AZ EN RU

“Naxçıvanı qürurla paylaşırıq” adlı foto və videotəqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan “Naxçıvanı qürurla paylaşırıq” adlı foto və videotəqdimat müsabiqəsinin yekun tədbiri olub. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın mədəniyyətini, tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini, müasir inkişafını, adət-ənənələrini təbliğ və tərənnüm etməkdən, eləcə də Naxçıvanın tanıdılması və təbliğində fəal və istedadlı gənclərin stimullaşdırılmasından ibarətdir. Qeyd olunub ki, bu gün yaradılan şərait hesabına gənclər bütün sahələrdə olduğu kimi, sosial şəbəkələrdə də Naxçıvanın təbliğatında fəallıq nümayiş etdirirlər. Sürətli internet təminatı bütün naxçıvanlı gənclərin sosial şəbəkələrdən sərbəst istifadəsinə geniş meydan açıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda Naxçıvan haqqında ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılmasında bu şəbəkələrdən aktiv istifadə edən naxçıvanlı gənclər müstəsna rol oynayır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada yaradılan şərait bu sahədə gənclərin fəallığını təmin edib, gənc bloqçular üçün geniş imkanlar açılıbdır. “Naxçıvanı qürurla paylaşırıq” adlı foto və videotəqdimat müsabiqəsinin keçirilməsi də yaradılan şəraitin nəticəsidir. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü, “Naxçıvanı qürurla paylaşırıq” layihəsinin rəhbəri Sara Əzimova çıxış edərək bildirib ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi əlamətdar bir günə - 14 iyula təsadüf edir. müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə 1969-cu ildə məhz bu gün gəlib. Bu gün ümummilli liderimizin ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Buna görədir ki, bu gün Naxçıvan sosial şəbəkələrdə də  qürurla paylaşılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2022-ci ilin fevral ayından start verilən “Naxçıvanı qürurla paylaşırıq” layihəsidir. İndiyə qədər bu layihə çərçivəsində paylaşımlara baxış sayı 8 milyonu ötübdür. Qeyd olunub ki, naxçıvanlı fəal gənclərlə yanaşı, layihəyə tanınmış bloqçular da qoşulub, “Naxçıvanı qürurla paylaşırıq” haştağında yerləşdirilən foto və videolar Azərbaycan üzrə minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb. Bu paylaşımların bir fərqi var ki, orijinaldır və statistikanı yüksək göstərmək üçün panel qoşulmayıb. Diqqətə çatdırılıb ki, layihə işirakçıları muxtar respublika rəhbəri tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Onların 19-20 fevral tarixlərdə Ağbulaq İstirahət Mərkəzində düşərgəsi təşkil olunub, Naxçıvanın təbiət yerlərinə səyahətlər edilibdir. Sara Əzimova layihə iştirakçıları adından mənəvi və maddi dəstəyə görə Ali Məclis Sədrinə minnətdarlıq edib.
    Sonra müsabiqənin qalibləri mükafatlandırılıblar.
    Naxçıvan Muxtar Respublikası Gənclər Fondundan aldığımız məlumata görə, müsabiqəyə muxtar respublikada yaşayan həm peşəkar, həm də həvəskar müəllif olmaqla, 300 foto, 30 video təqdim olunub, hər istiqamət üzrə, ümumilikdə, 9 qalib seçilib. 8 nəfər sosial şəbəkə istifadəçisi isə həvəsləndirici yerə layiq görülüb. 
    Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlər sosial şəbəkə səhifələrində #naxçıvanıqürurlapaylaşırıq haştağı hərkəsə açıq şəkildə paylaşılıb. Müsabiqədə foto istiqaməti üzrə birinci yerin qalibi “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Namaz Namazov, ikinci yerin qalibi Kəngərli rayonunun Xok kəndindən olan həvəskar fotoqraf Pünhan Məmmədli, üçüncü yerin qalibləri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Pnar Yusifli, Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisası üzrə I kurs tələbəsi Fatimə İsmayılova, videotəqdimat üzrə birinci yerin qalibi Şahbuz rayon Qızıl Qışlaq kənd icra nümayəndiliyinin əməkdaşı Zülfüqar Qurbanlı, ikinci yerin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Sara Əsədova və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşı Allahverdi Şahmərdanov, üçüncü yerin qalibləri isə Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Şərur rayonunun Mahmudkəndindən olan həvəskar rejissor Maksun Qasımov olublar. 
    Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən diplom, pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub. Qaliblərdən gənc bloqçu Zülfüqar Qurbanlı göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.07.2022 19:24