AZ EN RU

Naxçıvanın adını daşıyan kənd 500 illik Osmanlı xəritəsində

    Bu yaxınlarda “Şərq qapısı” qəzetində “Naxçıvandan Dörddivana uzanan 900 illik sirr” yazısında “Naxçıvan məhəlləsi” adlı bir məhəllədən bəhs etmişdik.  Türkiyənin Bolu vilayətinin Dörddivan rayonunun Adaköy kəndinə bağlı bu Naxçıvan məhəlləsi ilə bağlı araşdırmalarımızda tarixi mənbələrə istinad edərək öyrənmişdik ki, Malazgird savaşı ilə Anadoluya gələn Oğuz türklərinin bir bölümü 1074-1076-cı illərdə Dörddivan və ətrafındakı ərazilərə yerləşmiş və yerləşdikləri yerlərə də oğuzlara məxsus yer adları vermişlər. Seyidəlilər, Bayramlar, Camallar, Dülgər, Avşar, Göynük, Doğançılar, Dəmirçilər, Qara-ağac, Əhmədlər, Ocaqlar və onlarla bu kimi kənd və məhəllə adları indiyədək qalmaqdadır. Tarixçi Mehmet Süme “Türklərdə yer adı vermə adətləri və Oğuz boylarının Boludakı izləri” adlı əsərində yazır ki, oğuzlar yerləşdikləri ərazilərdə əvvəl yaşadıqları yer, tayfa və şəxs adlarından geniş şəkildə yararlanmışlar. Bunu Bolu və ətrafında yerləşən kənd və məhəllə adlarından da görmək mümkündür.  
    Hazırda Dörddivanın Adaköy kəndinə bağlı Naxçıvan məhəlləsi də yüzillər boyunca yerli sakinlər tərəfindən qorunub saxlanılaraq günümüzədək gəlib çatmış toponimlərdən biridir. Ötən yazıda bildirmişdik ki, Naxçıvan məhəlləsi Adaköy kəndinə aid olsa da, coğrafi baxımdan bu məhəllə kənddən bir az aralıda yerləşir. Məhəllənin kənddən niyə bu qədər aralı düşdüyünü oradakı dostlarımızdan soruşsaq da, buna məntiqli bir cavab ala bilməmişdik. Digər bir maraqlı məqam isə bundan ibarətdir ki, kəndlə məhəllə arasındakı ərazilər düzənlikdir və burada əkin sahələri yerləşir. Eyni zamanda məhəllə və kəndi bir-birindən asfaltlanmış avtomobil yolu ayırır. Bunu ona görə qeyd edirik ki, burada məhəlləni kənddən ayıracaq heç bir coğrafi maneə –  dağ, təpə, dərə yoxdur. Yəni nə zamansa, zəlzələ və yaxud sel suları səbəbindən bu iki yaşayış məntəqəsini ayıracaq hadisənin olması inandırıcı görünmür. Elə bu müzakirələri edərkən bizimlə Naxçıvan məhəlləsi boyunca yolyoldaşı olan, vaxtilə bu məhəllədəki məscidin imamı olmuş Mustafa Uludağ bildirmişdi ki, vaxtilə indiki Naxçıvan məhəlləsi böyük bir ərazini əhatə etmiş, daha doğrusu, böyük bir yaşayış məntəqəsi olmuş, zaman keçdikcə əhalinin dolanışıq ucbatından böyük şəhərlərə köç etməsi nəticəsində “Naxçıvan” məhəllə  səviyyəsinə qədər kiçilmişdir. Həmsöhbətimiz onu da əlavə etmişdi ki, dörddivanlıların Ankaradakı dərnək rəhbəri Fəxrəddin Özqorxmaz Osmanlı dövrünə aid xəritələrdə də bunun əks olunduğunu bildirir. Sonralar Fəxrəddin Özqorxmaz bizimlə söhbətində həmin xəritənin əks olunduğu fotonun göndərəcəyini də söz vermişdi. 
    Bu günlərdə Fəxrəddin bəy həmin xəritənin fotoşəklini bizə göndərdi. Osmanlı dövrünə aid bu xəritədə Bolu vilayətinin 1530-cu ilə aid yer adları əks olunub. Həmin xəritədə “Naxçıvan” adı kənd kimi göstərilib. Ətrafında isə Ada, Doğancılar, Adakınık və sair kəndlər yerləşir. Adakınık və Doğançılar kəndləri indi də var. Adaköy isə böyük ehtimalla xəritədə “Ada” kimi yazılmış kənddir. 
    Bilinən odur ki, Naxçıvan məhəlləsinin olduğu ərazi tam 500 il bundan əvvəl xəritədə kənd kimi qeydə alınıb və ehtimal etdiyimiz kimi, zaman-zaman əhalinin digər yerlərə köçməsi nəticəsində kiçilərək bugünkü məhəllə səviyyəsinə çatıb. Bununla yanaşı, maraqlı məqamlardan biri də odur ki, Türkiyə Respublikası Prezidentinin Dövlət Arxivləri Baş İdarəsinin Osmanlı Arxivi Şöbəsi tərəfindən nəşr olunan kitabda 1530-cu ilə aid Bolu sancağındakı qəza və kənd adları arasında Naxçıvanla yanaşı, Nahta, Nakren, Nacak, Nuh-viran, Nuh çiftliyi, Nuh zaviyəsi kimi yer adları da var. Nuh-viranın indiki Nuhören kəndi, (bu haqda ötən yazıda bəhs etmişdik) yoxsa ayrı bir kənd olduğunu dəqiqləşdirə bilməsək də, bu bölgədə Naxçıvan və Nuh Peyğəmbərlə bağlı çox zəngin toponimlərin olduğunu görürük. Bütün bunlar isə maraqlı tədqiqat mövzusudur. İnanırıq ki, bu istiqamətdə işləmək istəyən tarixçilər daha maraqlı faktların üzə çıxarılmasına nail ola biləcəklər. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının
 Əməkdar jurnalisti

Nəşr edilib : 05.07.2023 20:47