AZ EN RU

Naxçıvanı muxtariyyətə aparan yol

Cahanın nəqşi, Şərqin qapısı adlandırılan, qədim İpək yolunun üzərində yerləşən və bu baxımdan mühüm iqtisadi zona kimi tanınan, çoxəsrlik mədəniyyətə malik olan doğma diyarımızdır Naxçıvan! Nuh peyğəmbərin müqəddəs gəmisinin lövbər salıb, məskunlaşmaq üçün Yaradanın məsləhət bildiyi müqəddəs torpaqdır Naxçıvan! Çoxəsrlik dövlətçilik tarixində hər bir hegemon imperatorluğun və ya hegemona çevrilmək istəyən dövlətlərin hədəf nöqtəsi olan Naxçıvan! Şəmsəddin Eldənizin dövlətinə paytaxt seçdiyi diyardır Naxçıvan! Yeraltı və yerüstü sərvətlərlə zəngin olan, dünyanın ən vacib nemətlərindən olan Duz dağına malik olan diyardır Naxçıvan! Müalicəvi suları, müalicəvi otları ilə dünyanın bir çox tanınmış təbiblərini özünə cəlb etməyi bacaran məkandır Naxçıvan!

Doğma diyarımızın tarixinə uzun bir nəzər salaq. Uzun bir nəzər deyirəm çünki Naxçıvan adının tarixi hələ eramızdan əvvəllərə gedir. Bu ada tarix səhifələrində ilk dəfə e. ə. 1500-cü illərdə rast gəlinir. Şəhər haqqında ən erkən məlumatlardan biri yunan coğrafiyaşünası Klavdi Ptolomeyə məxsusdur. Ptolomeyin "Coğrafiya" əsərində Naxçıvan şəhərinin adı ilk dəfə "Naksuana" şəklində qeyd olunmuş və şəhərin coğrafi mövqeyi göstərilmişdir.

Tarix elmləri doktoru, professor Cəfər Cəfərov isə öz araşdırmalarında şəhərin adının türk mənşəli olduğunu vurğulayaraq eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət "Akçiban" (qədim türklərin, ağ asların – oğuzların adı) olduğunu qeyd edir. Bu fakt bir daha sübut edir ki, Naxçıvan əzəli türk torpağı, azərbaycanlıların qədim yaşayış məskəni olub. Görünür ki, naxçıvanlılar ta qədimdən qonaqpərvər və rəhmli olublar. Onlara sığınan, bu torpaqdan mədət uman kimsəni geri göndərmədən arxa-dayaq durublar. Bəzi pis xislətli millətlər isə bundan yararlanaraq bu torpağı ələ keçirib öz “qədim, əzəli vətəni” elan etmək istəyiblər.

Uzun illərdir ki, Naxçıvanda həm yerli, həm də xaricdən gəlmiş arxeoloqlar araşdırmalar və qazıntılar aparır. Və onlardan demək olar ki, çox az bir arxeoloji qrup buradan əliboş qayıdıb. Çünki Naxçıvanın hər daşının altında bir tarix yatır. Arxeoloqlar bu şəhərin çox qədim bir mədəniyyət ocağı olduğunu sübut ediblər. Yeni axtarışlar isə yeni nəticələr əldə etmək, bəşəriyyətin tarixi ilə əlaqəli daha dəqiq məlumatlara yiyələnmək məqsədi daşıyır.

Yerli sakinlərin dediklərinə görə isə bu torpağın adı Nuhun məskəni mənasını daşıyır. Hələ keçmiş SSRİ dövründə belə milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan naxçıvanlılar Nuhun məzarının burada olduğunu, Naxçıvanın tarixinin bəşər tarixinə yaxın olduğunu qeyd edirdilər. İndi Nuhun türbəsi adlandırılan və müsəlmanların ziyarət yeri olan bu ziyarətgahı xalq öz imkanları daxilində qoruyub, bu qədim tarixi dildən – dilə gələcək nəsillərə ötürə bilib. Bütün bunlar onu deməyə əsas verir ki, əgər Nuhun gəmisi burada lövbər salıbsa deməli hətta “Ümumdünya daşqını”ndan qabaq da burada yaşayış məskənləri olmuşdur.

Saydığımız bütün bu xüsusiyyətlərlə yanaşı şəhər əlverişli coğrafi iqlim şəraitinə, strateji əhəmiyyətinə görə və Avropa ilə Şərqi birləşdirən ticarət yolları üzərində yerləşdiyindən  Naxçıvanı dünyanın seçilən şəhərləri siyahısına salsa da, məhz elə bu xüsusiyyətlərinə görə də uzun illər mənfur düşmənlərin hədəf nöqtəsi olmuş, başı çox bəlalar çəkmişdir. Sanki Yaradan da bütün bunların müqabilində bu zəngin torpağın insanlarını bir fərqli yaradıb. Doğma Azərbaycanımın hər  zonasının insanı fərqlidir. Lakin Naxçıvan və naxçıvanlılar bir başqa mərd, qeyrətli, vətənpərvərdirlər. Torpaqları uğrunda canlarından keçib, o torpağı qanları ilə sulayıb düşmənə sinə gərməyi mənəvi borc bilirlər özlərinə. Uşaqlar doğulandan qulaqlarının ilk eşitdiyi sözdür bəlkə də “Sən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağının övladısan. Sən Naxçıvanlısan!” Bax bu başqa bir fəxrdir, qürurdur! Qadını da kişiləri kimi qeyrətli olan naxçıvanlılar ən son məqamda düşmənə əsir düşməkdənsə öz canına qıymağa belə cəsarət edə biləcək mərdlikdədirlər. Lakin vətən üçün ölməkdən çox onun üçün yaşamağı daha üstün tuturlar.

Hələ XX əsrin əvvəllərində ermənilərin Azərbaycana kütləvi köçürülməsi aparıldığı dövrdə də naxçıvanlıların bu köçün qarşısını almaq üçün göstərdikləri  güclü müqavimət çox təqdirəlayiq haldır. Heç kimsənin köməyinə arxalanmadan, meydanda tək olduqlarını bildikləri halda böyük bir imperiyaya meydan oxumaq, topun, tüfəngin qarşısına öz güclərinin çatdığı sursatlarla çıxan naxçıvanlıların qəlbindəki vətən, torpaq sevgisi, namus, qeyrət hissi bütün qorxuların, təhlükələrin önündə gəlirdi.

Ermənistanın Naxçıvanı özünə ilhaq etmək istəyi əzəldən mövcud olan bir arzudur. Bu arzunu reallaşdırmaq istəyi bu mənfur millətin içində hər zaman qaynayır. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra qonşu dövlətlərdən olan Gürcüstan və Ermənistan da öz müstəqilliyini elan etmişdir. Ermənistanın xain xisləti o zamanlar daha aktivləşməyə başladı. Naxçıvanı Andronikin işğal planına qarşı həm silahla, həm də diplomatiya vasitəsilə gərgin mübarizə aparan naxçıvanlı ziyalılar qorudu. Əli Səbri Qasımov kimi bir ziyalımızın timsalında bir çox öncüllərimiz var idi ki, onların həm düşünən beyni, həm də döyüşən qol gücü var idi. Naxçıvan vilayətinin taleyinin Sürməli və Qars, Qərbi Zəngəzurun taleyi kimi olmaması üçün aparılan mübarizələr nəticəsiz qalmadı. Təbii ki, o mübarizələrdə bütün naxçıvanlılar fəal olublar, Abbasqulu bəyin "Qırmızı tabor"unun, Mirzəli bəy Bektaşinin, Behbud ağa Şaxtaxtinskinin, Araz Türk Cümhuriyyəti qurucularının, Cavid əfəndinin, onlarla digər tarixi şəxslərin əvəzsiz xidmətləri danılmazdır. Bu gün də bizlər bu tarixi şəxsiyyətlər haqqında minnət və qürurla danışırıq.

Arxiv sənədlərini, yazılmış gündəlikləri və memuarları, bəzi kitabları oxuduqca görürük ki, 1918-1920-ci illərdə Naxçıvan, Ordubad, Şərur və Vedibasar çox məharətlə qorunub. Düşmənlərlə gedən ciddi, qızğın döyüşlər heç də  kor-koranə aparılmayıb. Bütün həmlələr, atılan addımlar hamısı diqqətlə hazırlanıb. Bu faktı həmin illəri günbəgün qələmə alan Mirzə Bağır Əliyevin yazdıqları ilə təsdiqləyir. O yazır: “1918-ci ildən başlayaraq III Kalbalı xan 1920-ci ilin iyul ayının sonuna kimi Naxçıvanın müdafiə məsələlərinə rəhbərlik edib. Silah-sursatın azlığına baxmayaraq, o, naxçıvanlı gəncləri gecə-gündüz hərbi təlimlərə toplayıb və onlara silahla, topla sərrast atəş açmağı öyrədib. Arxiv sənədlərindən məlum olur ki, türkiyəli topçu Hüsnü bəy Naxçıvana gələnə kimi (o, gedəndən sonra da) Kalbalı xan özü gənclərə müəllimlik edib. III Kalbalı xan həm də özü aparılan döyüşlərə komandanlıq edib və həmişə döyüşən taborun özündə olub”. Kimdir Kalbalı xan? O Kəngərli tayfasından olan, şücaətli hərbçilər yetişdirən Naxçıvanskilər nəslinin nümayəndəsi idi. Erməni daşnaklarının Naxçıvana qəflətən hücumunu eşidən zaman Rusiya imperiyasının ordusundan ayrılıb Qafqazın qarlı aşırımlarını keçərək doğma Naxçıvanın müdafiəsinə Rusiya imperiyasının ordusundan ştabs-rotmistr rütbəsindən imtina edib gələn vətən oğludur Kalbalı xan.

Muxtariyyət ərəfəsində baş verən belə hadisələrdən çox yazmaq olar. Maraqlı və heyrətamiz hadisələrdən biri də hadisələrin tüğyan etdiyi Nehrəm kəndində baş verir. Andranikin ordusu ilə döyüşə girən nehrəmlilər qadınları, uşaqları və qocaları bir məscidə yığır. Kəndin əli silah tutanları isə döyüşə girişir və məscidin qarşısında qoyulan nəzarətçiyə tapşırılır ki, əgər məğlub olsaq bir sakinimiz belə əsir düşməyəcək. Onların işgəncəli ölüm taktikası bütün türk dünyasına bəllidir. Namusunu, qeyrətini hər daim uca tutan Azərbaycan qadını da bu məğrur ölümü seçir. Lakin məğlubiyyət yaşanmır. Zəfər çığırışları kəndi bürüyəndə, məscidin qapıları açılır. Hər bir hadisədən, olacaq fəlakətlərdən xəbərsiz körpələr də nəyə sevindiklərini bilmədən qaçır, tullanır. Daha sonra illər keçəcək həmin o uşaqlar müəyyən yaşa çatacaq və yaşadıqları hadisələrin fərqində olacaqlar. İçlərində xüsusi qürur və fəxrlə yanaşı bir də hirs, kin formalaşacaq. Günahsız bir millət nəyə görə bu qədər əzab çəkməlidir axı? Atalar məsəlində deyildiyi kimi,  heç kimsənin toyuğuna daş atmayan bir millət niyə bu qədər iztirablara məruz qalmalıdı axı? Buna da tarixin amansız sınaqlarından biri deyək.

Ermənilərin öz ərazilərini hansı yolla olursa olsun artırmaq istəyi (hansı ki, bu ərazilər Azərbaycanın dilbər guşələri olsa idi daha yaxşı olardı) və bu istəyi həyata keçirmək üçün özlərinə tarixən arxa - dayaq gördükləri rusların köməyindən istifadə etmək qərarı heç də səhv deyildi. Arxalı köpək qurd basar düşüncəsi ilə Rusiyaya arxalanaraq istədiyinə nail ola biləcəyini düşünən mənfurlar bu niyyət uğrunda çox Azərbaycanlının nahaq qanını axıtdılar. Bir məsələni yaddan çıxarırdılar. Onların arxalandığı “dostlarının” onlardan istifadə etmək kimi bir niyyəti var idi. Lakin türkün dostu elə yenə də türkdür, deyən müdriklərimiz yanılmamışdı. Həmin vaxt türk ordusunun torpaqlarımıza qədəm basmağı düşmənlərin bütün planlarını alt üst etdi. Xalqın güclü müqaviməti ilə üz-üzə qalan ermənilər planlarının pozulacağı şübhəsinə düşmüşdürlər. Türk ordusunun müdaxiləsi isə erməniləri yerində oturtmağı bacardı. I Dünya Müharibəsinin sonu Mudros sülh müqaviləsinin bağlanması türk ordusunun Naxçıvandan çıxmağına səbəb oldu. Hələ müharibənin sona çatmasına az qalmış bir dövrdə, Türk ordusunun Hərbi naziri Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: “Mövcud vəziyyətdəki səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin. ”

Uzaqgörənliyi ilə müharibənin sonunda ola biləcək hadisələri təxmin edən paşa kütləvi qırğınların qarşısını almaq üçün müxtəlif çarələr axtarırdı. Və buraya gələn o zabitlər bir daha geri dönmək şanslarının ola bilməyəcəyinin də fərqində idilər. Buna baxmayaraq qardaş harayına çatırlar.

1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın işğalçı dövlətlərin tərkibinə keçməsinin qarşısını almaq məqsədilə Araz-Türk Respublikası yaradıldı. Xalq içində nüfuz sahibi olan ziyalılardan Əmir bəy Əkbərzadə Araz-Türk Cumhuriyyəti Nazirlər Şurasının sədri seçildi. Mərkəzi Naxçıvan şəhəri olan Cumhuriyyətin yaradılmasındakı məqsədlərdən biri də Naxçıvanı tezliklə ayrı düşdüyü Azərbaycanla birləşdirmək idi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olundu. Araz-Türk Respublikasının ərazisi  Naxçıvan, Şərur, Mehri, Vedibasar, Qəmərli dairələrini əhatə edirdi. Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Müstəqilliyini elan etsə də dövlət kimi tanınmayan Cumhuriyyətin ömrü çox qısa olur. 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər.

Lakin həmin vaxt Naxçıvanı erməniləşdirmək siyasətinin qarşısında böyük maneə kimi durur Araz-Türk Respublikası. Bu mənfur planı alt-üst edəcək yeni, daha dayanıqlı və əbədi bir çıxış yolu lazım idi. Məhz bu məsələlər Naxçıvanın muxtariyyət statusu məsələsini gündəliyə gətirdi. Çünki Naxçıvan artıq getdikcə Azərbaycandan ayrı düşürdü. Naxçıvan üstündə hakimiyyət davası heç də boşuna deyildi. Coğrafi-siyasi və strateji əhəmiyyəti baxımından çox vacib bir ərazi sayılırdı Naxçıvan. Qədim İpək Yolunun məhz bu ərazidən keçməyi hər hansı dövlət üçün əvəzolunmaz idi. Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaklarının hərbi basqınlarına qarşı mərdliklə mübarizələrini davam etdirirdilər. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun azad edilməsini və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik!

1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdikləri şücaəti belə xarakterizə etmişdir: "İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar".

Naxçıvanlılar bir məqsəd, bir amal uğrunda, bütöv Azərbaycanı qorumaq naminə güclü mübarizə aparırdılar. Lakin qəbul etmək lazımdı ki, Rusiyanın, İranın hətta İngiltərənin güclü qoşunu qarşısında daha uzun müddət dayanmaq mümkün deyildi. Bu səbəbdən də Azərbaycanın tərkibində muxtariyyət məsələsi ən doğru çıxış yolu idi.

Təbii ki, Rusiya bu məsələyə isti yanaşmırdı. Axı bu ərazinin Ermənistan tərkibinə qatılmağı ən çox bu dövlətin mənafelərinə xidmət edəcəkdi. Yeni qurulan imperiya bolşevik höküməti idi və ətrafına Azərbaycanda da çox insanları toplaya bilmişdi. Bir çox kommunistlər onların yalan, riya dolu fikirlərini başa düşmədən necə deyərlər kor-koranə deyilənlərə əməl edirdi. Hökumət Azərbaycanlı kommunistlərin əli ilə Naxçıvanı yeni qurulmuş Ermənistan Sovet Respublikasına “hədiyyə” etmək barəsində qərar qəbul etmişdi. Türkiyənin razılığı bu məsələdə mühüm əhəmiyyət kəsb edirdi. Türkiyə isə bu məsələyə qəti və sərt şəkildə rədd cavabı verir. Bu zaman Azərbaycan İnqilab Komitəsinin üzvü hətta rəsmi icazə almadan Naxçıvana gəlir və əhaliyə vəziyyətin nə yerdə olduğunu izah edir. Güclü etiraz dalğası ilə üzləşən bolşevik hökuməti xalqın referendum keçirmək istəyi ilə razılaşır. Referendumun keçirilməsində Behbud ağa Şahtaxtinskinin rolu əvəzolunmazdır. 1920-ci ilin yanvar ayında keçirilən referendumda əhalinin demək olar ki, hamısının qəti qərarı Naxçıvan ərazisinin Azərbaycanın tərkibində qalması oldu. Səs çoxluğu ilə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyətinin qəbul olunması Azərbaycanın dövlətçiliyi üçün də mühüm tarixi hadisə idi. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B. Şahtaxtinskinin  böyük əməyi və tarixi xidmətləri olmuşdur. B. Şahtaxtinski hətta Leninə məktub, teleqram və arayışlar göndərərək Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Buradan belə nəticə çıxarmaq olur ki,  referendumun nəticəsi, B.Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin ədalətli yanaşması həmrəy olaraq Naxçıvan üzərində Azərbaycanın suverenliyini təmin etdi və Naxçıvan Azərbaycanın tərkibində qaldı.

Azərbaycanın bütün ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ilin iyun ayında bolşeviklər Naxçıvanı da işğal edir və burada Naxçıvan Sovet Sosialist Respublikası yaradır. Respublika statusu yenə də Naxçıvanı Azərbaycanın tərkibidən ayıra bilmək üçün atılan hiyləgər bir addım idi. Lakin Azərbaycanın həmin dövrkü rəhbərliyi və Türkiyə Cümhuriyyətinin birgə səyləri ilə Naxçıvanın Ermənistanın ərazisinə daxil edilməsinin qarşısı alınır. 1921-ci ilin Moskva və Qars müqavilələri ilə böyük fəlakətlərin qarşısını alınır. Andranikin dəstələrini Naxçıvanda məğlubiyyətə uğradan sakinlərdən qisası daha da amansız almaq niyyəti ilə güclənərək yenidən fəaliyyətə keçmək arzusunda olan daşnakların bu istəyi də suya düşür. Hər iki müqavilə nəticəsində Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olunur. Bu müqavilələr beynəlxalq statuslu idi. Məhz buna görə də  Azərbaycanın ərazi bütövlüyünü təmin edən hüquqi sənədlər kimi mühüm əhəmiyyətə malikdirlər. Bütün bu hadisələrin fonunda görkəmli dövlət xadimləri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin böyük mübarizələri tarixi həqiqətdir. Çünki bu müqavilələrin meydana çıxmasında hər iki şəxsiyyətin səyi danılmazdır. Bu müqavilələr eyni zamanda Türkiyə Cümhuriyyətinin Azərbaycana bəslədiyi qardaşlıq münasibətlərinin də real nümunəsidir. Moskva müqaviləsinin imzalanma tarixinə və səbəbinə qısa bir nəzər salaq.

1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul etdi. Elə həmin gün Moskva o sənədi imzaladı. Məqsəd Naxçıvanın Azərbaycandan ayrılmasının qarşısını almaq və erməni mənfurlarının bu torpaq üstündə heç vaxt iddialarının olmamasına nail olmaq idi. Müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapırdı: “Naxçıvan vilayəti bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.

1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan SSR ilə Türkiyə arasında Rusiya nümayəndəsinin iştirakı ilə imzalanan Qars müqaviləsi isə Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir - bunlar Türkiyə, Azərbaycan, Ermənistan hökumətləri idi.

Bütün bunlardan sonra Naxçivan Muxtar Sovet Sosialist Respublikasının yaradılması 9 fevral 1924-cü ildə sovet rejimi çərçivəsində baş tutsa da, ölkənin ərazi bütövlüyünün təmin edilməsi baxımından Azərbaycan dövlətinin mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan tarixi hadisədir.

Tarix salnaməsində Azərbaycan üçün əhəmiyyətli şəxs olan Ulu Öndər Heydər Əliyevin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, Naxçıvan ərazi baxımından Azərbaycandan ayrı düşdüyünə və ermənilərin oranı ələ keçirə bilməməsi üçün ona muxtariyyət statusu verilmişdir. Məkrli düşmənlərimiz  hələ bu gün də həmin müqavilələrin ləğvinə çalışırlar. Müxtəlif aksiyalar, təxribatlar keçirir, özlərinə həmfikir tərəfdaşlar toplamağa çalışırlar. Muxtariyyətin ləğvi isə beynəlxalq Moskva və Qars müqavilələrinin ləğvi deməkdir. Bunu isə birtərəfli qaydada müqaviləni imzalayan heç bir dövlət ləğv edə bilməz. Ermənilərin ərazi iddialarının Naxçıvan Muxtar Respublikasına əvvəlki kimi qalması muxtar respublikaya verilən statusun vacibliyini bu gün bir daha sübut edir və bir daha sübut edir ki, muxtariyyət statusuna bu gün də ehtiyac var.

Ulu Öndər Heydər Əliyevin həm Naxçıvanda yaşayıb işlədiyi illər (1990-1993), həm də Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində və  onun erməni hücumlarından qorunmasında mühüm mərhələ təşkil edir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırıldı.

1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqaviləsini imzalayan dövlətlərə bəyanat verərək bu hadisəyə münasibət bildirməyə çağırdı. Çünki Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni təcavüzü başlamışdı, diyarın ərazi bütövlüyü pozulurdu. 1992-ci ilin may ayında Naxçıvana erməni təcavüzü artmışdı. Həmin dövrdə isə hadisələrin siyasi-diplomatik yollarla müdafiəsi daha məqsədyönlü idi. Ulu Öndər Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə danışıqlar aparırdı. Bu danışıqlar nəticəsiz qalmadı. Tez bir zamanda Türkiyənin Nazirlər Kabineti Naxçıvana təcavüzlə bağlı bəyanatla çıxış etdi. Heydər Əliyevin apardığı diplomatik mübarizənin ən böyük uğuru dünyanın 57 ölkəsinin Naxçıvana erməni təcavüzünü rəsmi şəkildə pisləməsi ilə nəticələndi.

1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, dahi sərkərdə Heydər Əliyevin  müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Ulu Öndərimiz ölkə Prezidenti kimi fəaliyyətini icra etdiyi dövrlərdə tarixi günlərlə bağlı bir çox fərmanlar imzaladı. Bunlardan biri də “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzalanan 1999-cu il 4 fevral tarixli Fərman idi. Bu fərmanda deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-nin tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

Həmçinin Ümummilli Lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin 2004-cü ilin fevralın 9-da, 2009-cu il fevralın 6-da, 2014-cü il yanvarın 14-də  imzaladığı Sərəncamlarla muxtar respublikanın 80, 85 və 90 illik yubileyləri ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.

Nəhayət ki, bir əsrlik yaşı olan muxtariyyətimizin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə imzaladığı Sərəncamda bildirilir ki, 2024-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Bu münasibətlə Muxtar Respublikasında bu Şanlı Gün xüsusi qeyd edilir.

100 yaşın mübarək olsun Doğma Diyarım! Əsrlərin çətinlik sınağından üzüağ, alnıaçıq çıxaraq, məğrur və əzəmətli duruşunla düşmənlərə meydan oxuyan qamətin əyilməsin! Torpağın düşmən tapdağına məruz qalmadan, igid oğul və qızlarına toy bayram yeri olsun! Qədim Oğuz elinin adət-ənənələri sənin köksündə qorunub, gələcəyə ərməğan olaraq miras qalsın! Haçadağın, Əshabi-Kəhfin və bir çox tarixi abidələrin əsrlərin bağrını yararaq bu günə, bu gündən sabaha yol açsın! Bu torpağın suyunu içib, üstündə gəzən və bundan ilhamlanaraq ixtiralar edən, elmə yeniliklər gətirən ziyalıların çox olsun!

Kəmalə Tağıyeva

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər

Məhkəməsinin əməkdaşı 

Nəşr edilib : 09.04.2024 11:03