AZ EN RU

Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi region üçün hansı perspektivləri vəd edir

    Bir neçə gün bundan əvvəl keçirilən “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” adlı konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli maraqlı bir məsələyə toxundu. Səlahiyyətli nümayəndə çıxışı zamanı bildirdi ki, “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır”. 
    Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi son dövrlərdə bir neçə dəfə müxtəlif səviyyələrdə səsləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda isə bununla bağlı konkret vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, proqramın 4.1.1-ci bəndində qeyd olunur ki, azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi müzakirələrin getdiyi bir dövrdə muxtar respublikanın azad ticarət zonasına çevrilməsi haqqında mühüm vəzifələrin ortaya qoyulması bu sahədə ciddi layihələrin həyata keçirilməsindən xəbər verir. Maraqlıdır, coğrafi baxımdan Azərbaycanın əsas ərazilərindən ayrı salınmış Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi region üçün hansı perspektivləri vəd edir?
    Bunun üçün ilk olaraq “azad iqtisadi zona” anlayışına aydınlıq gətirməyə ehtiyac var. Bu cür ərazilərin yaradılmasında əsas məqsəd, əvvəlcədən müəyyən olunmuş hansısa bir bölgəyə sahibkarların marağını cəlb etmək, həmin ərazinin investisiya cəlbediciliyini artırmaq, bununla da iqtisadi münasibətlərdə həmin zonanın fəallığını təşviq etməkdir. Təbii ki, bütün bu proseslərin nəticəsində əhali məşğulluğunun təmin edilməsi, ixrac-idxal aktivliyinin artırılması, sahibkarlığın inkişafında bürokratik əngəllərin aradan qaldırılması əsas hədəflərdən sayılır. Qeyd edək ki, bu iqtisadi mexanizm tarixdə ilk dəfə yunanlar tərəfindən tətbiq olunsa da, ötən əsrin ikinci yarısından ABŞ, Koreya, Çin və digər ölkələrdə daha geniş yayılmağa başlanılıb. Müasir dövrdə isə vəziyyət belədir: Dünya Bankının 2022-ci ildə yaydığı məlumata görə, dünyada 4000-dən çox azad iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracatda çəkisi 200 milyard dollardan artıqdır.
    Vurğulamaq lazımdır ki, azad iqtisadi zonalar üçün ərazilərin seçilməsi müəyyən şərtlər üzərində formalaşır. Bu şərtlər içərisində ən başlıcası isə xüsusi zonanın qonşu ölkələrə yaxınlığı və xarici bazarlara rahat çıxış imkanları, ərazinin lazımi infrastruktur layihələrinə sahib olması, eyni zamanda zonaların şaxələndirilmiş nəqliyyat (gəmi, qatar və avtomobil marşrutları) xətlərinə əlçatanlığıdır. Hazırda Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları üzərində mərkəzi qovşağa çevrilməsi bu cür zonaların yaradılması zərurətini bir daha ortaya qoyur. Xüsusilə Şərq-Qərb dəhlizi üzərində son illərin ən böyük layihələrindən olan Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin müasir logistik-tranzit imkanlarını təqdim edir. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər isə Naxçıvan Muxtar Respublikasının tranzit imkanlarının önünü acır. Muxtar respublika ətrazisində azad ticarət zonasının yaradılması bu baxımdan bir sıra yeni perspektiv imkanları ortaya çıxarır. Nəzərə alaq ki, ötən əsrin əvvəllərindən başlayaraq, xüsusilə sovetlər birliyi dövründə Bakı-Naxçıvan-İrəvan dəmiryol xətti hər il milyonlarla ton yükün daşındığı mühüm nəqliyyat xətlərindən biri olub. Eyni zamanda adıçəkilən dəmiryol xətti İran İslam Respublikasına da Culfa vasitəsilə (Moskva-Tehran) sərnişin və yükdaşımalarını yerinə yetirib. Hazırki dövrdə isə bu dəmiryol xəttinin Qars-İqdır dəmir yolu xəttinə birləşdirilməsi işləri həyata keçirilir. Ortaya çıxan nəticə budur ki, bu layihələr (paralel olaraq həm də avtomobil yolu) tamamlandıqdan sonra Naxçıvan ərazisi mühüm nəqliyyat qovşağına çevriləcək. Bu cür aktiv nəqliyyat qovşağında azad ticarət zonasının yaradılması isə olduqca mühümdür. Həmçinin belə xüsusi zonanın yaradılması muxtar respublika üçün bir sıra əhəmiyyətli perspektivlər vəd edir. Bunlar hansılardır?
    Birincisi, azad iqtisadi zonalar beynəlxalq nəqliyyat marşrutlarına yaxın yerdə yaradılır. Naxçıvanda isə dəmiryol və avtomobil yollarının Böyük İpək Yolu üzərində yerləşməsi, əlavə olaraq, muxtar respublikada beynəlxalq statusa malik hava limanının mövcudluğu yaradılacaq xüsusi zonanın inkişafına mühüm təsir göstərəcək, nəticədə, ixrac-idxal əməliyyatlarında nəqliyyat şaxələndirilməsi təmin ediləcək. 
    İkincisi, belə zonalarda istənilən iqtisadi fəaliyyət növü üçün gömrük-vergi rüsumları tətbiq olunmadığından sahibkarlığın inkişafı üçün münbit şərait yaranacaq. 
    Üçüncüsü budur ki, yeni yaradılacaq iqtisadi zona təkcə logistika baxımından deyil, həm də yerləşdiyi bölgənin özünün mühüm sənaye və kənd təsərrüfatı potensialına malik olması ilə də əhəmiyyətlidir. Bu isə yerli sahibkarlarla yanaşı, xarici investorların da regiona marağını artıracaq. 
    Bunu da nəzərə alaq ki, azad iqtisadi zonaların inkişafı, eyni zamanda maliyyə və sığorta xidmətlərinin, valyuta əməliyyatlarının, əqli mülkiyyətin, turizmin və digər sahələrin inkişafına böyük təsir göstərir. Bu isə gələcəkdə Naxçıvanı mühüm maliyyə və xidmət mərkəzlərinin, ticarət nümayəndəliklərinin cəmləşdiyi mərkəzə çevirə bilər.
    Sonda bir məsələni də qeyd edək ki, müasir dövrdə azad iqtisadi zonalar yaradılarkən coğrafi mövqeyinə görə dünyadakı analoji zonaların təcrübəsi bir daha öyrənilir. Məsələn, Bakıda Beynəlxalq Dəniz Ticarəti Limanı (Ələt Azad İqtisadi Zonası) üçün ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya təcrübəsi nəzərdən keçirilsə də, mütəxəssislər Dubay modelinin tətbiqini daha təkmil variant kimi qəbul edirlər. Düşünürük ki, Naxçıvan üçün də tətbiqi perspektivli hesab olunacaq bir modelin tapılmasına ehtiyac var. Hər halda bütün bunlar yaxın gələcəkdə mühüm müzakirə mövzusuna çevriləcək məsələlər olacaq. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının
Əməkdar jurnalist

Nəşr edilib : 06.06.2023 20:01