AZ EN RU

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Zəfər Günü münasibətilə tədbir keçirilib

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən bildiriblər ki, Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub.

Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Sonra keçirilən tədbirdə daimi nümayəndəliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ölkəmizin tarixinə qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılmış Zəfər Gününü böyük təntənə ilə qeyd etdiklərini bildirib. O deyib ki, noyabr ayı Azərbaycan xalqının tarixində Zəfər ayı, möhtəşəm bayramlar ayı kimi qalacaq. Vurğulanıb ki, 30 ildən çox erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etmək üçün 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi noyabrın 8-də Azərbaycanın Qələbəsi, düşmənin isə darmadağın olması ilə sona çatıb.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə dövlətimizin başçısın ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin tarixinə, həmçinin xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və terror siyasətinə, silahlı təxribatlara nəzər salan Bəxtiyar Əsgərov Vətən müharibəsini labüd edən amillərdən danışıb. Müharibədə böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyevin həm də həyatını ölkəmizə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin arzusunu reallaşdırdıdığını diqqətə çatdırıb.

Nümayəndəliyin rəhbəri Azərbaycan Prezidentinin Xankəndinin mərkəzi meydanında Dövlət Bayrağımızı ucaltmasının dünya azərbaycanlılarının son əsrlərdəki ən qürurverici anlarından biri olduğunu deyib. “20 illik qısa zaman kəsiyinə əsrlərin fövqündə olan zəfərlər sığdıraraq Azərbaycan xalqını başıuca, qürurlu, bəxtəvər edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tükənməz minnətdarlıq duyuruq!”, - deyə B.Əsgrov çıxışını yekunlaşdırıb.

Tədbir digər çıxışlarla davam edib.

Nəşr edilib : 07.11.2023 14:21