AZ EN RU

Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır

Prezident İlham Əliyev:  Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Naxçıvan Muxtar Respublikasının inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, eləcə də SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda daim Naxçıvanın hərtərəfli tərəqqisi, muxtariyyət statusunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirindəki nitqində Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
Respublikamıza ikinci dəfə rəhbərliyi illərində Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda davam etdirildi.
Naxçıvan Muxtar Respublikasının 100 il ərzində keçib gəldiyi yol bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış Heydər Əliyev yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur. Naxçıvan yaşadı, inkişaf etdi, çox qısa zamanda Azərbaycanın lider regionuna çevrildi. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilmiş, muxtar respublika Ulu Öndərimizin arzuladığı, görmək istədiyi kimi qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir. İndi bu şəhərdə, Ulu Öndərimiz Heydər Əliyevin çox sevdiyi və bir vaxtlar çətin iş rejimində çalışdığı şəhərdə çox şey tanınmaz dərəcədə yaxşılığa doğru dəyişmiş və dəyişməkdədir. Bu, ilk növbədə, Ümummilli Liderimizin uzun illərə hesablanmış ideyalarının təntənəsidir. Bu, müasir Naxçıvanın gerçək siması, real mənzərəsidir. Başımızın tacı saydığımız Naxçıvan bu möhtəşəmliyi ilə düşmənlərinə gözdağıdır. 
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.
Xalqımızın böyük oğlu özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz xalqımızın böyük oğlu Heydər Əliyevə məxsusdur. Onun Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Qətiyyətlə demək olar ki, müstəqil Azərbaycan dövləti məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Görkəmli dövlət xadimi ilk dəfə respublikaya rəhbər seçiləndən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmış, ölkəmiz sürətlə inkişaf edərək sovet ittifaqında ən qabaqcıl yerlərə çıxmışdır. 
Naxçıvanda milli ruhun, milli şüurun daşıyıcısı olan Azərbaycançılıq ideologiyası həmişə sədaqətlə yaşadılıb. Bu sadiqlik naxçıvanlılara həyatın bütün sahələrində uğurlar gətirib. Çətinliklərə sinə gərərək qurub-yaradıblar. Bugünkü Naxçıvan Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam dövlətçiliyimizin taleyüklü məsələlərinin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğının daha bir ifadəsidir. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”. 
Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir. Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə əbədi, həmişəyaşar abidə ucaltdı.    
Ümummilli Liderimizin bütün ömrü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur. 
Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Azərbaycan Prezidentinə xalqın sevgisini təkrar gördük. Seçkilər başa çatandan sonra ölkənin hər yerində xalqın küçələrə, meydanlara axışaraq öz Liderini təbrik etməsi, bayram əhvali-ruhiyyəsinə boyanan ölkə bir daha doğru seçim etdiyimizi və növbəti 7 il ərzində inkişaf, durmadan irəliyə getmək və sabitlik üçün həmrəy olduğumuzu göstərdi. Naxçıvan da öz muxtariyyətinin 100-cü ilində yenidən onun inkişafına stimul yaradan, əsrin 20 ilini birlikdə addımladığı lideri növbəti  7 ildə də öz Prezidenti görmək istədiyini bəyan etdi.
Cənab Prezidentin fevralın 14-də keçirilən andiçmə mərasimi isə müstəqil Azərbaycanın yeni yüksəliş, tərəqqi və uğurlar dövrünün başlanması bizdə gələcəyə dair daha nikbin və qətiyyətli olmağa əminlik yaradır. İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xariqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə Ulu Öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş Ulu Öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.
Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlir, tarix yaradırlar. Tarix yaratmaq isə hər kəsə nəsib olmur. Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan müdrik şəxsiyyətdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılan Ümummilli Liderimizin ömür yolu xalqa xidmət nümunəsidir. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bütün bu nailiyyətlərin təməlində isə Ümummilli Lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı,
 tibb üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 08.04.2024 09:53