AZ EN RU

Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşüb

Dünən Naxçıvan sahibkarlarına məxsus Türkiyəyə yardım aparan ilk TIR yola düşüb.

Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Bakı KOB evi"ndə keçirilən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının təqdimatı mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan sahibkarları tərəfindən yardımlara dünəndən start verilib: "Bu gün də yardımlar davam edəcək. Bizim işçi qrupumuz bu proseslərin davam etməsinə nəzarət edəcək. Hamımız qardaşlarımızın yanındayıq, Allah ölənlərə rəhmət eləsin".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Nəşr edilib : 08.02.2023 12:41