AZ EN RU

Naxçıvanın Goranboydan gələn əmək qəhrəmanı

    Baş redaktordan onun haqqında yazmaq tapşırığı alanda yadıma orta məktəbdə oxuduğum və müəllim işlədiyim illər düşdü. Onu da deyim ki, mətbuata bağlılığım elə o illərdən başlayıb; elə o illərdə də bu gün qələmə almağa cürət etdiyim “qəhrəmanımı” tanımışam – “Kommunist”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərindən, “Təşviqatçı” jurnalından, eləcə də digər mətbuat orqanlarından. Sonralar belə yazıların sayının artdığını görmüşəm – portret-oçerklər, müsahibələr, ona verilən mükafatlar, yubileyləri, ad günləri ərəfəsində təbriklər... Belə yazıların sayı çoxaldıqca Həvayət xanımı tanıyanlar da çoxalıb, ona hörmət və ehtiram göstərənlər də.  (Və bu gün o hörmət və ehtiram ən yüksək səviyyədədir...)

    Bunları Həvayət xanıma deyəndə bir qədər duruxdu, bir azdan üzünə təbəssüm qondu. Düşündüm ki, yəqin, yaddaşımın gücünə təəccüblənir. Bir qədər yaxın tanışlıqdan sonra gördüm ki, demə, belə deyilmiş... Bir-birindən fərqli iki ictimai quruluşda yaşayan və ən maraqlısı da hər iki quruluşda böyük hörmət sahibi olan, bu günlərdə 85 yaşını tamamlayacaq, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanova ona göstərilən etimadı, diqqət və qayğını bir insan ömrünün dəyəri hesab edir. Ömrü boyu belə yaşayıb. Qarşılaşdığı çətinlikləri dəf etməyi bacarıb; bir qədər təmtəraqlı səslənsə də, mübariz və sözü üzə deyən olub. Elə indi də belədir. 
    Gəlişimin məqsədini deyəndə yenə də duruxduğunu gördüm. Fikrimdən keçdi ki, deyəsən, bu təvazökar, səmimi, həm də, bir az əvvəl dediyi kimi, mübariz olan qadınla söhbətim alınmayacaq. Ancaq tez də yanıldığımı başa düşdüm – “sarı sim” öz işini görə bildi... 
    Oğlu Mehman müəllimin stolun üstünə qoyduğu müxtəlif qəzet materialları, aldığı dövlət təltifləri, digər sənədlər söhbətimizə körpü oldu. Ədəbiyyatımızın korifey sənətkarı Əli Vəliyevin “Durna qatarı” kitabı da onların arasındadır. Süfrəyə çay gələnə qədər həmin kitabı vərəqləyirəm. Burada Həvayət Qurbanova haqqında qələmə alınmış yazıya baxıram. Xalqımız üçün ağır illərin birində – 1937-ci ildə Goranboy rayonunun Sarov kəndində dünyaya göz açıb: həm ziyalı, həm də zəhmətkeş olan bu ailə rayonda xeyirxah ailə kimi tanınıb. Diqqətimi ilk anda cəlb edən isə odur ki, o, 1969-cu ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu Aqronom ixtisası ilə başa vuranda təkcə rayonda deyil, həmçinin ölkədə tanınmış əmək qabaqcılı kimi ad çıxarmışdı; dəfələrlə ovaxtkı rayon və kənd sovetlərinə deputat seçilmişdi, o dövrün respublika komsomol təşkilatının, həmçinin rayon partiya komitəsinin fəxri fərmanlarına layiq görülmüşdü. O yaşda gənc bir qızın belə təltiflərə layiq görülməsi heç də kiçik məsələ deyildi. Ona ən böyük etimad isə 1962 və 1966-cı illərdə VI və VII çağırış SSRİ Ali Sovetinə deputat seçilməsi və elə 1966-cı ildə həm də Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi idi.
    Saralmış, ancaq çox səliqə ilə saxlanılmış “Azərbaycan gəncləri” qəzetini vərəqləyirəm. “Yurdumuzun qəhrəman qızı” adlı yazı diqqətimi cəlb edir (Bu, 1966-cı ilə aid qəzetdir və Həvayət xanım kənddəki “Azərbaycan” kolxozunda işləyir, qiyabi təhsil alır): “Əmək cəbhəsinə qədəm qoyduğu gündən işgüzarlığı, işin çəmini tapmağı, torpağa bağlılığı ilə seçilən Həvayət gənc yaşlarından həyatın mənasını zəhmətdə görür. Təsərrüfatın bir sıra sahələrində çalışır, yoldaşlarına nümunədir. O bunları ucuz şöhrət xətrinə etmir; böyüdüyü ailədən gəlir onun zəhmətkeşliyi. Torpağın qədrini bilən, onun səxavətini görən hər bir kəs bu yolu seçirsə, uduzmur, şan-şöhrət sahibi olur. Elə Həvayət Qurbanova kimi... Bu yaşda çox az adam, üstəgəl qadın Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Bu, Həvayətin halal haqqıdır”.
    Bir anda düşünürəm ki, halallıq ən müsbət insani keyfiyyətlərdən biridir; nə qədər ki, ona sığınmısan, həyat sənə istədiyini verəcək: Həvayət xanım da o yolu seçib. Məhz o yol, o yola bağlılıq Həvayət Qurbanovanı bu gün dayandığı zirvəyə yüksəldib.
    ... Tale elə gətirir ki, Həvayət Qurbanova naxçıvanlı Abdulla Məmmədovla ailə qurur; təbii ki, Naxçıvana gəlir. Burada bir məqamı da xatırlamaq yerinə düşər: Həvayət Qurbanova bu ailəyə gəlin köçəndə onun qayınatası Hüseyn Məmmədov da Sosialist Əməyi Qəhrəmanı idi... O da bu yüksək adı öz zəhməti ilə qazanmışdı və burada bir atalar sözü yadıma düşür: “Gəlin astanaya oxşar”. Gəldiyi ocağa xoşbəxtlik gətirən Həvayət xanım öz xarakteri ilə ailəsinin, qohum-qonşunun məhəbbətini qazanır. Ancaq işləmək arzusu onu tərk etmir. Müraciətinə müsbət cavab alır. Bura gələnədək tanınmış bir təsərrüfat adamı, deputat, qəhrəman olduğunu nəzərə alıb onu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində işə qəbul edirlər. 1993-cü ilə qədər nazirlikdə baş aqronom, nazirliyin tabeliyində olan bir sıra təşkilatlarda müxtəlif vəzifələrdə çalışır. Dövrün, daha dəqiq desək, mövcud ictimai quruluşun müxtəlif çətinlikləri ilə də üzləşir, ancaq geri çəkilmir, prinsipiallıq göstərir, istəyinə nail olana qədər inadından dönmür,  gördüyü işin doğruluğuna inanır, muxtar respublikada aqrar sahənin inkişafı üçün əlindən gələni edir; yeni əkinçilik texnologiyalarının tətbiqini diqqətdə saxlayır; ağsaqqal, torpağın dilini bilən insanlardan məsləhətlər alır. Rayonlarda olur, ictimai təsərrüfatlarda çalışanlara köməyini əsirgəmir; kənd adamlarının sevimli məsləhətçisinə çevrilir. Tapşırılan vəzifələrin icrasına belə məsuliyyətlə yanaşması Naxçıvanda bu goranboylu qızın hörmətini birə-beş qat artırır.
    Böyük həyat təcrübəsinə malik olan Həvayət Qurbanovanın statistik ömür yolu qısaca olaraq bunlardan ibarətdir. Və bu yol başlanandan bu günə qədər də zəngin hadisələrlə doludur ki, onu bir qəzet yazısına sığışdırmaqda, sözün həqiqi mənasında, çətinlik çəkirəm: hansını yazım, hansı qalsın?
     Fikrimdən ona bir sual ünvanlamaq keçir.
     – 8 il SSRİ Ali Sovetinin deputatı kimi şərəfli bir titul daşımısınız. Bu illərdə dəfərlərlə Moskvada – Ali Sovetin sessiyalarında iştirak etmişiniz. Bildiyimizə görə, Naxçıvanın böyük şan-şöhrət sahibi, Sosialist Əməyi Qəhrəmanı, deputat titulunu yüksək qürurla daşıyan Bahar xanım Talıbova ilə yaxın rəfiqə olmusunuz. Və Moskvaya səfərləriniz daha çox hansı hadisələrlə yadınızda qalıb?
    Bir qədər fikrə gedir. Düşünürəm ki, seçim qarşısındadır. Və ilk cavabından onun maraqlı müsahib olduğu qənaətinə gəlirəm:
    – Bunun üçün saatlar lazımdır. Onu deyim ki, Bahar xanım hamıya qarşı səmimi idi. Ancaq mənimlə rəfiqə. Bu yaxınlıq onun ömrünün axırına qədər davam etdi. Yeri behiştlik olsun... Digər deputat yoldaşlarımı da tez-tez xatırlayıram. Xalq yazıçısı Mirzə İbrahimovla yolyoldaşlığımız da unudulmaz xatirələr sırasındadır. Biz deputat qadınlara münasibəti əsl Azərbaycan kişisinə məxsus keyfiyyət kimi yadımda qalıb. Həvayət xanım burada Xalq şairi Bəxtiyar Vahabzadənin

    Yaşamaq yanmaqdır, yanasan gərək –
    Həyatın mənası yalnız ondadır.
    Şam əgər yanmırsa, yaşamır demək –
    Onun yaşamağı yanmağındadır. 

    – şeirini yada salır. Deyir ki, bu şeir hər bir insan üçün bir yolgöstəricisidir... Yaxşı ki, ətrafımdakı insanlar, övladlarım bu həqiqəti dərindən dərk edirlər, həyatın fani olmadığını düşünürlər. Yəni bu gün hansısa bir xeyirxah işə qol qoymusansa, deməli, sən qəlbdə yaşamaq hüququ qazanmısan. Bu sənin mənəvi hüququndur.
    Bir anlığa gözüm evdəki kitab dolabına sataşır: burada dünya klassiklərindən tutmuş Azərbaycan ədəbiyyatının sütunları sayılan şair və yazıçıların əsərləri özünə yer alıb. Əsl ziyalı ailəsi üçün xarakterik olan bu məqam mənə xoş təsir bağışlayır. Bu yaşda belə mütaliədən qalmamasına, bəlkə də, oxuculardan inanmayanlar olar. Ancaq onunla söhbət boyu da bunu hiss etdim ki, Həvayət xanım üçün mütaliə daxili tələbatdır, mənəvi istəkdir. 
    Onunla söhbətimizi davam etdiririk. Bayaq dedim ki, Həvayət xanım Naxçıvana 1967-ci ildə gəlib. Ötən 55 il ərzində bu qədim diyar onun gözləri qarşısında olub.
    – 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə gəlişi, ilk günlərdən öz vətənpərvərliyi, idarəetmə bacarığı, prinsipiallığı, insan amilinə yüksək dəyər verməsi, ölkənin inkişafı naminə gecəni-gündüzə qatması doğma vətənimizi gerilikdən qurtarması Azərbaycanın Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrilməsi ilə nəticələndi. Regionlarda belə inkişaf yoluna düşdü. Uzağa getmədən elə muxtar respublikamızı götürək. Naxçıvanın 1969-cu ilə qədər olan və ondan sonrakı (1982-ci ilə qədər) mənzərəsini o dövrdə yaşayanlar yaxşı xatırlayırlar. Tarix üçün 13 il çox az bir dönəmdir. Ancaq məsələ elə kiçik bir dövr ərzində görülən işlərin həcmindədir.
     Burada Həvayət Qurbanova bir qədər dayanır, sonra söhbətinə davam edir:  – Mənim bir xoşbəxtliyim də ondadır ki, məhz o dövrdən bir qədər əvvəl Naxçıvana gəldim. Yəni ilk iki il ərzində görmüşdüm ki, Naxçıvan nə vəziyyətdədir. Və sonra Naxçıvanda geniş quruculuq tədbirlərinə başlanıldı. Düzdür, o illərdə görülən hər bir iş üçün Moskvadan icazə alınmalıydı. Heydər Əliyev dühası, cəsarəti, prinsipiallığı özünü bir daha göstərdi. Yadıma düşəni də demək istəyirəm. Kimin dediyini xatırlamadığım bir qənaətə gəlinib ki, əgər Heydər Əliyevin Azərbaycanda tikdirdiyi binaları söksən, səhralıq alınar. Doğrudan da, o illərdə nə qədər quruculuq işləri görüldü. Ulu öndər öz vəzifəsini bu işlərlə bitmiş hesab etmir, hər sahənin inkişafına atalıq qayğısı göstərirdi. 
    Onun Moskvaya daha böyük vəzifəyə aparılması bizi nə qədər sevindirsə də... Baxmayaraq ki, ulu öndər elə Azərbaycanı, onun bu gözəl Naxçıvan diyarını unutmur, bacardığı köməkliyi göstərirdi.
    ...Həvayət Qurbanova görkəmli dövlət başçısının Naxçıvana qayıdışını özünəməxsus tərzdə “bu qədim yurd yerinin üzünə gün doğması” kimi dəyərləndirir:
     – O gün Naxçıvanda böyük bayram sevinci yaşandı. Görənlərin yaşayanların heç vaxt yaddaşlarından silinməyəcək bir gün. Həmin gün Naxçıvan dünyaya yenidən doğuldu. Naxçıvanın yeni tarixi o gündən yazılmağa başlanıldı.
    Həvayət xanım kimi maraqlı bir müsahibimin sözünü kəsməyə cürət etmirəm. Xatirələr məni də o illərə aparır, tariximizin yeni səhifələrinin yazıldığı dövrə. Bu barədə xeyli söhbət edirik, dəfələrlə çayımız dəyişir; ortaya şəkillər gəlir. Deyir ki, 1993-cü ildə təqaüdə çıxandan bu günədək də unudulmayıb, muxtar respublikada ən mötəbər tədbirlərə dəvət olunub, ona yuxarı başda yer göstəriblər. Müxtəlif aidiyyəti qurumların əməkdaşları ad günlərində, əlamətdar günlərdə Həvayət xanımın qonağı olublar, onu ziyarət ediblər. Dövlət səviyyəsində qayğı göstəriblər. Bu gün də eləcə. 
    2002-ci ildə daha bir böyük dövlət qayğısını görən – Prezidentin fərdi təqaüdünə layiq görülən Həvayət xanımdan bugünkü Naxçıvan barədə soruşanda sanki üzü gülür:
    – Görünən dağa nə bələdçi, ay oğul. Buraya ölkənin digər regionlarından, yaxın, uzaq xarici ölkələrdən gələnlərə deməsən ki, Naxçıvan blokada şəraitində bunlara nail olub, inanmazlar. Düşünərlər ki, blokada şəraitində belə inkişaf yolu keçilə bilməz. Həqiqət isə budur ki, məhz Heydər Əliyev yoluna sədaqətin, naxçıvanlıların öz torpaqlarına sevgisinin təcəssümü qədim diyarı ən inkişaf etmiş bir məmləkətə çevirib. Söhbətinə bir qədər ara verib mənim Naxçıvan televiziyasına baxıb-baxmamağımı soruşur. Gündəlik olaraq baxdığımı deyirəm. Həvayət xanım sözünə davam edir: 
    – Quruculuq tədbirləri haqqında hazırlanmış verilişlər bugünkü Naxçıvan haqqında hər şeyi deyir. Belə verilişlərə baxanda deyirəm ki, kaş gənclik illərim bu dövrə düşərdi. Sonra da fikirləşirəm ki, nə fərqi var? Elə bu yaşımda da yaşadığım bu gözəl diyarın sürətli inkişafını görürəm. Fəxr edirəm ki, övladlarıma, nəvələrimə bu dövrü görmək qismət olub. Bugünkü naxçıvanlı üçün məktəb, xəstəxana, yol, rabitə problemi yoxdur. Hətta ən ucqar kəndlərdə belə. Yeri gəlmişkən, deyim ki, Naxçıvanın bugünkü inkişafını Bakıda da izləyirlər. Mətbuatda buna tez-tez rast gəlirəm. Elə bu ay ərzində “Azərbaycan” qəzetində Naxçıvanla bağlı bir neçə yazı oxumuşam. Onlardan biri Naxçıvanda inkişafın kəndlərdən başladığı barədə idi. Doğrudan da, belədir. Bunu televiziya ekranlarında da görürük, Naxçıvana gələnlər verdikləri müsahibələrində də gördüklərini etiraf edirlər. Diyarımızda sabitliyin təmin olunması, hər bir işçinin öz vəzifəsinə məsuliyyətlə yanaşması, ağsaqqal sözünün keçərli olması... daha nə deyim... yeni istehsal sahələrinin yaradılması... bütün bunlar ki hamımızın gözü qarşısındadır. Milli-mənəvi dəyərlərin qorunması, təhrif olunmuş tariximizin yenidən araşdırılması, abidələrimizə doğma münasibət... Bütün bunlar güclü iradə sahibinin gərgin əməyinin, doğma yurduna olan böyük sevgisinin, ən əsası isə vətənpərvərlik əzminin bəhrəsidir.
    Həvayət Qurbanova deyir ki, arabir ailə üzvləri ilə yığışıb gözəl Naxçıvanımızın ən ucqar şəfalı yerlərinə üz tuturlar – Batabata, Gəmiqayaya, Əlincəqalaya və digər ünvanlara. Oralarda xeyli turistin olduğu onlara bir dünya sevinc bəxş edir ki, Naxçıvanda yaşayırlar...
    Elə yeri gəlib. Ailəsi barədə soruşuram. Üç övlad böyüdüb – 2 oğul, 1 qız. Onların biri ali, ikisi orta ixtisas təhsillidir. Hər biri öz ixtisasına uyğun işdə çalışır. Həvayət xanımın 7 nəvəsi, 2 nəticəsi var. Artıq ailə quran və Həvayət xanıma ilk nəticə sevinci yaşadan böyük nəvəsi nənəsinin adını qürurla daşıyır. Ona müraciət edirəm: 
    – Bu adın məsuliyyətini dərk edirsənmi?
    Nəvə Həvayətin də, nənə Həvayətin də üzlərində yaranan təbəssümü görürəm. Bu suala da nənə cavab verir:
    – Hamısını sağ olsunlar. Fəxr edirəm ki, onların yolunda çəkdiyim zəhmət itməyib. Arzu edirəm ki, bundan sonra da xoş sədalarını eşidəm.
     Onu 85 yaşının tamam olması münasibətilə “Şərq qapısı” qəzetinin kollektivi adından təbrik edir, sağlam ömür arzulayır və işə qayıtmağa hazırlaşıram. O da bizi təbrik edir:
    – İki ay əvvəl qəzetinizin 100 illik yubileyinin dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu həm televiziyada gördüm, həm də qəzetinizdə oxudum. Xeyli sevindim. Gec də olsa, qəzetinizin daimi oxucusu kimi həm mükafatlandırılan əməkdaşlarınızı, həm də bütün kollektivinizi təbrik edir, şərəfli və məsuliyyətli işinizdə sizə uğurlar arzulayıram.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 17.02.2022 19:45