AZ EN RU

“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun əməkdaşları tərəfindən hazırlanan “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı çapdan çıxıb.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, kitabda Əlyazmalar Fondunun 17 illik fəaliyyətinə nəzər salınır, görülən işlər, aparılan tədqiqatlar əhatəli şərh olunur.

Üç bölmədən ibarət kitabda Məhəmmədtağı Sidqinin Axund Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı “Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri, Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı”qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsi,  Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolu və həmin protokollardan seçilmiş müxtəlif adlar təqdim olunur.

Həmçinin “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, “Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumat  verilir.

Əsərin sonuna Məhəmməd Füzulinin Ə.H.Ordubadinin sifarişi ilə üzü köçürülmüş “Leyli və Məcnun” poemasına çəkilən miniatürlər və bəzi arxeoqrafik sənədlərin nüsxələri əlavə edilib.

Bölmənin Əlyazmalar Fondunun əməkdaşları tərəfindən hazırlanan kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə edilib.

Layihənin müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov, nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi isə professor Hacıfəxrəddin Səfərlidir. Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevanın birgə tərtib etdiyi kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.

Kitab mütəxəssislər və bu sahəyə maraq göstərənlər üçün faydalı mənbədir.

Nəşr edilib : 17.05.2023 10:08