”. Bu dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan yallıların tədqiqi, təbliği və qorunması Sərəncamda, xüsusilə vurğulanır. Bununla əlaqədar “Tədbirlər Planı” təsdiq edilməsinə göstəriş verilir. 
    Haqqında danışacağımız monoqrafiya məhz həmin Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlərdən biridir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2021-ci il üçün iş planına əsasən nəşr olunan monoqrafiyanın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərlidir. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əbülfəz Quliyev, sənətşünaslıq elmləri doktoru, professor Rafiq İmrani, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun rəy verdiyi monoqrafiya iki fəsildən, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitaba ön söz yazan elmi redaktor Əziz Ələkbərlinin də qeyd etdiyi kimi “Halay və yallılar müxtəlif zamanlarda müxtəlif tədqiqatçıların diqqətini cəlb etsə də, bu barədə ayrı-ayrı kitablarda, elmi jurnallarda, folklor və mədəniyyətlə bağlı müxtəlif toplularda maraqlı fikirlər söylənilsə də, hələ də bu qədim mədəniyyət növü haqqında ətraflı elmi-nəzəri məlumat verilməmiş, həm də folklor hadisəsi olaraq halay və yallıların xalq mərasimlərində yeri və funksiyası barədə əhatəli tədqiqat aparılmamışdır”. Ə.Ələkbərlinin bu fikirlərinə əsaslanaraq əminliklə söyləmək mümkündür ki, A.Cəfərova ilk dəfə məhz bu cür məsuliyyətli və zəhmətli işi öhdəsinə götürmüş və onu uğurla yekunlaşdırmağa nail olmuşdur. Müəllifin özünün giriş hissədə qeyd etdiyi kimi “halay və yallı rəqsləri Azərbaycanın, xüsusilə Naxçıvan Muxtar Respublikasının milli-mənəvi sərvətlərinin şah əsəridir. Bu unikal rəqs janrları özündə təkcə Azərbaycanın deyil, eyni zamanda böyük Türk dünyasının etnik-mədəni sisteminin təzahürü olan prototürklərin milli dəyərlərini minillər ərzində qoruyub saxlamaqla ilk insan həyatının etik və estetik tərzi haqqında informasiyanı müasir dövrümüzə qədər yaşadan sənət abidələridir”. 
    Monoqrafiyanın ilk fəsli “Naxçıvanda milli mədəniyyətin formalaşmasında folklorun və xalq rəqslərinin rolu” adlanır. Adından da göründüyü kimi, bu fəsildə xalqımızın söz yaddaşına müraciət edilmiş, folklor mətnlərində yer alan yallı və halaylarla bağlı məqamlara nəzər yetirilmiş, şifahi söz yaddaşı ilə ritmik hərəkət elementləri arasında paralelliklər aparılaraq araşdırmalar həyata keçirilmişdir. Həmçinin bəzi rəqslərimizdə istifadə olunan folklor nümunələrinin fəlsəfi-mənəvi mahiyyətinə diqqət çəkilmişdir. Bütün bu məsələlər fəsil daxili yarımfəsillərdə ayrıca öyrənilərək elmi nəticələrə gəlinmişdir. 
    Monoqrafiyanın ikinci fəsli “Halay-yallı rəqslərinin tarixi, mənşəyi və fəlsəfi mahiyyəti” adlanır. Bu fəsildə daha geniş tədqiqatlar öz əksini tapmışdır. Yallı və halayların istər tarixi, istər mənşəyi, istərsə də fəlsəfi mahiyyəti əhatəli və müqayisəli tədqiqatlarla təqdim edilmişdir. Müəllifin elmi yanaşmaları yarımfəsillərdən daha aydın nəzərə çarpır. Bu fəsildə beş yarımfəsildə yallı və halaylar öyrənilmiş, müvafiq istiqamətlər üzrə geniş tədqiqatlar aparılmış və uğurlu elmi nəticələr ortaya qoyulmuşdur. Monoqrafiyada, xüsusilə “Halay və yallıların janr və forma xüsusiyyətləri” yarımfəsli bölgədə ta qədimdən bu günədək oynanılan rəqslərin hər biri haqqında ətraflı məlumatların verilməsi ilə diqqəti cəlb edir. Bu yarımfəsildə müəllif hər bir yallı və halayın etimologiyası, ritmik strukturu, tempi, ölçüləri, musiqi xüsusiyyətləri, ayrı-ayrı bölgələrdə hansı adla adlandırılması, hansı bölgədə daha çox yayğın olması barədə geniş məlumat vermişdir. Ümumilikdə, 142 nümunə haqqında bu cür məlumatları toplamaq, tədqiq və təqdim etmək müəllifin gərgin zəhmətinin və yorulmaz tədqiqatçılıq bacarığının göstəricisidir. 
    Yallı rəqslərindən fraqmentlərin yer aldığı bir çox rəngli fotoşəkillər də verildiyi monoqrafiya müəllifin gəldiyi bitkin nəticələrlə yekunlaşır. İstər hər yarımfəsil sonunda əldə olunmuş qənaətlər, istərsə də monoqrafiyanın ümumi sonluğunda verilmiş nəticədən belə bir əminlik formalaşır ki, yallı və halayların ilkin yaranma və digər bölgələrə yayılma yeri Naxçıvan ərazisi olmuşdur. Müxtəlif ayin və mərasimlərdə icra olunan bu rəqslər türkmənşəli xalqların özünəməxsus ilkin düşüncə sistemini hifz edərək gələcək nəsillərə daşıyır. Beləliklə də, yallı və halaylar öz icra-ifa tərzi ilə qədim düşüncə faktının mədəniyyət aktına çevrilməsi fəlsəfəsini də təsdiq etmiş olur.  
    Halay və yallıların bəşəri əhəmiyyəti barədəki fikirlərinin yekununda isə Aytən Cəfərova bildirir ki, bu rəqs janrları tarixin sonrakı mərhələlərində Qafqazın, Orta Asiyanın və Şərqi Anadolunun, İranın, Suriyanın və İraqın, o cümlədən bir çox Avropa xalqlarının milli rəqs sənətinə də təsirsiz ötüşməmiş, onlara da sirayət etmişdir. Bu da Naxçıvan yalıllarının beynəlxalq status qazanmasına öz təsirini göstərməklə yanaşı, ona bəraət də qazandırmışdır. 
    Ümumilikdə, yüzdən çox ədəbiyyata müraciət edən müəllifin ortaya qoyduğu “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” monoqrafiyası bu sahədə aparılmış ilk sistemli tədqiqat əsəri olmaqla yanaşı, bundan sonrakı mərhələdə bu istiqamətdə aparılacaq genişmiqyaslı araşdırmalara da kömək edən ən ciddi və ən sanballı mənbə olacaqdır. Bu təkcə müəllifin uğuru kimi qiymətləndirilməməlidir. Bu həm də, ümumilikdə, milli mədəniyyətimizin, rəqs-musiqi-söz sənəti üçlüyündən ortaya çıxan yallı və halaylarımızın, bu sahəyə böyük diqqət ayıran dövlətimizin, göstərilən diqqət və qayğının müqabilində Naxçıvan elminin nailiyyətidir. Bu münasibətlə müəllifi təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayırıq.

Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru,
 dosent

Nəşr edilib : 11.02.2022 18:50