AZ EN RU

Naxçıvanımızın tanınan məhsulu və ya süfrələrimizin “Bərəkət”i

Bu gün muxtar respublikamızda fəaliyyət göstərən istehsal sahələrinin, demək olar ki, böyük əksəriyyəti yerli əhalinin qidaya olan tələbatını tam ödəmək potensialına malikdir. Bu məhsullar arasında “Bərəkət” adı ilə istehsal olunan un və digər taxıl məmulatlarını, o cümlədən heyvandarlıq təsərrüfatı üçün hazırlanan keyfiyyətli yem məhsullarını görmək mümkündür. Nəzərə çatdıraq ki, “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi “Bərəkət” məhsulları yalnız muxtar diyarımızda yox, ölkəmizin digər regionlarında, hətta qardaş Türkiyə Respublikasında belə məşhurdur.

Yaxın günlərdə yolumuzu adını qeyd etdiyimiz istehsal müəssisəsindən saldıq, müəssisənin iş prinsipi, istehsal gücü, fəaliyyəti barədə ətraflı məlumat aldıq. Bizi qarşılayan “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Canməmməd Canməmmədov istehsal müəssisəsi barədə ətraflı məlumat verdi. Həmsöhbətimiz deyir ki, “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ildən etibarən fəaliyyətə başlayıb. Ötən ildə isə istehsal sahələri və struktur əsaslı şəkildə yenilənib. Nəzərinizə çatdırım ki, hazırda müəssisədə 3 növdə buğda unu, 1 növdə qarğıdalı unu, yarma, kəpək, broyler və yumurtalıq quşlar, kənd quşları, habelə ətlik və südlük iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün müxtəlif tərkibli yemlərin istehsalı həyata keçirilir. İstehsal olunmuş buğda unları müxtəlif çəkilərdə – 50, 40, 35, 25, 10, 4 kiloqram, 1 kiloqram 800 qram və 1 kiloqram olmaqla istehsal olunur. Müxtəlif yemlər isə 50 kiloqram çəkidə olmaqla paketlənir. Həmçinin müəssisədə istehsal olunmuş bütün məhsulların topdan və pərakəndə satışı təşkil olunur.

Canməmməd müəllim onu da qeyd etdi ki, müəssisə məhsulların istehsalı və satışı ilə yanaşı, muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması məqsədilə saxlanca verilmiş ehtiyat taxılın saxlanmasını da həyata keçirir.

İstehsal sahəsi ilə tanışlığa ilk olaraq böyük taxıl silolarının olduğu ərazidən başlayırıq. Müsahibimiz məlumat verir ki, müəssisədə 9 taxıl silosu var ki, onların hər birində 3 min ton taxılı hasil etmək mümkündür. Bu da, ümumilikdə, 27 min ton taxıl tədarükünə imkan yaradır. Bu ərazidə taxıl ehtiyatlarının tədarük olunması ilə yanaşı, həm də onların qəbul edilməsini həyata keçiririk. Zəmilərindən hasil olunub bura gətirilən taxılın qəbul edilməsi sadə iş prosesinə əsaslansa da, böyük diqqət və dəqiqlik tələb edir. Taxıl qəbul edildikdən sonra isə müəyyən ardıcıllıqla istehsala göndərilir; ilk olaraq onun keyfiyyəti, nəmliyi yoxlanılır, daha sonra yuyulub təmizlənir... bir-birinin ardınca icra olunan bu proseslər, nəhayət, istehsal zamanı yekunlaşır.

Müəssisənin bir hissəsi ilə tanış olduqdan sonra növbəti prosesləri izləməyə, “Bərəkət” unlarının istehsalını görməyə gedirik. Bir qədər çətin və mürəkkəb iş prinsipinə əsaslanan un istehsalı barədə Canməmməd müəllimdən məlumat alırıq. Müsahibimiz deyir ki, bu gün ölkəmizdə keyfiyyət şüarı altında satılan kifayət qədər unlara rast gəlirik. Hər çəkidə, keyfiyyətdə olan bu unların bir qismi alıcıların rəğbətini qazansa da, böyük bir hissəsi bu və ya digər səbəblərə görə özünə alıcı kütləsi toplaya bilmir. Bunun başlıca səbəbi unun keyfiyyətinin aşağı olması, həmin undan hazırlanan məhsulların dadsız, ətirsiz, keyfiyyətsiz alınmasıdır. Lakin bu gün “Bərəkət” unlarının kifayət qədər alıcıları var. Hətta müxtəlif çəkidə, keyfiyyətdə olan unlar başda olmaqla istehsal etdiyimiz bütün məhsullar muxtar respublika əhalisinin tələbatını tam ödəmək gücünə sahibdir. Bu da məhsula olan tələbin üstünlüyündən irəli gəlir.

Canməmməd müəllim deyir ki, müxtəlif firmalardan alınan unlar bir-birindən tərkibinə və xassələrinə görə fərqlənir. Çörək istehsalında müxtəlif növ undan istifadə edilir. Unun iriliyi, xırdalığı, zərifliyi, həmçinin rəngi, qoxusu, dadı onun üyüdülmə dərəcəsindən, istehsal keyfiyyətindən asılıdır. Çörək istehsalında istifadə olunan un mütləq şəkildə narın üyüdülməlidir. Bununla yanaşı, sənayedə və məişətdə qarğıdalı, arpa, qarabaşaq, soya, vələmir, düyü, noxud unlarından da istifadə olunur. Bu növ unlardan, əsasən, pəhriz, uşaq qidası, qənnadı, eləcə də çörək sənayesində istifadə edilir.

Müsahibimiz qeyd etdi ki, hazırda müəssisədə əla növ, ikinci növ və kəpəkli un olmaqla üç növdə un istehsalı həyata keçirilir. Yaxın müddət ərzində isə artan tələbatı, xüsusən də şirniyyatların keyfiyyətli, dadlı-tamlı hazırlanmasını nəzərə alaraq premium unun istehsalını həyata keçirəcəyik.

Bir-biri ilə sıx bağlı olan müasir texnikalar un istehsalında, sözün əsl mənasında, böyük dəqiqliklə, necə deyərlər, nizam-intizamla çalışır. Robotların təyin edilən qayda üzərindən işləməsi, bu sahəyə təhkim edilən şəxslərin böyük məsuliyyətlə istehsal prosesinə nəzarət etməsi bizdə yaxşı təəssürat oyadır. Uzaqdan-uzağa hiss olunan təmiz unun xoş ətri isə tamam fərqli ab-hava verir.

Ümumilikdə, beş mərtəbədən ibarət olan istehsal sahəsini qarış-qarış gəzir, buranın iş prinsipi barədə ətraflı məlumat alırıq. Öyrənirik ki, taxıl laboratoriyada analiz olunduqdan sonra dəyirmana qəbul edilir. Sonra qəbul edilən buğda 5-ci  mərtəbədə seperator vasitəsilə təmizləndikdən sonra 4-cü mərtəbədə daş ayırıcından keçir. Daşlar təmizləndikdən sonra isə 3-cü mərtəbədə üyüdülməyə yararsız olan qırıq buğda ayrılır və 2-ci mərtəbədə yerləşən hava ələyindən keçir. Bu prosesin ardınca tozlar tam təmizləndikdən sonra yenidən 5-ci mərtəbədə yerləşən müasir avadanlıqlarla taxıl nəmləndirilir və üyüdülməyə göndərilməsi üçün dinləndirilir. Dinlənən buğda 12-16 saat keçdikdən sonra əlavə bunkerə ötürülür və hava ələyində yenidən təmizlənib bunkerə yığılır.

İstehsal prosesinin çətinliyi, mürəkkəb və məsuliyyətli iş bununla bitmir. Belə ki, sözügedən prosesin ardınca bunkerə yığılan buğda dəyirmanın hazırlanma sistemi vasitəsi ilə üyüdülməyə buraxılır, üyüdülən buğda qırıcı valslar vasitəsilə qırılır. Qırılan buğda dənələri hava vasitəsilə 5-ci mərtəbədən 4-cü mərtəbəyə, ələklərə ötürülür. Ardınca ələklərdə ayrılan məhsul 3-cü mərtəbədə yivli daşıyıcılar vasitəsilə birinci növ, ikinci növ və kəpək olmaqla saxlanma bunkerinə hava vasitəsilə yığılır. Daha sonra bunkerə yığılan məhsul elevator vasitəsilə 4-cü mərtəbədə olan nəzarətli ələyə ötürülür. Ələkdən çıxan məhsul 3-cü mərtəbədə çəki avadanlıqları vasitəsilə çəkilir, dəqiqliyi yoxlanılır. Və bütün bu proseslərin sonunda çəkilən məhsul 2-ci mərtəbədə yerləşən paketləmə bölməsinə buraxılır, orada kisələrə yığılan hazır məhsul anbara buraxılır və proses bununla yekunlaşır...

Un istehsalı ilə yaxından tanış olduqdan sonra növbəti istehsal binasına yaxınlaşıb kənd təsərrüfatında böyük ehtiyac duyulan heyvan yemlərinin hazırlanmasını izləyirik. Müsahibimiz Canməmməd müəllim xatırladır ki, burada iribuynuzlu, xırdabuynuzlu ətlik, südlük heyvanların yemindən tutmuş, ev quşlarının qidalanmasında istifadə edilən yemlərə qədər bir neçə növdə və keyfiyyətdə məhsul istehsal olunur. Heyvan yemlərinin qardaş Türkiyə Respublikasına ixrac olunması da planlaşdırılır.

Müsahibimiz söhbətinə belə davam edir: – Hər bir heyvan orqanizmi qəbul etdiyi yemə və yemləmə qaydalarına müəyyən tələblər irəli sürür. Müntəzəm bol, düzgün və tam dəyərli yemləmə nəticəsində az məhsul verən heyvanların məhsuldarlığını yüksəltmək olar. Pis yemləmə və xidmət nəticəsində isə, hətta yüksək məhsuldar heyvanlar öz təsərrüfat əhəmiyyətlərini tezliklə itirirlər. Bu mənada, təsərrüfat sahiblərinin istifadə etdiyi yemlərin keyfiyyəti, tərkibindəki vitaminlər, o cümlədən içindəki qatqıların mənşəyi heyvanın məhsuldarlığının artıb-azalmasında böyük rol oynayır. Bu gün bazar iqtisadiyyatında mövcud olan rəqabət bir sıra məhsulların keyfiyyət amilindən daha çox kəmiyyət amilinə fikir verməsinə gətirib çıxarır. Bu da, nəticədə, zəif, keyfiyyətsiz, faydasız məhsulların üzə çıxmasına şərait yaradır. İnsanlar qiymət amilini, yəni kəmiyyəti nəzərə alıb keyfiyyəti arxa plana salırlar. Bu halların baş verməsi bir çox sahələrdə xoşagəlməz nəticələr doğurur. Düzdür, bir az təvazökarlıqdan uzaq olacaq. Lakin istehsal olunduğu gündə bu günə qədər “Bərəkət” məhsullarından şikayət almamışıq. Səbəb də nəzarətin ciddi olması, istehsal olunan hər bir məhsulun xarici qatqılardan uzaq olması, hər bir avadanlıqla təchiz olunmuş laboratoriyalarda mütəmadi yoxlamaların həyata keçirilməsi və digər amillərlə bağlıdır. Bu səbəbdən məhsullarımız sevilərək istifadə olunur. Bizim üçün müştəri məmnuniyyəti kəmiyyətdən öncə gəlir.

Yem istehsalı müəssisəsi, hazır məhsulların cəm olduğu ayrıca bölmə, ardınca isə anbarla tanış olduqdan sonra çay süfrəsi ətrafında söhbətimizi davam etdiririk. Canməmməd müəllim deyir ki, hazırda “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu idarəetmə aparatı, maliyyə və mühasibatlıq şöbəsi, daxili nəzarət və təhlükəsizlik şöbəsi, satış bölməsi, un istehsalı bölməsi, taxıl ehtiyatları bölməsi, hazır məhsullar bölməsi, yarma və paketləmə bölməsi, yem istehsalı bölməsi və təsərrüfat sahəsindən ibarətdir. Hazırda burada 107 nəfər çalışır.

Həmsöhbətimiz onu da qeyd etdi ki, 2023-cü ildə “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına dəstək məqsədilə yerli təsərrüfatçılar tərəfindən tədarük olunmuş 5600 tona yaxın yerli buğda qəbul edilib. Qəbul edilən yerli buğdanın miqdarının artıq olması təsərrüfatçıların gələcəkdə bu sahədə daha əzmlə çalışmasına stimul verir. Həmçinin yerli məhsulun bol olması və vətəndaşlarımızın əsas qida növü olan una əlçatanlığı nəzərə alınaraq cəmiyyət tərəfindən satışa çıxarılan 50 kiloqram buğda ununun qiyməti 37 manatdan 27 manata endirilib.

Keyfiyyət amilinin ön planda olması, istehsal olunan hər bir məhsulda kəmiyyətdən daha çox keyfiyyətə diqqətin ayrılması bazar iqtisadiyyatını formalaşdıran, onun inkişafını şərtləndirən başlıca amildir. Fikrimizi, bir sözlə, ifadə etsək, deyə bilərik ki, keyfiyyət amilinin ön planda olduğu yerdə kəmiyyət, müştəri məmnuniyyətinin nəzərə alındığı yerdə sabit gəlir, insan tələbatının göz önünə gətirildiyi yerdə məmnuniyyət daim olacaqdır. Bu, iqtisadiyyatın başında dayanan incə məsələlərdəndir. Elə “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində olduğu kimi.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 12.03.2024 14:25