AZ EN RU

Naxçıvandan üç kikboksçu ölkə birinciliyinin mükafatçısı olub

Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında XXVII Azərbaycan birinciliyi keçirilib. Ölkənin müxtəlif bölgələri və paytaxt Bakıdan 70 komandanın 500-dən çox idmançısı medallar uğrunda mübarizə aparıb.

Yarışa Naxçıvan Kikboksinq Federasiyasının baş məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə muxtar respublikadan 14 idmançı qatılıb. Təmsilçilərimizdən 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmağa nail olub.

Son vaxtlar uğurlu nəticələri ilə diqqət çəkən İnci Allahverdiyeva ölkə birinciliyini də nailiyyətlə tamamlayıb. İdmançımız 2008-2009-cu il təvəllüdlü qızlar arasında 60 kiloqram çəki dərəcəsi üzrə birinci olub. Eyni yaş kateqoriyasında finaladək ağır döyüşlərdən qalib ayrılan Uğur Əliyev (63,5 kiloqram) həlledici görüşdə istəyinə çata bilmədiyindən ikinciliklə kifayətlənib. Gənclər arasında çıxış edən Zeynalabdin Musayev (90 kiloqram) isə üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, adıçəkilənlər və digərləri üçün ölkə birinciliyində iştirak bu baxımdan ilk təcrübədir.    

 Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.12.2023 14:49