AZ EN RU

Naxçıvanın 20 yaşlı cavanı

Yaşı yüz illərlə ölçülən, torpağından qəhrəmanlıq ətri gələn, hər daşında ox nişanı olan, hər addımında vətənpərvərlik ruhu duyulan Naxçıvanın adı qədim, özü gənc 20 yaşlı Kəngərli rayonuna qədəm qoyduğumuz ilk addımda bu torpağın qəhrəman igidlərinin yolboyu sıralanan fotoları “qarşılayır” bizi. Şanlı Vətən savaşının qəhrəmanları İsmayılın, Təbrizin, Ülvinin, Həmidin gənc üzünə, gülən gözlərinə baxdıqca bir anlıq kədər bürüsə də, insanın ürəyini “Biz qələbə şəhidləriyik, Vətənin sülh göyərçinləriyik, biz bütöv Azərbaycanın qəhrəman oğullarıyıq” sədası eşidiləndə duyduğumuz kədər qürurla əvəz edilir. Kəngərlilərin – qəhrəman oğulların davamçıları, sizi bu millət heç vaxt unutmayacaq, – deyib tarixə nəzər salırıq. 

    Tarixin tozlu səhifələrində
    Kəngərlilər

    “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: “Onlar haqqında fikir demək üçün gərək o qoşunları döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımıdırlar. Döyüş vaxtı göydən düşmənlərin lap mərkəzinə düşürlər, ölüm və dəhşət səpələyirlər”.
     Ölkəmizin inzibati-siyasi xəritəsində kiçik bir yer tutan Kəngərli bölgəsi ta qədim zamanlardan özünün maddi mədəniyyət nümunələri, əvəzsiz tarixi-memarlıq abidələri, Vətəninə sədaqətli elm, mədəniyyət, hərb xadimləri ilə daim seçilib. Tarixçilərin apardığı araşdırmaların nəticəsində bəşəriyyətin ilk sivilizasiyasını yaradan Şumerlərin davamçıları da hesab edilən Kəngərli tayfaları Naxçıvanda Şərur rayonunun (hazırda Kəngərli rayonu) ərazisində Arazboyu maili düzənlikdə daha sıx məskunlaşıblar.
    Kəngərlilər qədim türkdilli tayfalardandır. “Kəngər” sözü Aral və Balxaş gölləri arasında ortaya çıxıb. XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin, XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olub. Bu dövrdə Səfəvi şahları Naxçıvan diyarının idarə edilməsi hüququnu özlərinin ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına əmanət ediblər. Əsası 1747-ci ildə Heydərqulu xan Kəngərli tərəfindən qoyulan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm yer tutub. İndiki Kəngərli rayonunun ərazisi kəngərlilərin yaşadığı qədim ərazi – Arazboyu düzənlikdən şimal-qərbdən cənub-şərqə doğru uzanır. Rayon şimal və şimal-şərqdən Dərələyəz dağ silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir.
    Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir. Rayonun Qarabağlar kəndindəki Qarabağlar türbəsi əsrlərdir, tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalmışdı, abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlamışdır. Abidə təmir-bərpa edilmiş və turistlərin ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilmişdir. Kəngərlilər tayfasının Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rolu olub. Səfəvilər dövlətinin dövründə Kəngərlilər dövlətin daxili və xarici siyasətində fəal iştirak ediblər. XVIII əsrin II yarısında Kəngərli hakimlərinin əksəriyyəti Azərbaycanda yüksək titullar daşıyıb.
     Kəngərlilərin tarixini qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkləşdirib. 2004-cü ildə Kəngərli rayonunun yaradılması bunun ən bariz nümunəsidir.

    Adını tarixə qızıl hərflərlə yazan 
    Kəngərlilərin ruhuna ehtiram

Kəngərli rayonu 20 il əvvəl – 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb. Qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar, Yurdçu, Xok, Qıvraq, Şahtaxtı, Qabıllı və Yeni Kərki, Babək rayonunun isə Böyükdüz, Çalxanqala, Xıncab kənd inzibati ərazi dairələrini əhatə edən ərazilər yeni yaradılmış rayonun tərkibinə verilib. Qanunun digər bəndinə görə, Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib.

    Ömrünün baharını yaşayan 
    Kəngərli gündən-günə gözəlləşir

Bu gün muxtar respublikanın hansı kəndinə yolunuz düşsə, orada müasir görkəmə, təmizlik və abadlığa şahid olarsınız. Bu gün qürurla deyə bilərik ki, Kəngərli rayonunun abadlaşmayan bir kəndi belə qalmayıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu abad bir yurd yerinə çevirib. Qədim diyarın bütün yaşayış məntəqələrində müxtəlif infra­struktur layihələrinin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması bu bölgəni də əhatə edib. 
    Rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri çərçivəsində, bütövlükdə, 98 kilometr yeni yol salınıb, 3 körpü, 5 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub. Quruculuq işləri bununla yekunlaşmayıb. Ötən illər ərzində, ümumilikdə, 5 min 257 şagird yerlik 12 məktəb, 210 yerlik uşaq bağçası tikilib, mədəniyyət sarayı, 2 muzey, şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Tarixi abidələrin bərpası aparılıb, Şahtaxtı kəndində yerləşən köhnə hamam Qarabağlar kəndinin ərazisində olan Qarabağlar türbə kompleksi bərpa olunub. Rayon ərazisində     7 su nasos stansiyasının, eləcə də 2489,9 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması yüzlərlə hektar əkinə yararsız torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olub.
    Rayon mərkəzi Qıvraq qəsəbəsində də geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib.
    Rayonun yaranmasının 15-ci ildönümündə Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub.   7 mərtəbəli, 48 mənzilli yeni yaşayış binasının ilk sakinləri Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslərdir. 
    Rayon statuslu inzibati ərazi vahidlərinin təşkili idarəçilik mexanizmlərinin yaradılması və formalaşdırılmasına əsaslanmaqla uzun illərin sərf olunduğu bir prosesdir. Ötən dövr onu göstərdi ki, Heydər Əliyev siyasi yolunun layiqincə davam etdirilməsi muxtar respublikada istənilən layihənin həyata keçirilməsinə imkan verir. Bu fikrin təsdiqini biz bu gün Kəngərli rayonunun simasında bir daha görürük. 

    Torpağa sevgi, yurda bağlılıqla 
    nailiyyətlər əldə olunub

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda sənayenin və kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Sənayenin şəhərlərlə yanaşı, bölgələrdə qurulması yeni iş yerlərinin yaradılmasına da öz töhfəsini verir. Rayona gəlmişkən sakinlərlə də söhbət etdik. Ailə təsərrüfatçısı, Qarabağlar kənd sakini Pakizə İsmayılova, heyvandarlıqla məşğul olan Böyükdüz kənd sakini Bəxtiyar Quliyev, Vətən müharibəsi şəhidi Həmid Qasımovun anası Tovuz ana ilə həmsöhbət olduq. Öyrəndik ki, bütün təşkilatlarda əhaliyə nümunəvi xidmət göstərilir, hər kəsin probleminin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da əhali tərəfindən yüksək dəyərləndirilir, insanların qurub-yaratmaq əzmini artırır. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda və onun Kəngərli rayonunda bir ağac yetişdirmək bir insanı boya-başa çatdırmaq qədər diqqət tələb edən bir işdir. Bu, vətənsevərlik, yurda bağlılıq, qurub-yaratmaq əzmi, böyük zəhmət, fədakarlıq tələb edir. Bu qədim yurdun zəhmətkeş insanları “ot bitməz” deyilən ərazidə yaşıllıqlar salıb, qurub-yaradaraq bir daha əzmkarlıq göstərirlər. 
    İllər öncə, Kəngərli rayonu yeni yaradılanda, onun adı çəkiləndə qədim Qarabağlarda başı göylərə ucalan, Azərbaycan qadınına hörmətin, ehtiramın ifadəsi Qarabağlar türbə kompleksi, Azərbaycan tarixində azərbaycanlı kişisinin qeyrət və hünər dastanına dönən Kəngərli süvarilərin igidliyi yada düşürdü. Bu gün Zəfər tariximizdə şanlı qələbənin qazanılması yolunda bəy paltarını kəfənlə dəyişən qəhrəman Kəngərlilərin davamçıları olan oğullar yaddaşlara iz salır. Tarixin qəhrəmanlarının davamçıları olan oğulların sayəsində Kəngərli tayfalarının şücaəti və qəhrəmanlığı bu gün də hər kəsi heyrətə gətirir. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 19.03.2024 00:01