AZ EN RU

“Naxçıvanın 100 yaşlı muxtariyyətinə ən yaxşı töhfə, onun koloritini canlandıracaq müfəssəl bir film ola bilər”

Müasir dövrümüzdə çəkilən Azərbaycan filmlərindən söhbət açılanda, adını tez-tez eşitdiyimiz məşhur “Dolu” filminə hələ orta məktəbdə oxuduğum illərdə tamaşa etmişdim. Sevilən yazıçı, tanınmış jurnalist Aqil Abbasın ssenarisi əsasında işıq üzü görmüş bu ekran əsəri ürəyində vətən sevgisi daşıyan, azadlığı, müstəqilliyi kiçik hekayələrdə, şeirlərdə öyrənən şagirdlərə, sözün həqiqi mənasında, fantastik nağılları xatırlatsa da, gəncliyi, gələcəyi 90-cı illərə təsadüf edən soydaşlarımıza Qarabağ ağrısını, yurd həsrətini, bir sözlə, o ağırılı-acılı illəri xatırladırdı. İndi sözügedən hər iki əsərin – filmin də, romanın da ictimaiyyətə çatdırılmasından illər ötüb. İndi Qarabağ da azad olunub. Ancaq müəllifin evindən, elindən uzaqda qaldığı illərin həsrəti hələ də sovuşmayıb. Aqil müəllimin özü də söhbətimiz zamanı bunu təsdiq etdi, həm də dəfələrlə…

Aqil müəllim, sizi Naxçıvanda xoş gördük. Düzdür, bu sizin Naxçıvana artıq neçənci səfərinizdir. Ancaq hər gəlişinizdə fərqli-fərqli xatirələrdən söhbət açırsınız. Deyəsən, Naxçıvan Aqil müəllimin ürəyində özünə əvəzsiz yer tutub…

– Mən hər zaman deyirəm ki, Naxçıvan Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Xüsusən də sakitliyi və təmizliyi ölkəmizin digər şəhərləri ilə müqayisə edilə bilməz; digər böyük şəhərlərimizdə – nə Gəncədə, nə paytaxt Bakıda sən bu təmizliyi və sakitliyi görə bilərsən. Hətta mən bir neçə məqaləmdə, köşə yazılarımda Naxçıvan haqqında yazmışam, burada görüb təsirləndiyim hadisələrdən söhbət açmışam. Yəqin, yenə yazacağam... Ancaq yaradıcılığımla tanış olanlar bilir ki, mən daha çox Qarabağdan yazıram, illərlə işğal altında qalan diyarımız və erməni zülmünə məruz qalan soydaşlarımız mövzumun əsas ideya istiqamətini təşkil edir…

Qeyd etdiniz ki, yaradıcılığımda daha çox Qarabağ mövzusuna önəm verirəm. Lakin müasir dövrümüzün bir çox yazıçıları deyir ki, işğal, deportasiya və bu kimi faktların ədəbiyyata gətirilməsi düzgün deyil. Çünki ideya köhnə, mövzu isə ağlayıb sızlamaq…

– Mən bu fikirlərlə qəti surətdə razılaşmıram. Əgər söhbət mənim yaradıcılığımdan gedirsə, deyə bilərəm ki, mən heç zaman ağlayıb-sızlamaqdan yazmamışam. Mənim qələmə aldığım bütün mövzular reallıqdır, yalnız və yalnız reallıq! Məhz elə yazıçının qüdərti də bu reallıqları ədəbiyyata gətirdikdə özünü göstərə bilir. Bununla belə, mən hesab edirəm ki, Qarabağ mövzusu heç zaman Azərbaycan ədəbiyyatında köhnələ bilməz. Çünki yaramız hələ təzədir, qaysaq bağlamıyıb. İllər keçsə də Qarabağ haqqında hələ çox yazılacaq, bu diyarın ab-havası, həyatı romanlara, hekayələrə mövzu olacaq. Onu da bilmək lazımdır ki, axı Qarabağ mövzusu yalnız işğal faktları, deportasiya və digər amillərlə şərtlənmir. Əgər söhbət sanballı yaradıcılıq nümunəsindən gedirsə, bu zaman o regionun insanlarının koloriti ədəbiyyata gətirilməlidir. Əsərin yaxşı olmasında bir neçə qayda var. Onlardan biri, hətta birincisi haqqında danışdığın ərazinin, mühitin, insanların koloritini yaratmaqdır. Mən Naxçıvanda oxucularımla keçirilən görüşdə onlara bir neçə kitab hədiyyə etdim. Bax həmin kitablarda mən Qarabağın koloritini yaratmışam…

Aqil müəllim, kolorit deyəndə, nəyi nəzərdə tutursunuz?

– Yəni yazçının haqqında yazdığı ərazinin coğrafi mühiti, təbiəti, o yerin insanlarının danışığı, dostluğu, düşmənliyi, məşğuliyyəti, bir sözlə, həyat tərzi… Bu, yalnız Qarabağ mövzusuna aid deyil, təbii ki. Eləcə də Naxçıvandan yazırlarsa, mütləq onun koloritini yaratmaq lazımdır. İnsanların danışığını, məşğuliyyətini, ənənələrini, bir az əvvəl qeyd etdiyim ki, onların həyat tərzini canlandırmaq lazımdır. Çünki hər bir bölgənin özünün fərqli koloriti var, fərqli adət və ənənələri var. Onları əsərdə canlandırmaq peşəkarlıq və yazıçıdan ədəbi məharət tələb edir. Rəhmətlik Mirzə Cəlil öz əsərlərində Naxçıvanın koloritini yarada bilmişdi. Düzdür o, bir az satirik üslubda, necə deyərlər, ironiya ilə yazıb-yaratmışdı. Ancaq siz baxın bu yerin insanlarının dünyagörüşünü, həyat tərzini, mühitini necə yaxşı canlandıra bilib…Mirzə Cəlildən sonra yenə də Naxçıvanı öz əsərlərində sanballı şəkildə canlandıran yazıçılar olub. Son dövrlərin əslən naxçıvanlı olan bir yazıçısı var idi: Hüseyn İbrahimov. Onun “Sabahın sorağında” adlı gözəl bir əsəri var. Yuxarıda sadaladığım faktları müəllif sözügedən əsərdə elə gözəl, müfəssəl qeyd edib ki… Onunla bərabər Əyyub Abbasovun qələmə aldığı “Zəngəzur” romanı və digər gözəl ədəbiyyat nümunələrimiz qeyd edilən yerlərin və o yerin insanlarının kolotirini yarada bilib...

Aqil müəllim, istəyirəm sizinlə bir az fərqli mövzuda söhbət edək. Bildiyim qədərilə azad edildikdən sonra uşaqlığınızın, gənclik illərinizin keçdiyi Ağdam rayonuna bir neçə dəfə səfər etmisiniz. Nə hisslər keçirdiniz? İllərin həsrətini ovundura bildinizmi?!

– Qarabağ həsrəti qəlbimizdə elə bir yer edib ki, onu çətin bir neçə səfərlə unuda bilək. Düzdür, indi Ağdam yenidən qurulur, müasir binalar tikilir, körpülər salınır, yollar çəkilir. Baxdıqca insanın ürəyi açılır. Ancaq soydaşlarımızın yenidən, lap işğaldan əvvəlki illərdə olduğu kimi orda yurd-yuva salması bir neçə il alacaq. Hətta mənim bir povestim var “Tut arağı, donuz kababı və Aşotun məktubu”. Həmin povestin qəhrəmanı dostuna deyir ki, Ağdam bilirsənmi nə zaman Ağdam olacaq? Dostu sualına sualla cavab verir: “Nə vaxt?” Deyir ki, nə zaman Ağdam kinoteatrının qarşısında iki ağdamlı oğlan qız üstündə bir-biri ilə dalaşanda bax onda biləcəksən ki, Ağdam artıq Ağdamdı. (gülür)

Aqil müəllim, Ağdamda ev tikməyi planlaşdırırsınız? Bəlkə, tikmisiniz xəbərimiz yoxdur...

– Yox, hələ ki qismət olmayıb. Qismət olsa əlbəttə ki, tikəcəyəm.

Bəlkə, dövlət o vaxta qədər sizə ev bağışladı…

– Razıyam, mənə verilən evi ağdamlılara və ya imkansızlara versinlər. Onsuz da Ağdamda elə bir ailə qalmayacaq ki, dövlətimizin diqqətindən kənarda qalsın. Ancaq yenə də əgər elə bir şey olacaqsa, mənə verilən evi ehtiyacı olan vətəndaşlarımıza versinlər. Bu məni daha çox sevindirər...

Arzu edirdiniz ki, Ağdam işğaldan azad olunsun, Məmməd Araz yadigarı, İradə xanım Tuncayla ikinci dəfə orada özünüzə toy edəcəkdiniz. Nə oldu? Edə bildinizmi?

– Bəli, 2021-ci ildə eləmişəm toyu. Təxminən 70-80 nəfər adam çağırmışdım, hamısı da gəlmişdi, deyə-gülə iştirak elədilər. Yaxşı yeməklər hazırlatdım, yedik, içdik. Sonra da bişən yeməkləri göndərdim postlara, keşiyimizdə dayanan əsgərlərimizə, hərbçilərimizə. Halal xoşları olsun. Bir sözlə, hər şey ürəyimcə olmuşdu…

Aqil müəllim, həm yazıçı – jurnalist olmaq, həm də millət vəkili kimi fəaliyyət göstərmək yormur ki sizi?

– Qətiyyən yorulmuram. Həm yazıçı-jurnalist kimi, həm də deputat olaraq çalışıram işimin öhdəsindən layiqincə gəlim. İşin ağırlığı, yüngüllüyü məni yormaz. Məni ancaq sarsaq adamlar yorur…

Kimdi o sarsaq adamlar?

– Nə dediyini, nə danışdığını bilən insanlar. Haqsız insanlar… Gəlirlər, dərdlərini danışırlar; istəyirsən düzü, səhvi izah edəsən, başa düşmək istəmirlər, narazı qalırlar. Onlara izah etmək olmur ki, ay insan, bax bu işdə, bu məsələdə günah səndədir. Başa düşmürlər, ya da başa düşmək istəmirlər, bilmirəm… Ümumiyyətlə insanlara nəyisə izah etmək, onları başa salmaq çox çətindir…

Aqil müəllim, Yazıçılar Birliyi ilə işləriniz, münasibətiniz nə səviyyədədir? Ümumiyyətlə neçənci ildən birliyə üzvsünüz?

– 1986-cı ildən Yazıçılar Birliyinin üzvüyəm…

– Yəni Mirzə İbrahimov, İsmayıl Şıxlı, ardınca isə Anarla bir dövrü bölüşmüşünüz, onların sədrliyini görmüsünüz. Həm müstəqillik illərini, həm də keçmiş SSRİ dövrünə şahidlik etmisiniz. O illərdə işləmək asan idi, yoxsa bu illərdə?

– O illərdə Yazıçılar Birliyində ancaq məmurlar işləyirdi. Hamısı – məsul vəzifələrdən tutmuş sıravi üzvlərinə qədər hər biri dövlət məmuru idi. İdeoloji təbliğat hökm sürürdü. Sədrləri də məmur idi, elə katibləri də! Hətta gənc yazıçılara belə zorla yaradıcılıq meydanı verirdilər. Yadıma gəlir ki, o illərdə – İsmayıl Şıxlı sədr olanda birliyin özündə onu istəməyənlər var idi, necə deyərlər, qruplaşma var idi. Bu şeylərə görə İsmayıl dözmədi, istefasını verib sədrlikdən uzaqlaşdı. İndi ancaq elə deyil. Vəziyyət tamam başqadır…

Deyirsiniz ki, birliyin daxilində qruplar var idi və onlar istəmirdi İsmayıl Şıxlı sədr olsun. Maraqlıdır, onlar kimlər idi?

– Yox, mən onu deyə bilmərəm (gülür). Adların çəkmirəm. Ancaq deyə bilərəm ki, belə hadisələr var idi orada…

O zaman siz “Ədalətdən” danışın. Qəzetdə vəziyyət necədir? Oxucu varmı ?

– Qəzetdə vəziyyət çox pis... Demirəm ki, qəzet oxuyan yoxdur, var. Ancaq illər ötdükcə oxucular azalır. İndi artıq hər bir məlumatı sosial şəbəkələrdən öyrənmək olur. Bu səbəbdən qəzetçilik arxa planda qalır. Ancaq yenə də daimi oxucuları var. Onlar qəzetə, qəzetçiliyə qiymət verirlər. Bir də ki, qəzet gərək oxucularını çəkib öz səviyyəsinə qaldıra bilsin, daha qəzet oxucularının səviyyəsinə düşsə nə oldu ki...

Söhbətimizin sonuna çatdıq, Aqil müəllim. Həmkarlarım, adətən, bu qəbildən olan sualları başda verirlər, mən sona saxladım. Naxçıvanımız bu il muxtariyyətinin 100 yaşını qeyd edir. 100 ilin muxtariyyətini necə səlnamələşdirək? Film, roman, yoxsa...

– Əvvəla, onu deyim ki, Zəngəzur dəhlizindən keçəcək yol açıldıqdan sonra burada həyat tamam dəyişəcək, Naxçıvan daha da gözəlləşəcək, müasirləşəcək. Yol açıldıqdan sonra regionun turizmi də, iqtisadiyyatı da inkişaf edəcək. Və mən inanıram ki, bu hadisələrdən sonra bir zamanlar Naxçıvandan iş ardınca Rusiyaya, Türkiyəyə gedən insanlar geri qayıdacaqlar. Çünki yaxşı iş şəraiti də yaranacaq. Və sualınıza cavab olaraq sonda onu deyirəm ki, Naxçıvan muxtariyyətini salnamələşdirmək, onu gələcəyə aparmaq üçün ən yaxşı yaradıcılıq mövzusu filmdir. Mən belə hesab edirəm ki, Naxçıvanın 100 yaşlı muxtariyyətinə ən yaxşı töhfə, onun koloritini canlandıracaq müfəssəl bir film ola bilər…

Maraqlı müsahibə üçün təşəkkür edirik, Aqil müəllim!

– Sağ olun…       

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 20.06.2024 15:48