AZ EN RU

Naxçıvanın 2023-cü ilin yekunlarına dair iqtisadi inkişaf göstəriciləri açıqlanıb

"Naxçıvanın əsasən makroiqtisadi göstəricilərini diqqətdən yayınmayıb. Belə ki, Naxçıvanda 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 552 milyon manatdan çox olub. Bu dövrdə sənaye məhsulunun həcmi 593,9 milyon manat, kənd təsərrüfatı məhsulu 358,4 milyon manat, informasiya və rabitə xidmətlərinin həcmi 34,2 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 178,2 milyon manat, orta aylıq əməkhaqqı isə 689,0 manat təşkil edib".
Bunu istehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib. O bildirib ki,  Naxçıvan iqtisadiyyatında şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib. Belə ki, 2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı 55,7 faiz,  vergi daxilolmalarında isə 62,4 faiz təşkil edib: "Sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlcatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib ki, bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına və 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. Muxtar respublika iqtisadiyyatında kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib, 2023-cü ildə qeydiyyatda olan KOB subyektlərinin sayı 2022-ci illə müqayisədə 26 faiz artıb".
Abbas İsmayılov diqqətə çatdırıb ki, daşınmaz əmlakın şəffaf idarə edilməsi nəticəsində 2023-cü ildə bağlanmış icarə müqavilələrindən büdcəyə daxilolmalar 7,7 faiz, daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatı 43,6 faiz, dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar ötən illə müqayisədə 2,2 dəfə artıb: "Muxtar respublikada sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilib. 2023-cü ildə 531-dən çox müsabiqə əsaslı satınalma həyata keçirilib, satınalmalarda ehtimal olunan qiymətin 16 faizinə qənaət olunub".
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Abbas İsmayılov bildirib ki, proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir. Xarici və yerli investorların Naxçıvana səfəri muxtar respublikanın iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.

Nəşr edilib : 26.01.2024 12:28