AZ EN RU

Naxçıvanım – nur diyarım

Naxçıvanda hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Əlbəttə, yurdumuzun hər qarışı mənə doğma və əzizdir. Azərbaycan, sözün əsl mənasında, gözəlliklər və özəlliklər məskənidir. Onun vəsfi və əsrarəngiz hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tərənnüm də var, təsvir də, həsrət də, sadəcə, təqdim də, hətta mübarizlik də, döyüş ruhu da... Hər şeir öz müəllifinin daxili dünyasının əks-sədasıdır. Hərdən özüm də duyğularımı sözün rənginə bələməklə Vətənimin çalarlarına yönəldirəm: Zəngəzurum – dərdli qəlbim, Qarabağım – şah damarım, dağlar gözəli Şuşa – ruhumun ünvanı, Mil-Muğanım – geniş ürəyim, Cənubum – Lənkəranım, göz nurum, Şimalım – əhli dostlarım, Şirvanım – şir biləklim, Bakım – taleyim, səadətim, sevincim, əbədi ünvanım... Və nəhayət, Naxçıvanım – nur diyarım! Ana yurdun havasını aldığım cənnətməkan! Şair Əliyar Yusiflinin misraları ilə bu qədim yurdun xəritəsi çox poetik naxışlanıb:

       Baxın, xəritədə bu qədim diyar,
       Kiçik bir nöqtəylə qeyd edilibdi.    
       Bu yerin qolunda aslan gücü var,
       Burdan cahangirlər peşiman gedibdi.

    Naxçıvan bu gün ən qədim Şərq, ən müasir Avropa şəhəridir

Mən Naxçıvanda doğulmamışam,  Naxçıvana bitişik bir yerdə – Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində dünyaya göz açmışam. Amma mənim bütün əcdadlarımın, bütün can-ciyərlərimin əksəriyyətinin cismi burada uyuyur. Ona görə də Naxçıvan mənim üçün doğma ana Vətəndir. Mən harada olmağıma, harada yaşamağıma baxmayaraq, həmişə özümü naxçıvanlı sanıram. Bundan da  qürur duyuram. Naxçıvanda həmişə özümü bəxtəvər, xoşbəxt hiss edirəm. Naxçıvana ayağım dəyən kimi elə bil udduğum hava mənə bir enerji verir, həyat verir. Təyyarədən enən kimi tələsirəm ki, dərhal örtülü məkandan tez çıxım, o havanı udum. Bir neçə ildir ki, mən Naxçıvana gələ bilmirdim. Gəldim və budəfəki gəlişimdə o qədər yeniliklərin, gözəlliklərin artdığını gördüm ki, ürəyim dağa döndü. Ziyarətimə  Heydər Əliyev Muzeyinə getməklə başladım. Dahi şəxsiyyət Heydər Əliyevlə səfərdə olduğum müqəddəs, unudulmaz günləri xatırladım, o gülüş qulağımda səsləndi. O muzeyi gəzəndə elə bil dünyanı mənə verdilər. Dedim, İlahi, sən, doğrudan da, Azərbaycan xalqını sevib, ona lütf göstərmisən ki, belə bir Xilaskar dünyaya gəlib və Vətənimizi bəlalardan azad edib. Bu dahi şəxsiyyətin ana yurdunda olmaq mənim üçün böyük şərəf idi. Naxçıvan düşmən əhatəsində yaşamasına baxmayaraq,  bu Vətən torpağı, bu cənnətməkan öz qürurunu, məğrurluğunu çox gözəl qoruyub saxlaya bilib. Ən əsası isə muxtar respublikada Heydər Əliyev siyasəti uğurla davam etdirilir, yəni Naxçıvana rəhbərlik edən şəxsiyyət də Heydər Əliyev siyasi irsinə, Heydər Əliyev yoluna sadiqdir. Bunu Naxçıvanın hər döngəsində, hər küçəsində, hər guşəsində görürsən. Bəli, bu gün Heydər Əliyev ənənəsi, Heydər Əliyev ideyası, Heydər Əliyev arzuları Naxçıvanda yaşayır. Bütün Azərbaycanı yox, bütün Şərqi, Türk dünyasını gəzin, Naxçıvanın bənzəri yoxdur. Naxçıvan bu gün ən qədim, Şərq və ən müasir Avropa şəhəridir. Ənənələrin bu cür davam etməsi bütün gözəlliklərin o torpaq üzərində cücərməsidir. Yəni adi şitil deyil, dərin kökləri var. Burada müasirlik  klassikaya, mənəvi dəyərlərə söykənib. Təsadüfi deyil ki, çoxları bu gün Naxçıvanın milli dəyərlərin, milli mədəniyyətin beşiyi olduğunu etiraf edir.

    Qədim binaların yenidən bərpa edilməsi və onun milli üsluba yönəldilməsi çox xoşuma gəldi. Əvvəllər də demişdim, indi də eyni fikirdəyəm. Naxçıvan qədər təmiz şəhər heç yerdə yoxdur. Diqqətimi məzarlar çəkdi. O qədər qürur duydum ki, əvvəllər məzarlar bir-birindən çox fərqlənirdi, məzarları dəmir məhəccərə alırdılar. Sanki o dünyada da mənimsəməlik var idi ki, bura mənimdir. İndi hamı eynidir. Bir dənə olsun belə məhəccər görmədim. Torpağı qamarlamaq yoxdur. Bütün bunlar insana qəlb rahatlığı gətirir. Bu, adi məsələ deyil. Bu, Naxçıvan nizamıdır, intizamıdır, mədəniyyətdir. Buradakı taksi sırası, sürücülərin səliqə-sahmanı diqqətimi çəkdi.

    Avtodayanacaqların bəziləri o qədər milli üslubda düzəldilib ki, xoş ovqat bəxş edir. Əslində, milli üsluba bu qədər bağlılıq həm də müasirliyə aparır. Bu gün dünyanın mənəm-mənəm deyən bəzi şəhərləri ilə müqayisə etsək, vallah, Naxçıvan qalib olar.  Mən bunu həmişə fəxrlə və tez-tez deyirəm ki, Naxçıvanda tanınmadığın bir qapını döyəsən, yaşlısı səni balam deyib bağrına basar, balacası da qaçıb qucaqlayar. Neçə dəfə yaşamışam bu xoş duyğunu. Bu dəfə də Batabatda bir uşaq qollarını açıb üstümə elə gəldi ki... Deyə bilərlər ki, bu, Azərbaycanın hər yerində belədir, qurban olum Azərbaycana. Şəxsən Bakıda mənim qapım döyüləndə gözlükdən baxıram görüm kimdir. Tanımadığım adam olarsa, deyim ki, düz gəlməmisiniz və ya siz kimsiniz. Amma Naxçıvanda bu sualı vermirlər. Naxçıvanda heç qapını bağlayırlar ki? Qaldığım evə baxıram ki, bütün gün qapısı açıqdır. Deyirəm qorxmursunuz, deyirlər – nədən? Bilirsən, mənə çox xoş gəldi. Qonağı olduğum ev birinci mərtəbədə olsa da,  pəncərəsi səhər-axşam açıq idi. Mən evlərə baxdım, əksəriyyətində belədir. Bu, əmin-amanlıqdır. Bu, sabitlikdir. Təyyarədən düşən kimi adamlar tez mənə yanaşdı, hara aparmaq lazımdır, deyin, biz sizi yola salaq, biz sizi aparaq, narahat olmayın ha, birdən elə bilərsiniz pula görə deyirik, siz narahat olmayın. Bilirsən, bu yanaşmanın özü mənəviyyatdır. Mənəvi böyüklükdür.  Təyyarəyə qalxıram əlimdəki çanta əl çantasıdır, kömək edirlər. Əyləşən kimi deyirlər xanıma çay gətirin. Adi görünən bu məqamların daxilində böyük mətləblər var. Deyə bilərlər ki, hə, nə olsun, yol yoldaşlığıdı, yox, mən dünyanın çox ölkəsində olmuşam. Yol yoldaşlığını da görmüşəm, insani münasibəti də... Yenə deyirəm, mən Naxçıvanda olanda özümü xoşbəxt və bəxtəvər hiss edirəm.

    Həmişə Naxçıvana gələndə 3 məkanı mütləq ziyarət etməliyəm – Əshabi-kəhf, Möminə xatın, bir də son vaxtlar Hüseyn Cavid məqbərəsini. Lap uşaqlıqdan Naxçıvan deyəndə həmişə gözümün qarşısında 2 məbəd canlanır. Onun biri Möminə xatın məqbərəsi, digəri də Əshabi-kəhf ziyarətgahıdır. Yəni həmişə anam Allahı köməyə çağıranda “ya Əshabi-kəhf” – deyərdi. Gözümü açandan, ağlım kəsəndən duymuşam ki, anamın bütün inamı, ziyarəti Əshabi-kəhflə bağlı olub. Allaha yalvaranda Əshabi-kəhfi çağırmışıq. Əshabi-kəhf biz naxçıvanlıların, Zəngəzurda yaşayanların Məkkə, Mədinəsi olub. Anam dünyasını dəyişəndə son sözü də belə oldu – yastıq altından pul çıxardıb dedi ki, gedib Əshabi-kəhfdə qurban kəsərsən. Yəni Əshabi-kəhfin bizim həyatımızda, taleyimizdə böyük mənəvi təsiri və gücü var. Mən bir məsələni də deyim ki, Bakının yaxınlığında Beşbarmaq dağı var. Ora ziyarətgahdır, adamlar gedir. Yolun-izin nə gündə olduğunu görəsiniz, hər daşın dalından bir dilənçi boylanır. Amma gəlin Əshabi-kəhfə, görün nə qədər təmizlik var. Əshabi-kəhfdə də bir zamanlar natəmizlik baş alıb gedirdi. Bilmirdin, insanlar bura ziyarətə gəlir, yoxsa yeyib-içməyə. İndi bura Azərbaycanın ən gözəl məbədgahına çevrilib. Naxçıvana gəlib ora dəyməsəm, anamın ruhu narahat olardı.
    Möminə xatın abidəsi də mənim üçün bənzərsizdir. Bir dəfə bir beynəlxalq  konfransda qadın hüquqlarından danışdılar, guya bizim bölgədə  qadın hüququ olmayıb.  Yerdən söz aldım, bildirdim ki, Azərbaycan qadını, doğrudan da, heç vaxt hüquqsuz olmayıb. Azərbaycan qadını çövkən oynayıb, Azərbaycan qadını at çapıb... Azərbaycan dünyada yeganə yerdir ki, qadın məzarı üstündə məqbərə ucaldıb. Bu, nə deməkdir? Bu onun hüquqlarından xəbər verir. Və bu abidə Naxçıvandadır. Qadın ucalığı bu məqbərənin timsalında qorunur və yaşadılır. Ümumiyyətlə, Naxçıvan tarixi abidələri ilə zəngindir və seçilir. Bəlkə, bir bölgədə bir abidə bəs edərdi. Çünki Naxçıvanın özü elə abidədir. Əlincə qalasıdır, Haçadağdır, Darıdağdır. Heç unutmuram, Ordubaddan qayıdanda yolun sol tərəfində sıralanan tunc rəngdə dağlar mənə Misirdəki piramidaları xatırlatdı. Bu dağlara bir az diqqətlə, məhəbbətlə, ürəklə baxanda deyirsən, piramidalar bunun yanında heç nədir. Hərdən də fikirləşirəm ki, İlahi, bunları görəsən, Tanrı özü yaradıb, yoxsa insan əli töküb? Bəli, qədim memarlıq abidələri ilə dünyada məşhur olan Naxçıvan yeganə məkandır ki, XII əsrdə analığın, qadınlığın şərəfinə abidə ucaldılıb. Möminə xatın türbəsi adlanan bu məşhur məqbərə Naxçıvanın rəmzi sayılır. Qarabağlar Türbə Kompleksi, Naxçıvan şəhərindəki buzxana (XIV əsr), Xanəgah Abidə Kompleksi, imamzadələr, Gilan türbəsi, Yengicə kəndindəki Şərq hamamı (XVIII əsr), Qazançı körpüsü, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Yusif Küseyir oğlu türbəsi, müxtəlif məscidlər milli memarlıq abidələri kimi qorunmaqdadır. Nuhun türbəsi isə bu yerlərin ulu tarixindən bir əks-sədadır. Bəşəriyyətin qədim yaşayış məskənlərindən sayılan Naxçıvanı Nuh Peyğəmbərin gəmisinin yeridiyi yer kimi səciyyələndirirlər. Bu, tarixdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hüseyn Cavid məqbərəsi qədim ənənənin ən gözəl davamı kimi dəyərləndirilir. Muxtar respublikanın hər bir rayonunda muzey var. Naxçıvanda isə bunların sayı daha çoxdur. Şəhərdəki Mirzə Cəlilin, Bəhruz Kəngərlinin, Hüseyn Cavidin, Cəmşid Naxçıvanskinin, Ordubadda Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Kəngərlidə Şahtaxtinskilər Muzeyi, Şahbuzun Nursu kəndində Məmməd Arazın ev-muzeyləri daim qonaq-qaralıdır. Naxçıvanda Xan evinin yaxınlığındakı “Açıq Səma Altında Muzey”in isə analoqu yoxdur. Daş dövrünün bütün məişət avadanlıqları, heykəl və heyvan fiqurları burada toplanıb. Hər bir eksponatın 1000-1500, bəzilərinin də 2000 yaşı var.
    Naxçıvanın gecələri işıqlı, gündüzləri fərəhgətiricidir. Naxçıvanlılar, sözün əsl mənasında, fədakar və qürurludurlar. Bu səbəbdən də doğma diyarı nəinki qoruyub saxlaya biliblər, həm də onun gündən-günə daha da tərəqqi etməsinə nail olublar. Bəli, Naxçıvanda abidələr qorunur. Amma sovet dövründə onun torpağını, daşını daşıyıb hasar hörürdülər. İndi isə heç kəs buna cürət edə bilməz. Artıq Naxçıvanda elə bir ideologiya formalaşıb ki, insanlar yaradılanları qorumağı özlərinin vətəndaşlıq borcuna çeviriblər.
    Əvvəllər belə bir xasiyyətim yox idi. Son vaxtlar adamlardan soruşuram, haralısan? Yox ki, axtarıram naxçıvanlı olsun, yox, mən onun ictimai mənşəyini dəqiq anlamaq istəyirəm. Mənim adaşım – nəvəm 6 yaşında olanda bir şair ona sual verdi ki, haralısan? Dedi ki, bakılıyam. Atan haralıdır? Söylədi ki, atam da bakılıdır. Bəs nənən haralıdır? Nənəm, hmm, – deyə gülümsədi, “nənəm şuşalıdır, qarabağlıdır, qəribə (yəni qərbi demək istəyib) azərbaycanlıdır, nəqşicahanlıdır, Arazın o tayıdır”. Şair baxdı, baxdı, gülərək dedi ki, ay Flora xanım, sənin bu 6 yaşlı nəvən bütöv Azərbaycanın xəritəsini çəkdi.
    Amma nə gizlədim, Naxçıvanda olanda rahat, könül dolusu nəfəs alıram. Naxçıvanlılar xoşbəxtdirlər ki, belə bir fərqli məkanın sahibidirlər. Naxçıvanlılar bir də ona görə xoşbəxtdirlər ki, Azərbaycanın xilaskarı Heydər Əliyev bu torpaqda doğulub. Naxçıvanlılar üçüncü dəfə ona görə xoşbəxtdirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad edən Ali Baş Komandan Heydər Əliyevin oğludur, bundan artıq fəxarət, qürur ola bilərmi? Naxçıvan  öz tarixində ən fərəhli illərini yaşayır.  Naxçıvan səmərəli, düzgün, düşünülmüş dövlətçilik fəaliyyətinin ən uca zirvəsinə yetib.
    Mənim Naxçıvanım – mənim göz nurum, sən həm də mənim yolum-izimsən. Yəqin, yenə o gün mütləq gələcək ki, Şahbuzun Batabat yaylasından keçərək, Zəngəzur dağlarını aşaraq doğulduğum yurda dönəcəm. Vətənimdən keçib, vətənimə yetəcəm!

Flora XƏLİLZADƏ
“525-ci qəzet”, 
1 oktyabr 2022-ci il 
​​​​​​​

Nəşr edilib : 04.10.2022 20:59