AZ EN RU

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində 19 yanvar 2021-ci il tarixdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Daimi nümayəndəlikdən bildiriblər ki, tədbirdə əvvəlcə 20 Yanvar faciəsi zamanı, həmçinin Vətənin azadlığı, suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş, eyni zamanda, günahsız olaraq qətlə yetirilmiş Azərbaycan oğullarının və qızlarının, həmçinin Vətən müharibəsində həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qan yaddaşımıza böyük faciə, eyni zamanda, müstəqilliyə yol açan qanlı, qətllərlə dolu tarix və şərəfli qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verərək qeyd edib: “Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovetlər birliyi rəhbərliyinin qanlı zehniyyətinin və hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda respublikamızın şəhər və rayonlarında, xüsusilə, Bakıda, mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu tarix əslində, xalqımızın müstəqillik əzmini, milli kimliyimizi dünyaya tanıdan tarixi bir gün oldu. Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu”.

Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı danışan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib: “Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi məlum hərbi müdaxilələrini, təəssüf ki, o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən dolayısı ilə keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” qondarma fərmanı təcavüzkar Ermənistanın planlı şəkildə meydana atdığı fitnəkarlıqların sovet imperiyası rəhbərliyi tərəfindən birbaşa dəstəkləndiyinin göstəricisi idi. Bütün bunlarla yanaşı, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz ittifaqın “göstərişi, yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə, sanki heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini, emosiyalarını tarıma çəkmiş, onu sonsuz dərəcədə hiddətləndirmişdi. Artıq Azərbaycan xalqı sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan Vətən övladları bu ləkəni öz qanları bahasına da olsa yumaq üçün ayağa qalxmışdılar. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiya rəhbərliyinin ənənəvi zor vasitəsinə əl atması mövcud sistemin antihumanist təbiətini tam aydınlığı ilə aşkara çıxartdı”.

Bəxtiyar Əsgərov vurğulayıb: “Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən, Azərbaycana qarşı bu işin başlandığını və genişlənəcəyini təşviq edən açıq terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də muxtar respublikanın Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və sakinlərinin həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Bu qərara əsasən, Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və beləliklə də 20 Yanvar hadisələrinin ilk qanlı səhifəsi yazıldı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun ermənilərdən ibarət xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunmamış hərbi qulluqçular əliyalın insanları amansızcasına qətlə yetirdilər. Belə bir vəziyyət hətta fövqəladə vəziyyət elan edildikdən sonra da davam etdi. Nəticədə, Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Demək olar ki, tariximizin qan yaddaşına əbədi həkk olunmuş həmin tarixdə soydaşlarımızın başına gətirilən faciə dünyada misligörünməmiş soyqırımıdır. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar””.

“Vəhşi sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı qırğının ertəsi gün – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləmiş, xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirmiş, bəyanatla çıxış etmiş, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham edərək demişdir: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır”,- deyə bildirən daimi nümayəndəliyin rəhbəri dedi: “1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.Yalnız bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. 1994-cü ilin martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi qərar qəbul etmişdi. Bu qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq-mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi. Bununla da, nəhayət ki, qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi”,-deyə daimi nümayəndəliyin rəhbəri sözlərinə əlavə etdi;

“Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.”

Bəxtiyar Əsgərov qeyd edib: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur”.

2020-ci ildə, uzun illərdən bəri torpaqlarımızı işğal etmiş Ermənistan üzərində qazanılmış şanlı qələbədən geniş bəhs edən daimi nümayəndəliyin rəhbəri qürur hissi ilə qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi. Keçən əsrin sonlarından bu günə kimi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin, o cümlədən, 20 Yanvar şəhidlərinin qisası alındı. Ali Baş Komandanımız Cənab İlham Əliyev bir sərkərdə kimi dünyaya daha müasir hərb qaydaları, yeni müharibə taktikası təqdim etdi. Öz bacarığı, uzaqgörənliyi, ən başlıcası qətiyyətli qərarları ilə Azərbaycan dövlətinə və xalqına ictimai-siyasi sabitlik, qürur, fərəh dolu yeni ruh, qüdrətdən yoğrulmuş, müasir silahlarla təchiz olunmuş, dünyanı heyrətə gətirən qalib ordu, müqəddəs zəfər bəxş etdi. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik". Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır!”

Bəxtiyar Əsgərov xüsusi qeyd edib: “20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Ümumxalq Hüzn Günü kimi muxtar respublikanın bütün rayon və şəhərlərində ucaldılmış və ziyarətgaha çevrilmiş 20 Yanvar abidələrinin önündə insanların izdihamlı keçidi ilə yad edilir. Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa qayğısı ilə şəhid və qazi ailələrinə göstərilən diqqət, qayğı, bu sahədə görülən işlər, atılan humanist addımlar ayrıca qeyd edilməli, cənab Sədrin bu sahədə imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar xüsusi vurğulanmalıdır. Məhz cənab Vasif Talıbovun həyata keçirdiyi uğurlu sosial-iqtisadi fəaliyyətin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən abidələr ucaldılmış, həyata keçirilən fəaliyyət proqramları, sosial layihələr, şəhid ailələrinə yüksək diqqət və qayğı, onlara mütəmadi olaraq pulsuz verilən mənzil, maşın və digər yardımlar gənc nəsillərdə gələcəyə ümid, etibar, vətənə, torpağa bağlılıq hissinin möhkəmləndirilməsinə əsaslı zəmin yaratmaqdadır”.

Sonda Daimi nümayəndəliyin rəhbəri bir daha vurğulayıb: “20 Yanvar adlı sovet siyasi terror aktından bizi bir qərinəyə yaxın vaxt ayırır. Ulu öndərimiz Heydər Əliyevin ifadə etdiyi kimi, əbədi, dönməz və sarsılmaz olan müstəqilliyimizin işığında yaşayan doğma, cəfakeş xalqımız hər il olduğu kimi, bu il də əsarət qandallarını sındırmış, azadlıq şamlarını yandırmış şəhidlərimizi ehtiramla yad edir. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdı, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəticədə müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”. Bəli, nə qədər ki, xalqımız yaşayacaq, nə qədər ki, müstəqil Azərbaycan var olacaq – 20 Yanvar faciəsi yaddan çıxmayacaq, şəhidlər heç zaman unudulmayacaq!

Tədbir digər çıxışlar və İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında “Şəhidlər ölməz, Vətən bölünməz” adlı bədii kompozisiya ilə davam etdirilmişdir.

Nəşr edilib : 19.01.2022 11:55